VirDuel » Avtostop layihəsinin müəllifi DJ Tural Yusifovla müsahibə
Tarix : 2014-02-19 13:12:00 | Baxılıb : 10467
Font Ölçüsü:   |  

Azərbaycanın tv və radio məkanında avtomobillə bağlı proyektlər arasında artıq öz sözünü demiş bir layihə müəllifi kimi Avtostop-un həyat yolunu qısa təsvir etmənizi xahiş edirik.

 

AVTOSTOP birdən yaranan layihə deyil. İllər öncə ANS ÇM-də işlədiyim zaman SVETOFOR adlı layihə var idi. Mən o layihədə əvvəl prodüser daha sonra aparıcı kimi çalışırdım. Həftədə bir dəfə DYP-dən Kamran Əliyev gəlib suallara cavab verirdi. Mən ümumiyyətlə bu işlə məşğul olmurdum, adi sıradan bir aparıcı idim. Daha sonra Kamran Əliyevin işlərinin çoxluğundan daha verilişimizə gəlmədi. Suallar isə gəlməkdə davam edirdi. Və mən qərara gəldim ki, suallara özüm cavab verim. Çünki radio məkanda bele bir aparıcı yox idi. Dizimi qatladım və başladım oxuyub suallara cavab verməyə.  O vaxtdan etibarən adi sıradan bir aparıcı statusundan qurtulmaq üçün çalışmağa başladım.

 

ANS ÇM-dən ayrılandan sonra bu cür layihəyə ehtiyyac olduğunu bilib AUTO Azərbaycandakı (Rüstəm Məmmədov) və SS Prodakşndakı (Könül Kərimova) dostlarımızın dəstəyi , MEDİA FM-dəki dostlarımın (Tural Əliyev) köməyi ilə AVTOSTOP layihəsini yaratdıq. İlk 3 gün ağır keçdi. Yeni dalğa, yeni veriliş. Daha sonra AVTOSTOP tam gücü ilə işə düşdü. Yəni motor qızdı. Artıq 2010 avqustun 9-dan bu yana AVTOSTOP radio efirdədir. Onu da qeyd edim ki, mən ANS ÇM-dən getdikdən sonra SVETOFOR verilişini bir neçə aparıcı aparsa da bu layihə daha sonra bağlandı. Azad Azərbaycandan mənə sərfəli təklif gəldikdən sonra ora transfer oldum. Azru xanım (Azad Azərbaycan Tele-radio kompaniyasının radio üzrə vitse-prezindeti) mənə radioda yaradıcılıq üçün ideal şərait yaratdı. Və mən MEDİA Fm-dən dost kimi ayrılandan sonra bizim ikinci nəfəsimiz açıldı.

 

Şəxs olaraq bütün fikirlərə və tənqidlərə açıq bir insan görüntüsü verirsiniz. Bizim marketinq ağırlıqlı sual və tənqidlərimizə hazırsınız?

 

Əlbətdə hazıram. Hər bir tənqidin kökündə nəticə durur. Mən sizin verdiyiniz suallardan özüm üçün dərs çıxardacam.

 

Müxtəlif radio və tv kanallarda çalışmısınız və indi də çalışmaqdasınız. Öncə də dediyimiz kimi suallarımız marketerləri, reklam ictimaiyyətini maraqlandıran səpkidə olacaqdır. Ona görə də belə sual vermək istərdik. Təcrübəli bir aparıcı, layihə müəllifi kimi fəaliyyət göstərdiyiniz radio kanalların hansı müsbət və mənfi cəhətlərini qeyd edə bilərsiniz. Səmimi olacağınıza əminik.

