Buna bir ad ver » ADA Universiteti və “Coca-Cola” Novruz bayramını ağac əkərək qeyd etdilər
Tarix : 2017-03-15 14:45:34 | Baxılıb : 343
Font Ölçüsü:   |  

ADA Universiteti və “Coca-Cola” şirkəti Novruz bayramının İlaxır çərşənbə axşamının qeyd edilməsi ənənəsinə sadiq qalaraq Bakıda V Bahar Gənclik Festivalını keçiriblər.

Festival çərçivəsində ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin yerli və xarici tələbələri, “Coca-Cola” şirkətinin nümayəndələri, həmçinin paytaxt sakinləri “Dədə Qorqud” parkında 20-dən çox çinar ağacı əkərək ağacəkmə mövsümünə start vermişlər. Sözügedən ağacəkmə aksiyası ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, “Coca-Cola” şirkəti və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Ağac əkək, təbiətə töhfə verək” adlı layihəsinin bir hissəsidir.

2014-cü ilin fevral ayında başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Bu günədək layihə çərçivəsində Ələt, Siyəzən və Şıxovda 30 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq Şıxovda daha 10 min ağacın əkilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. “Coca-Cola” və ADA Universitetinin ağacəkmə layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib: “Artıq ənənəyə çevrilmiş bu tədbir ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığının ölkəmizi gözəlləşdirəcək daha bir “yaşıl nəticə”sidir. Əməkdaşlığımızın başladığı tarixdən etibarən Ələt ve Siyəzən yaxınlığında 18 hektar ərazidə 15 min zeytun agacı, Şıxovda yerləşən velopark ərazisində isə 15 min şam ağacı əkilib. Bu il sözügedən velopark ərazisində daha 10 min şam və zeytun agacı əkməyi planlaşdırırıq. Ağacəkmə aksiyasında iştirak edən hər bir kəsi ilaxır çərşənbə axşamı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm”.

Öz növbəsində “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov şirkətin Azərbaycanda ətraf mühitin inkişafına olan töhfəsini qeyd edib: “Coca-Cola olaraq işlədiyimiz hər bir ölkənin inkişafı üçün irimiqyaslı proqramlara dəstək oluruq. ADA Universiteti ilə həyata keçirdiyimiz “Ağac əkək, təbiətə töhfə verək” layihəsinin Azərbaycanda ekologiyanın inkişafı, ərazilərin yaşıılaşdırılması üçün böyük bir töfhədir. Hər il Novruz Bayramı ərəfəsində ağacəkmə kampaniyası başlayıriq. Artıq 30 mindən çox ağac əkmişik və bu da bizə xüsusi qürur hissi verir. Novruz – baharın gəlişi və təbiətin oyanışı deməkdir. Fürsətdən yararlanaraq bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bayram sevinci və xoş günlər arzulayırıq”.

“Dədə Qorqud” parkında keçirilən ağacəkmə aksiyasından sonra V Bahar Gənclik Festivalına start verilib. Festival sərgi, konsert, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib, ADA Universitetinin Tədris mərkəzinə əsl bayram ab-havası gətirib. ADA Universitetində qurulan "Coca-Cola" səhnəsində ADA Universitetinin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, həmçinin Azərbaycanın estrada müğənniləri qonaqları mahnıları ilə sevindirib.

Qeyd edək ki, hazırda su ehtiyatlarının ağac əkərək qorunması və artırılması dünyada bu məqsədlə həyata keçirilən ən səmərəli və populyar mexanizmlərdəndir. Ağaclar suyun düzgün istismar edilməsində mühüm rol oynayır. Belə ki, ağaclar planetdə yağıntının miqdarını və yağış sularının çay, dəniz və okeana axınını artırır, su axınlarını tənzimləyir, eroziya və daşqınları azaldır, su təchizatını sterilləşdirir və ümumilikdə suyun keyfiyyətini artırır. Həmçinin, ağaclar öz kölgələrini daha qısa kol və çəmənliklərin üzərinə salmaqla bu bitkilərin suya olan tələbatını azaldırlar. Su ehtiyatlarını qorumaq və bərpa etməklə yanaşı, ağaclar havanın çirklənməsinin qarşısını alır, kimyəvi dövriyyəyə, eləcə də, planetdə suyun uzun müddət torpaqda saxlanılmasına yardımçı olur və eko-sistem daxilində enerji axınını təmin edir.

Bu bölməyə aid digər xəbərlər.