VirDuel » DMCBAKU2015 təsisçisi Aysel Cəbrayılova ilə müsahibə
Tarix : 2015-10-02 15:45:38 | Baxılıb : 1953
Font Ölçüsü:   |  

1. Aysel xanım, Sizi marketinq və reklam sektoru Milli Marketinq Forumundan yaxşı tanıyır. Bu dəfə isə dijital sahədə bir konfransın ideya müəllifisiniz. İdeya necə yarandı? Və niyə məhz dijital sahə?

İlin əvvəlindən başlayan iqtisadi çətinliklər şirkət rəhbərlərini, o cümlədən marketinq mütəxəssislərini daha çevik olmağa və rasional addımlar atmağa vadar etdi. Mobilləşən dövrdə həllərin rəqəmsal marketinqdə olduğunu düşündüyüm üçün qərar verdim ki, yerli mütəxəssislərlə birlikdə müzakirə meydanını yaratmaq lazımdır.

2. Artıq dmcbaku.az saytı aktivdir. Facebook səhifəsidə qısa müddətdə böyük marağa səbəb olub. Saytda qeyd edilən proqrama əsasən 1 gün, 3 panel olacaq – mobil, sosial media və rəqəmsal marketinq strategiyası. Bu 3 panelin xüsusi seçilmə səbəbi varmı?

Konfransda rəqəmsal marketinq sahəsi üzrə vacib hesab edilən mövzuları Mobil Marketinq, Sosial Media Marketinqi və Rəqəmsal Marketinq Strategiyası panelləri üzrə qruplaşdırmışıq. Mobil Marketinq panelində mobil marketinqdə yeni trendlər, mobil tətbiqlər haqqında, Sosial Media Marketinqi panelində rəqəmsal kommunikasiya, kontent marketinqi, Rəqəmsal Marketinq strategiyası panelində isə 2016-cı il üçün strategiya yaradılmasına dair fikirlər, təhlillər, yeni imkanlar və s. mövzular müzakirə ediləcək.

3. Adətən bu tip tədbirlərdə təşkilati komandanın üzərinə böyük iş düşür. Təşkilati komanda kimlərdir və bizi tədbir zamanı hansı proqram gözləyir?

Razıyam ki, tədirdə ən böyük iş təşkilati komandanın üzərinə düşür. DMC komandası müxtəlif şirkətlərdə çalışan Marketing AİR məzunlarından ibarətdir. Proqram isə ətraflı şəkildə dmcbaku.az saytında qeyd edilib. Qısa olaraq deyə bilərəm ki, 31Ooktyabrda tam və dolu-dolu bir gün yaşayacağıq.

4. "DMC"də kimlər iştirak edə bilər? Və kimlər üçün daha faydalı ola bilər?

"DMC"də marketinq sahəsində çalışan, rəqəmsal marketinqə dair müzakirələrə qatılmaq, yeni imkanları öyrənmək istəyən hər kəs iştirak edə bilər. Əminəm ki, növbəti il rəqəmsal marketinq ili olacaq. Ənənəvi marketinqdən daha çox rəqəmsal marketinqə büdcə ayrılacaq. Rəqəmsal Marketinq strategiyasını hazırlayan, ən yaxşı təcrübəni təhlil edən, daima yenilik axtarışında olanlar üçün DMC daha çox faydalı olacaq.

5. Dediniz ki, təxmini 2 aydır ki, hazırlıq işlərinə başlanılıb. Qarşılaşdığınız çətinliklər olubmu, olubsa bunlar nələrdir?

İlkin mərhələdə həmkarlarımız tərəddüdlə yanaşırdılar. Spikerlərin seçilməsi, təsdiqalma mərhələsini keçdikdən sonra hər kəsi "DMC2015"in vacibliyinə inandıra bildik. Sevinirik ki, bu gün həmkarlarımız bizimlə birilikdə işləyir və uğrumuza inanırlar. Hətta indi biz özümüz bir çox spikerlərə sıxlıq səbəbindən imtina etmək məcburiyyətində qaldıq. Amma əvvəldə dədediyim kimi, bu tədbiri hər il keçirməyi düşünürük.

6. Adətən "MMF"in təcrübəsindən də bildiyiniz kimi bu tip tədbirlərdə ən çətin işlərdən biri spiker seçimidir. Bəs Siz spikerləri seçərkən nələrə diqqət etdiniz?Ümumiyyətlə spikerlər barədə də məlumat vermənizi istərdik?

Spiker seçimləri cari ilin əvvəlində başlayıb. Rəqəmsal Marketinq sahəsində aktivlik edən, öz işləri ilə bu sahənin inkişafına töhfə verən hər bir həmkarımıza spikerliklə bağlı təklif göndərilib. 31 Oktyabrda 20 nəfərə yaxın yerli mütəxəssis öz təcrübəsini paylaşacaq.

7. Sinema formatından bir başa universitet məkanına keçid nə ilə bağlıdır? "ADA"nı hansı üstünlüklərinə görə seçdiniz?

DMC2015 innovasiyalara daima dəstək verən ADA universitetinin böyük zalında olacaq. "ADA"nın zalı müasir avadanlıqlarla təchiz edilib. Yüksək səviyyəli təqdimat və çəkiliş üçün ən uyğun məkan olduğuna görə məhz ADA universitetini seçmişik.

8. İştirak haqqı 25 azn müəyyən edilib. Qiyməti təyin edərkən hansı kriteriyalara əsasən seçim etdiniz? Parallel olaraq sponsor və dəstəkçilərin cəlbi nəzərdə tutulubmu?

DMC biznes layihə olmadığı üçün, hər kəs iştirak etsin deyə qiymət nahar daxil 25 AZN təyin edilib. Xərclərin qarşılanması üçün dəstəkçi cəlbi olacaq. Amma biz dəstəkçi olub-olmamasından asılı olmayaraq ən yaxşı şəkildə bu tədbiri keçirməkdə israrlıyıq.

9. "DMC"də əvvəlki forum və tədbirlərdən fərqli nələri görə biləcəyik?

Tədbirin illik olaraq keçirilməsi nəzərdə tutulub. Əvvəlki forumlardan fərqli olaraq DMC spesifik sahəni əhatə edir. Tədbirdə daha çox keyslər paylaşılacaq və auditoriyaya sual-cavab üçün daha çox zaman ayrılacaq. Sualları indidən #DMC2015 həştəqi ilə twitterdən yaza bilərsiniz. Sual və təkliflər spikerlərə mövzu seçimində istiqamət verəcək.

10. Son sual olaraq istərdik ki, bu konfransdan gözləntilərinizin nələr olduğunu qeyd edəsiniz?

DMC rəqəmsal marketinq sahəsinin inkişafına təkan vermək üçün təşkil edilib. Bu sahədə çalışan mütəxəssislərin bir-birilə tanışlıq imkanı olacaq. Təcrübəmizi paylaşaraq, yenilikləri birlikdə müzakirə edərək daha yüksək nəticələr alacağımıza inanıram. Necə deyərlər, güc birlikdədir. Maraqlanan hər kəsi "DMC"də işitiraka dəvət edirəm. Çox əminəm ki, iştirak edənlərin hər biri özü üçün buradan çoxlu yeniliklər və ideyalar götürə biləcək.

Bu bölməyə aid digər xəbərlər.