 

Tam səmimi deyirəm ..... Mən daha çox özümü radio aparıcı sayıram. Və ilk olaraq radiodan başlamaq istərdim. Efir qaydaları, radio aparıcı üsulu və fərqlənməyi ANS ÇM-dən öyrənmişəm. Hətta radioda reklam qaydaları və formasını ilk dəfə ANS tədbiq etməyə başlayıb. İşlədyim şirkətlərin hər birində reklamı ayrıca formalaşdırılımış reklam departamenti və ya şirkəti görür. Və bu departamentdə və ya şirkətdə işləyən satış meneceri ancaq satmağı düşünür. Bəlkə də onun məvacibi məhz onun satışından asıldır. Onlar satışı düşündüklərinə görə yaradıcılıq arxa plana keçir. Çünki bu satış menecerlərinin heç biri layihə müəllifləri və aparıcıları ilə kontaka gimir və həmin ən yaxşı verilişlərin vaxtında reklam spotları 10 dəqiqəyə yaxın olur. Mənfi xüsusiyyət budur. Reklam menecerləri yaradıcılıqdan uzaqdırlar. Və ancaq satmağı düşünürlər.. İşlədiyim Azad Azərbaycan 106.3 Fm-in rəhbərliyi reklam spotları ilə verilişin məhv edilməsinin qarşısını almağa çalışır.  Bəlkədə kimsə deyər ki, reytinq varsa satış olmaldır. Lakin bu satış reytinqli verilişi öldürəcəksə, korkoranə satışı dayandırmaq lazımdır.

 

Televiziyada isə iş başqa cürdür. Siz bir layihə gətirəndə özünüzlə gərək bir sponsor gətirəsiniz. Televizyadan həmin vaxtı satın alasınız. Bu televiziyanın inkişafını dayandırır. Əslində televiziya yaxşı layihələri satın almalı və bu cür inkişaf etməlidir. Layihə gətirən şəxsin əlinə baxmalı deyil. Məsələn mən Avtostop-un televiziya layihəsində bu problemlə qarşılaşıram. Mən vaxtı satın alıram. Daha sonra arzulayıram ki, sponsorum çox olsun ki, mən efirin pulunu verə bilim. Bu ədalətsizlikdir. Mən o zaman yaradıcılıqla məşğul ola bilmirəm. Yalnız axtarışda oluram ki, birdən efirin pulunu verə bilmərəm yayımda problem olar. Ona görə biz AVTOSTOP –un ozünün kanalını yaratmaq fikrinə gəldik. Məncə televizya yaxşı layihəyə görə pul almalı deyil, pul ödəməlidir. Və özü isə həımin verilişdə reklam spotlarını yerləşdirib qazanmalıdır.

 

Siz öz layihələrinizin satışı (sponsorluq işləri) ilə özünüz məşğul olursunuz ya necə? Ümumiyyətlə necə düşünürsünüz, layihə müəllifi öz layihəsini özü satmalıdır, yoxsa satış komandasına işi həvalə etməlidir?

 

Layihənin müstəsna hüquqları mənə və minim rəhbəri olduğum şirkətə məxsudur. Ona görə satış bir başa mənim şirkətim vasitəsi ilə həyata keçirilir. İlk  başlayanda şəxsən özüm satırdım. Məsələn ANS-dən çıxanda ilk yanına getdiyim adam Rüstəm Məmmədov oldu (Auto Azərbaycan). İş böyüdükcə mənim buna zamanım qalmadı və artıq mənimlə reklam agentləri çalışmağa başladı. Düşünürəm ki, ən doğru olanı budur. Satışı agentlər həyata keçirməlidirlər. O zaman yardıcılığa daha çox zaman qalır.

 

İstər tv, istər radio kanallarda çalışanlarda belə bir fikir var ki, maarifpərvər verilişlərə sponsor tapmaq şou və bi tip digər verilişlərə baxanda çox çətindir. Ona görə də belə verilişlər ya kanal tərəfindən və ya hansısa müəllif tərəfindən maraqla qarşılanmır, hətta yaradılsa belə unuzmüddətli olmur. Sizin verilişlərinizin ana bazası da dinləyicilərin, sürücülərin maarifləndirilməsi üzərində qurulub. Bu fikir haqqında nə deyə bilərsiniz?

