fmr sorğu » Azərbaycan banklarının reytinqi (sorğu)
Tarix : 2012-05-29 00:49:00 | Baxılıb : 7487
Font Ölçüsü:   |  

Ənənəmizə sadiq qalaraq bu dəfə də Facemark olaraq bank sektoruna aid sorğu keçirdik. Bundan öncə keçirilən sorğulara olan diqqət bizə bank sektorunu da araşdırmağa sövq etdi.  Mövzuya keçməzdən öncə xatırladım ki, Facemark olaraq indiyədək 10-dan çox fəqrli mövzularda sorğular keçirmişik və sorğular facebookda qeydiyyatdan keçmiş bütün təbəqəni əhatə edib. Sorğu eyni zamanda Azərbaycanın 20 000-ə yaxın fanla marketinq və reklama aid ən böyük fan səhifəsi olan Facemarkı da əhatə edib. (www.facebook.com/facemark.az)

Yuxarıda qeyd etdiyimiz kimi bu dəfəki mözumuz banklardır. Qısa olaraq bildirək ki, Azərbaycanda 40-dan çox bank fəaliyyət göstərir. Onların içərisində müştəri yönümlü, marketinq və məhsul siyasəti ilə rəqiblərindən fərqlənən banklar isə çox deyil.

22 may tarixində facebook səhifəmizdən sorğuya start verildi və təxminən 7-8 gün sonra sorğuda 10500 nəfər iştirak edib öz lider hesab etdikləri bankın adını qeyd etdilər. Sorğuya 140-dan çox ümumi şərh bildirilib, sorğunun nəticələrini izləmək üçün isə 355 nəfər qeyd olub. Öncə dediyimiz kimi sorğu təkcə facebook səhifəmizdə deyil, bütün Azərbaycandan olan facebook istifadəçiləri arasında keçirilib. Sorğunu facebookda 198587 nəfər görüb, onlardan 14051 nəfər sorğunun fb reklamını tıklayaraq sorğu ilə tanış olub, tanış olanların isə 10500 nəfəri sorğudakı səsvermədə iştirak edib. Sorğuda fanlar tərəfindən 60-dan çox cavab variantları qeyd olunub. Sorğu ilə bu linkdən də ətraflı tanış ola bilərsiniz;

http://www.facebook.com/?sk=question&id=407197545970369&post_id=409083922448398&qa_ref=qd

İndi isə sorğu nəticəsinə əsasən TOP 10-luğu qeyd edək:

1.    Bank of Baku – 3169 səs (30.2%)

2.    Kapital Bank – 2229 səs (21.2%)

3.    Access Bank – 853 səs (8.1%)

4.    Beynəlxalq Bank – 685 səs (6.5%)

5.    Unibank – 563 (5.3%)

6.    Bank Respublika – 521 səs (5%)

7.    Dəmir Bank – 331 səs (3.2%)

8.    Bank Standart – 234 səs (2.2%)

9.    AG Bank – 102 səs (0.9%)

10. Atabank – 98 səs (0.9%)

Xatırladaq ki, 500-dən çox şəxs isə “heç biri” cavabını qeyd edib. Top 10-luqda olan banklar ümumi səslərin 83.5%-ni əhatə edir. Yerdə qalan 16.5% səslər digər banklar arasında bölüşdürülür.

Göürdüyümüz kimi top 10-da olan səslərin yarısından çoxunu Bank of Baku və Kapital Bank tutub. Bəs 10500 insanın seçimi olan bu 2 bank bazarda nə cür aktivdir? Həqiqətənmi bu iki bank müştərilərin əsas seçimidir?

Bank of Baku 1994-cü ildə “Tuqay Bank” adı ilə bazara daxil olub, 1997-ci ildə Bank of Baku adını alıb. Bank of Baku bu il rebrendinq edərək korporativ üslübunu dəyişib. Saytlarında son xəbər 18 may tarixinə olan “Bolkart nağdlaşdırma fürsəti” haqqındadır. www.bankofbaku.com saytını incələyərkən artıq 800 000-dən çox ümumi kredit verildiyini görürük ki, bu da pərakəndə bazarda ən yüksək saydır. Nəzərə alsaq ki, bank sektoru üçün ən riskli sahələrdən biri elə pərakəndədir, onda bu rəqəmi çox yaxşı hesab etmək olar. Həmçinin bu bank digərlərindən fərqli olaraq müştəri üçün daha əlçatan bank olması ilə fərqlənir. Yəni əgər Siz bankın “qara siyahısına” düşməmisinizsə, bankın hər hansı bir xidmətindən istifadə etməkdə çətinlik çəkməyəcəksiniz. Bundan əlavə 2011-ci ilin martında “İdeal” ilə birlikdə bank o zaman üçün çox cəsarətli və ilk olan parfumeriya və kosmetika məhsullarını taksitlə əldə etmək imkanı verən sistemi işə saldı. Hazırda bu proyektə statistikaya görə 20000-dən çox insan cəlb olunub ki, bu bir çox bankların müştəri bazasından da çoxdur. Bundan başqa ötən ilin sonlarında bank daha bir yenilik edərək “Bolkart” proyektini işə saldı. Bu dəfə isə taksit sistemi bir sahə üzrə deyil, artıq bir neçə sahəni əhaət etdi. Hər iki proyektin reklamı üçün də kifayət qədər vəsait xərcləndi ki, müştərilər arasında geniş yayılmasının bir səbəbi də budur. Facebookda isə hazırda ən çox fanı olan banklardan biri də “Bank of Baku”dur. (21000 fan) İl ərzində etdiyi marketinq aktivliyi ilə də digərlərindən fərqlənir. Bankın zəif nöqtələrindən biri isə müştəri sayı, əməliyyat sayı çoxluğundan servisdə, müştəri məmnuniyyətinə yönəlik xidmətdə axsamaların olmasıdır. Nəzərə alsaq ki, bu ilin sonunadək daha 5 bankın ( Unibank, Yapıkredi Bank, Bank of Azerbaijan, ASB, Dəmir Bank) da taksit proyektini işə salmaq planları var, bu halda Bank of Bakunun bazardakı hazırkı liderliyini qorumaq üçün əvvəlki illərdən daha çox səy göstərməli olduğu danılmaz faktdır. Saytlarında məzənnə ən son 24 may tarixinə verilib.

Kapital Bank ölkədə ən böyük banklardan hesab olunur. Bankın 138 illik tarixi vardır. 89 filial sayı ilə ölkədə ən çox filialı olan bank hesab olunur. 30 sentyabr 2011-ci il məlumatına əsasən bankın kredit portfeli 918.6 mln. manat, xalis mənfəəti 4 mln. manat,  depozit portfeli 244 mln. manatdır. Bazardakı aktivliyinə gəldikdə ən son olaraq bank Eurovision müsabiqəsinin milli sponsoru olub. Bu ilin mart ayında isə “Kartlı Bazarlıq” adlı lotoreya keçirib. Hazırda aktiv kampaniyası isə “Ödəniş kartla, faydası qatla”dır. Ümumi 425 bankomat, 506 posterminal, 2 160 915 ödəniş kartı vardır. Xatırladaq ki, təqaüdlərin çoxu Kapital Bank vasitəsi ilə ödənilir. Saytlarında məzənnə ən son 25 may tarixinə verilib.

 

Bu da Facemarkın apardığı qısa təhlilin və növbəti bir sorğunun sonu. Nəticələrin təhlilində subyektiv fikirlər yer ala bilər, unutmayaq ki, bu sadəcə 10500 insanın seçimi idi. Daha bir çox araşdırmalarda iştirak arzusu ilə...