Yazırlar » Azərbaycan üçün öyrət!
Tarix : 2016-05-10 15:56:45 | Baxılıb : 1106
Font Ölçüsü:   |  

Son zamanlar təhsilimizdə müsbət istiqamətdə baş verən dəyişiklikləri hamımız görürük. Məktəblər, universitetlər müasir standartlara uyğunlaşır, tədris metodu daha innovativ üsullarla əvəzlənir. Təbii ki, bunun birdən birə dəyişməsi mümkün deyil. Əsas odur ki, dəyişməyə başlayıb və bir neçə müddətdən sonra köklü dəyişiklərin olacağına şübhə etmirəm.

Bu yazımda Sizə artıq 1 aya yaxındır ki, fəaliyyətə başlayan “Azərbaycan üçün öyrət!” proqramından danışacam.

https://www.facebook.com/tfa.az/videos/273927569608446/

Bu proqram 2007-ci ildə yaranan “Teach for All” proqramının lokallaşdırılmış formasıdır. Teach for all proqramı “Bir gün bütün uşaqlar keyfiyyətli təhsil almaq üçün bərabər imkanlar əldə edəcək.” sloqanı ilə dünya üzrə tərəfdaşlar tapıb, məktəblilər üçün keyfiyyətli təhsil imkanı yaradır. Bu günədək 40-dan çox ölkədə lokal tərəfaşları ilə fəaliyyət göstərən TFA, on minlərlə məktəblinin təhsilində irəliləyişlərə nail olub. SaytlarındanFacebook səhifələrindən məktəblilərin uğur hekayələrini oxuya bilərsiniz.

Azərbaycan üçün öyrət proqramının əsas missiyası müxtəlif sahələrin peşəkarlarını və liderlərini cəlb etməklə keyfiyyətli təhsil almaq üçün Azərbaycanda bərabər şəraitin yaradılmasıdır. Bu məqsədlə proqram çərçivəsində şagirdlərə dərsdən kənar saatlarda akademik fənlər və onların dünya görüşünü artıran əhəmiyyətli mövzular tədris olunur.

Azərbaycan üçün öyrət proqramını aşağıdakı 3 məqsədə xidmət etdiyini görürəm.

  1. Gənc, uğurlu mütəxəssislər arasında “Öyrətməyi” təbliğ edir, “öyrədən” obrazını trendə çevirir.

İnsanın ən böyük kapitalı onun təhsilidir, savadıdır. Anadan olandan ünsiyyəti, hərəkəti və s. valideynlərimiz öyrədir. Bağça təhsilin ilkin mərhələsidi. Burada da ilkin anlayışları tərbiyəçilərdən öyrənirik. Növbəti və əsas mərhələ isə məktəbdən başlayır. Müəllimlərdən öyrəndiklərimizlə təkcə təhsilimizin deyil, həyatımızın təməl addımlarını atırıq. Bu proqram adından da göründüyü kimi, vətənin üçün öyrət deyir. Deyir ki, savadlı və sağlam gələcəyin üçün bugün sən öyrət.

  1. Şagirdlərin fərdi inkişafına dəstək olur.

Hər bir uşağın potensialı var. Müəllimlərin missiyası onları düzgün istiqamətə yönəldib, öyrətməkdir. Proqram çərçivəsində şagirdlər dərsdən əlavə ödənişsiz əlavə təhsil ala, bilik və bacarıqlarını inkişaf etdirə biləcək. Məktəblilər peşəkar təlimçiləri dinləyib əmin olacaqlar ki, yaxşı oxusalar, inadkar və zəhmətkeş olsalar hər bir çətinliyin öhdəsindən gələ bilərlər.

Biz yaxşı öyrətsək, onlar hər şeyin öhdəsindən gələr!

  1. Məktəbləri innovativ təhsil metoduna alışdırır.

Müasir standartlara uyğun təmir edilən məktəblərdə tədris metodu da dəyişməlidir. 20 il əvvəlki tədris metodu bu gün eyni şəkildə davam etməməlidir. Təbii ki, bunu məktəblərin çoxusu görür və yenilik etməyə çalışırlar. Azərbaycan üçün öyrət layihəsi təkcə Bakı deyil, həm də region məktəblərinə bu yolda kömək edəcək. Hələki, pilot olaraq Bakı, Quba, Gəncə, Şəki və Lənkəran şəhərlərində dərslər keçirilir. Dərslər təqdimatla, interaktiv formada keçirilir.

Nəzərinizə çatdırım ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı bilik və təcrübələrini bölüşməyə hazır olan vətəndaşlarımız, Azərbaycan RespublikasıTəhsil Nazirliyi və Kapital Bankın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Siz də bu layihəyə öz töhfənizi verə bilərsiniz. Tədris etmək istədiyiniz mövzunu və özünüz haqqında məlumatı https://www.facebook.com/tfa.az/ Facebook səhifələrinə yaza bilərsiniz.

İştirak edib-etməmənizdən asılı olmayaraq, bu kimi layihələri işıqlandırmaq lazımdır. Ən azı ona görə ki, hər gün xəbərlərdə intihar xəbəri deyil, məktəblilərin uğurunu oxumaq istəyirik. Məktəblilər və təhsilimizlə bağlı olan xəbərlərə daha geniş yer verilməlidir. Öz övladlarımızın savadlı cəmiyyətdə böyüməsi üçün biz bunu etməliyik.

https://www.facebook.com/tfa.az/videos/272706906397179/

Bu proqramın ölkəmizdə reallaşmasında əməyi keçən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar diləyirəm!