 

İstənilən məhsulu satmaq olar. Lakin gərək məhsul yaxşı hazırlansın və həmin məhsula tələbat olsun. İlk olaraq yaxşı veriliş etmək lazımdır. Daha sonra şikayət olunmalıdır.  Burada həmçinin yamyımçının da üzərinə iş düşür. Siz yaxşı veriliş edə bilərsiniz lakin yayımçı ona çox əlverişsiz bir vaxt  verirsə, sizin işiniz effektiv olmur. Əlavə olaraq bəzən yayımçılar belə bu verilişin uğur qazanacağına inanmır və işi daha asan başa gələcək bir layihənin üzərinə yönəldirlər. Bir verilişə müğənni çağırıb onunla danışıb, mahnı oxutmaq ən asan işdir. Və ya hanısa məşhuru çağırıb ona ağlamalı suallar vernmək dünyanın ən asan işidir.  Etdiyin bir verilişin faydası olmaldır. Amma maarifləndirici bir verilişi edib satmaq olar. Lakin bunun üçün vaxt və gərgin əmək lazımdır. Mənim bəxtim onda gətirdi ki, Kamran Əliyev gəlməkdən imtina etdi və mənə şans düşdü. Bəlkə başqası olsaydı bu şansı dəyərləndirməyəcək, yenə adi qaydada mövzu qoyub veriliş hazırlayacaqdı. Mən isə qərar verdim oxuyum özüm cavab verim. Bu isə bir yenilik idi. İndiyənə qədər də bazarda yeganə olaraq qalır. Və ya başqa bir misal analar.az saytı ilə bağlı deyim. Bu bizim yeni layihəmizdir. Yarıdıcısı mənim həyat yoldaşım Səma Abiyevadır. Biz bu layihəni video layihə kimi başlayırdıq. Və iki yerli telekanala təklif etdik. Kanallar razılaşmadılar. Analar və qadınlar üçün maarifləndirici verilişi istəmədilər. Biz analar.az saytını hazırladıq. Artıq Səma xanıma yerli kosmetika şirkətlərindən və uşaq qida sektorundan təkliflər gəlir. Bu onun göstərcisidir ki, yayımçı da sənin gördüyünü görməlidir. Artqı biz Analar.az saytı ilə ikinci dəfə sübut edirik ki, maarifləndirici verilişlə uğur qazanmaq olar.

 

Verilişləriniz boyu yüzlərlə dinləyici ilə ünsiyyətdə olmusunuz. Sizcə Azərbaycan dinləyicisinin, marketinq dilində desək, Sizin müştərilərinizin problemi nədir?

 

Müştərimin problemi oxumaması. Avtostop.tv saytı yaratmışıq. Hər gün bir mövzuda şəxsi təcrübəmi və məsləhətlərimi paylaşıram. Lakin yenədə həmin mövzuda sual verilir. Çünki sual verən cavabı şəxsən almaq və şəxsən eşitmək istəyir. Oxuduğuna inanmır demirəm . Oxumaq ona ağır  bir proses gəlir. Və hesab edir ki, oxusa başa düşməyəcək. Ən asandına gedir mənə sual vermək.

 

Bir aparıcı kimi öz üzərinizdə necə işləyirsiniz? Marketinq, reklam istənilən layihənin uğurlu olmasında mühüm rol oynayır. Marketinqlə dostluq edirsiniz?

 

Marketinq mənim dostumdur. Və evimdə , İpad-də çoxlu sayda biznes kitablar var. Mən layihəmə bir biznes kimi baxıram. Çünki müstəqiləm və heç bir kanalda ştat işçisi deyiləm. Şatat işçisinin bir asılılığı var. İşinizi göörsəniz də maaş alırsınız , görməsəniz də. Verilişdə reklam olsa da maaş var, olmasa da. Bizdə isə tam fərqlidir. İşləməsək pul yoxdur. Buna görə oxumaq və inkişaf etmək lazımdır. Artıq AVTOSTOP-a aid olan üç layihəni etmişik. Yerdə qalır jurnal və İnternet Televizya kanalı. Biz artıq Smart Tv-lər üçün app üzərində işləyirik. Çünki televizya kanalından asılılıqdan qurtulmaq istəyirik. Xəzər TV bizə ideal şərait yaradıb. Lakin öz kanalımızın olması ondan daha idealdır.

 

Söz reklamdan düşmüşkən Sizcə radio verilişlərdə sponsorların təqdimatları sponsorlar istədiyi kimi formalaşır, ya aparıcının görmək istədiyi kimi?

 

İlk olaraq deyim ki, mən aparıcı tərəfindən şifahi məlumatların siz dediyiniz təqdimatların tərəfdarı deyiləm. Bu yalnız bizdə belədir. Heç bir ölkdə aparıcı sponsoru haqqında efirdə şifahi danışmır. Lakin əvvəldə qeyd etdiyim kimi bizdə bazar  başqa cür formalaşıb.  Müştəri reklam spotundan çox sənin danışığına fikir verir. Mətni müştəri verir onun təqdimatı isə mən istədyim kimi olur.  Hər bir təqdimat ayrıca bir kiçik hekayə və çox zaman mənimlə bağlı olur. Mən verilişimin sponsoru olan müştərimin həm də müştərisiyəm. Sığortadırsa avtomobilimi o sığortada sığortalıyıram. Avtomobilim həmin markadan olur. Kartım həmin bankdan olur. Telefonum həmin şirkətdən və s. O zaman danışanda daha ürəkdən danışmış oluram.  Həmçinin bir şeyi qeyd edim.  Mən reklamçıma hər zaman müştəri ilə bağlı tövsiyyə edirəm.  Tutaq ki, mən kimisə qollu-budaqlı tərifləyirəm, müştəri gedir bu şirkətə eyni şeyi görmədikdə daha ora qayıtmır. Və burada mənim də reputasiyam korlanır. Ona görə öncədən reklamçıma tərifimə uyğun olmağı tövsiyyə edirəm.  Bütün bunlar AVTOSTOP-la bağlıdır. Digərləri necə hərəkət edir deyə bilmərəm )))

 

Avtostop.tv onlayn tv kimi fəaliyyət göstərir. Özünüzün də müəllif yazılarınız saytda tez-tez yayımlanır. Həm də bir video bloger kimi onlayn tv-lərə get-gedə marağın artdığını söyləmək olarmı?

 

Online Tv-nin üstünülüyü istədyiniz vaxt istədyiniz yerdə olmasıdır. `Məhz buna görə bizim YouTube kanalımız aktiv surətdə işləyir. Lakin biz daha irəli getmək tam Online Tv kanalına çevrilmək üçün çalışırıq. Smart tv-də olmaq , İp tv kimi fəaliyyət göstərmək istəyirik. Çünki bizim  layihələrimiz sadəcə AVTOSTOP-la kifayətlənmir. Başqa layihələrimiz var. Kiçik bir anons edim avtomobil dünyası və test-drive-larla bağlı olan AVTOBAZ layihısini məşhur aparıcı Pərviz Əbubəkirovla hazırlayırıq. Bu formatı bizdə heç kim etmıyib. Biz sadəcə avtomobilin ön bamperindən danışmayacayıq. AVTOSERVİS layihəmiz də avtomobilə qulluqla bağlı olacaq.   İlk olaraq düşündük ki, biz yerli Tv kanallarımızda yayımlanaq. Lakin qazanacaqlarımızı elə Tv-lərə paylayana kimi öz kanalmızda yayımlanması daha yaxşıdır.

 

Sosial mediadan çox aktiv istifadə edirsiniz. Elə bu yaxınlarda facebookda saytlarda reklam bannerlərinin çoxluğu barədə tənqidi fikrinizi yazmışdınız. Sizin verilişdə də sponsor sayı az deyil və sponsor təqdimatları az yer tutmur. Sizcə radioda sponsorun geniş təqdimatı dinləyicini sıxmır?

 

Bəlkədə sıxır. Lakin biz bu təqdimatları şablondan kənar etdiyimizə görə sıxıntı çox olmur. Həmçinin adam ona lazım olan informasiyanı almaq çünü səbrlə bu reklamın bitməsini gözləyir. Saytlarda isə problem ayrıdır. Bir saytın fonu təmamən reklamla örtülür. Yuxarısı, aşağısı, açılan bannerlər məni oxucu kimi sıxır. Çünki oxumaq istədiyim məhsul hardasa bir yerdə gizlənib. Radioda isə bəlli bir vaxt var. Verilişin 15-ci dəqiqəsi və 45-ci dəqiqəsi. Qalan vaxtlar dinləyicinindir. Heç bir reklam banneri saytdan üstün ola bilməz. Ona görə məhz avtostop.tv saytında həmçnin bizə məxsusu olan analar.az saytında saytdan yuxarıda yerləşdirilən istənilən reklama yox deyirik.

 

Yəqin ki, radioda reklam fasiləsi zamanı hərdən gedən reklamları dinləyirsiniz. Adi bir dinləyici kimi dəyərləndirsəniz, bizim radio reklamlarımızın keyfiyyəti və maraqlı olub-olmaması haqqında nə deyə bilərsiniz?

 

Bəzən mənə elə gəlir ki, bizdə reklam mətnlərini yazanların dil bilgisi olmur. Bəlkə bir çoxları rus dillidir ona görə . Azərbaycan dilli reklam spotlarında çox az sayda reklama rast gələrək ki, həm dil üslübuna diqqət yetirilsin, həm daha cəlbedici mətni olsun. Əslində spot hazırlanması çətin işdir. Çünki bu radiodur və radioda təsvvür gücünü gücləndirmək üçün maraqlı gedişlər etmək lazımdır. Misal olaraq Acsses Bankın Dj.Fatehlə hazırladığı, Express Bankın musiqili reklamı, Bank of Bakunun Bol Kartla bağlı musiqili reklamı, Buta Sığortanın spotunu deyə bilərəm. Çox zaman reklamçılar adi mahnının üzərinə 30 saniyəlik mətnin deyilməsini istəyirlər. Çünki bu cür reklamın hazırlanması daha ucuz başa gəlir. Ucuza qaçmaqla pulda qənaət edir, lakin müştəridə uduzur. Sonra da deyir ki, filan verilişdə reklam  verdim effekt görmədim. İşin başında səhv edir canağı bizim başımızda sındırır.

 

Verilişlərdə “hardan desəniz oradan cavab verəcəyik” deyirsiniz. Aparıcının layihəsi üzrə tam bilgili olmasının verilişin uğurunda payı nə qədərdir?

 

Aparıcı mövzudan tam xəbərdar olmaldır. Məsələn siz Avto Fm-də aparıcısınızsa sizin avtomobildən, nəqliyyatdan başınız çıxmalıdır. Vikipedia səviyyəsində deyil, tam bilməlisiniz. Bilməsəniz sizə qeyri-ciddi yanaşacaqlar və siz adi, sıradan bir aparıcı olacaqsınız. Hava proqnozu və mahnı təqdimatı sizin alın yazınız olacaq. Misal çəkirəm, 106.3 Fm-də yayımlanan ÇOX YAŞA verilişini. Sevda Güləhmədova mövzunu o qədər dərindən öyrənir ki, onun da bu sahədə rəqibi yoxdur.  Avto sektorda AVTOSTOP, sağlamlıq sektorunda ÇOX YAŞA liderdir.

 

Yerli kanallarımızı izləyirsiniz? Bəyəndiyiniz hansı verilişlər var?

 

Televiziyanı real time izləmirəm. Verilişləri yazıda izləyə bilərəm. Televiziyalarımız radiolarımıza yaradıcılıq baxımından uduzurlar. Bu artıq bir faktdır. Radionu isə real time izləyirəm. Səhərlərin şəksiz lideri  MANPASI-dır, Dr.Ziya ilə MEQAPOLİS rəqabət yaradır. Qalanları isə hələki geri qalırlar. Televizyada isə maraqla izlədyim bir layihə yoxdur. 

 

Belə bir fikir var ki, bizim dinləyicilər yerli kanalları izləmir və ya çox az izləyir, avtomobildə isə radio kanallardan daha çox şəxsi musiqi arxivlərindən istifadə edirlər. Nə dərəcədə düzgün fikirdir, Sicə?

 

Bu düzgün deyil. Radio gözlənilməzdir. Sən bir mahnıdan sonra hansı mahnının gedəcəyini bilmirsən. USB –də isə bilirsən və dərhal next düyməsini sıxırsan. Camaat radionu dinləyir. Sadəcə müəyyən vaxtda və müəyyən verilişləri. Qalan vaxtlar isə radio yalnız fon kimi işləyir. Şəxsi arxiv yorucudur. Radiodakı həmkarlarım  bir az işə sevgi ilə və maraqla yanaşasalar, şəxsi arxivə ümumiyyətlə ehtiyac qalmayacaq.

 

Təsəvvür edin ki, Siz bir şirkətin marketinq xidmətindən cavabdeh şəxssiniz. Seçim etməli olsaydınız, hansı radio və tv verilişlərimizdə sponsor kimi iştirak edərdiniz? (Veriliş adı konkret çəkilsə, daha yaxşı olar) Və niyə?

 

İlk olaraq baxır mən hansı şirkıtdəyəm. Seqmentləşdirmə əsasdır. Avtomobil nümayəndəsiyəmsə mütləq AVTOSTOP-u və ya AVTOBAZ-ı seçərəm. Çünki müştərim ordadır. Gənclərlə bağlı və ya aktiv alıcılarım gənclərdirsə, mən mütləq səhər verilişlərindən birini seçərəm. (MANPASI məsələn). Tibbi nümayəndəyəmsə mütləq seçimim ÇOX YAŞA olacaq. ÇOX YAŞA - televiziya və radio fərq etməz hazırlanmasına görə ən yaxşı verilişlərdən biridir. 

 

TV və radio kanallarımızda avtomobillə bağlı bir çox proyektlər var, demək olar ki, süjet xətti də bir-birilərinə çox yaxındır. Sizcə, sizin digərlərindən əsas üstünlüyünüz nədir?

 

Heç kim bizim kimi suallara cavab vermir. Mövzu qoyurlar (tıxacda nə edirsiz? maşınınızın nömrəsi neçə olsun? maşınınıza kim otursun? ), zəng qəbul edirlər, lakin ən əsası bizim kimi məlumatlandırmırlar. Forma eyni ola bilər, lakin məzmun fərqlidir. Onlar sadəcə veriliş, AVTOSTOP isə maarifləndirici sürücü verilişidir.

 

Son sual. TV və radio məkanımızı gələcəkdə necə görmək istərdiniz, nələri azru edərdiniz?

 

Tv artıq online Tv-lərə yerini verir. Güclü bir rebrendinq və konspesiya dəyişikliyi olmalıdır.  Radiolara isə təsadüfi insanlardan qurtulmasını istəyirəm. Çünki məhz bu sahədə təsadüfi insanların çox olması işi ləngidir. Təsadüfi insanlar oxumur , maraqlanmır yalnız mane olurlar.

 

Bu bölməyə aid digər xəbərlər.