Yazırlar » Azərbaycanda müəllimin 5 tipi
Tarix : 2016-10-05 18:02:22 | Baxılıb : 271
Font Ölçüsü:   |  

1966-cı ildən UNESCO-nun qərarı ilə Dünya Müəllimlər Günü keçirilir. Təxminən 100 ölkədə bu gün qeyri-iş günüdür. Azərbaycanda da həmçinin müəllimlərin günü 05 oktyabrda qeyd edilir. Bugün məktəblərdə maraqlı hadisələr baş verir. Universitetlərdə isə deməzdim ki, o qədər bu bayrama diqqət yetirirlər. Diqqət deyəndə tələbələr baxımından deyirəm. Məktəbdə şagirdlər müəllimdən daha çox çəkinirlər, sonra həyat yavaş-yavaş öyrədir, göstərir. Universitetdə artıq o qədər də çəkinmirsən. Amma məktəb vaxtı müəlliminə hədiyyə almayan adam özünü çox pis hiss edirdi. Çünki münasibətlər buna görə qurulurdu. Söz-söhbətlər, şayiələr, daha nələr-nələr bizim vaxtımızda məktəblərdə bu ərəfələrdə pikdə olardı. Bugün bu bloq yazımda qısaca müəllimlərdən yazmaq istədim. Azərbaycanda müəllim olmağın özəlliklərindən yazacam. Mənim gördüyüm, bildiyim, eşitdiyim müəllim tiplərindən yazacam.

Müəllim işləyənlər

Buraya rəsmi statusu müəllim olan hamı daxildir. Bu adamların peşəsi müəllimdir, onlar öz peşəsi üzrə çalışırlar. Məktəb və universitetlərdə təxminən 140-150 min müəllim çalışır. Şagird və müəllim nisbəti təxminən 1:8-dir. 2 milyona yaxın isə tələbə, şagird var. Statistikalarda yanıla bilərəm. Bəli, bu adamlar ümumi kateqoriya olaraq müəllimlərdir. Maraqlısı alt qruplardır. Bu adamların 90%-i kiçik maaşlarla çalışırlar.

Müəllim olanlar

Bir vaxtlar Həyat Müəllimlərim adlı bloq yazısı yazmışdım. Mənim aləmimdə müəllim olanlar məhz bu adamlardır. Onlar fərqli sahələrdən dərs deyə bilərlər. Amma öyrətdikləri təkcə dərs olmur. Parallel olaraq adama həyatı da öyrədirlər. Böyüdükcə başa düşürsən ki, belə adamlar qızıl adamlardır. Sənə valideyninin belə etmədiyini ediblər. Böyüdükcə görürsən ki, indi 2 cümlə sözü də pulla satırlar, amma onlar saatlarla Sizə həyatdan, doğru yoldan danışa bilərdilər, danışırdılar da. Bu adamlar da müəllim işləyən çox adam kimi az maaşla dolanırlar bəlkə də. Amma məsələlərə təkcə “balam var” aspektindən də yanaşmırlar. Mənim məktəbdə bir tarix müəllimim var idi. 5-ci sinif Ata Yurdu dərsini deyirdi. Tarixi danışanda, hadisələri izah edəndə gözündəki həyəcanı, nisgili, ağrını, heyfslənməni açıq hiss etmək olurdu. O da hamı kimi az olan maaşı ilə yaşayırdı, amma vətəndaş mövqeyini qoruyurdu, ən əsası isə özünü kiçik görmürdü, ümidli idi. Problemlər var, onlar düzələcək, biz o günə hazır olmalıyıq, siz oxuyun, siz də bu işdə millətinizə, dövlətinizə dəstək olun deyirdi. Bu adamlar təkcə müəllim işləmirdi, onlar artıq müəllim olmuşdular. Hər şeyə rəğmən bu adın ağırlığını şərəflə daşıyan bütün Azərbaycan müəllimlərinin önündə baş əyirəm.

Gedib-gələnlər

Elə adamlar var onlara sual verəndə ki, “necədir işin?” deyir, “yaxşıdır, gedib-gəlirəm”. Müəllim işləyənlər arasında da bu cür gedib-gələnlər çoxdur. Bunlar kimlərdir? Məsələn, iş tapa bilməyib sadəcə məcburiyyətdən müəllim işləyənlər. Onlar üçün heç olmamaqdansa, nəsə olması önəmlidir. Qonum var, qonşu var, nə deyərlər bəs filankəsin oğlu, qızı işsizdir. Ondansa, desinlər ki, filan məktəbdə, universitetdə işləyir. Nə işləyir, necə işləyir, nə qədər qazanır önəmi yoxdur. Məsələn, universitetlərdə bir cür qızlar görürsən, baxırsan ki, əynindəki paltar 3-4 aylıq maaşı qədərdir. Və ya həyat tərzi maaşı ilə uyğun deyil. Bu adamlar çox kiçik maaşlara universitetlərdə, məktəblərdə laborant, tibb bacısı, assistent, nə bilim daha min cür administrativ işlərdə çalışırlar. Amma real biznesdə baxırsan belə adamlar tapammırsan. Daha doğrusu o qiymətə işləmək istəyən adam tapammırsan. Amma sənin təklif etdiyinin yarısına da adam hansısa universitetdə laborant işləməyə razı olur. Hansı ki, ömür vəfa etsə ömrünün sonuna kimi də o işdə işləməyə razıdır, barışıb. Artıq, əskik heç nə istəmir bu həyatdan. Belə gənclərə adamın ürəyi ağrıyır. Ölüblər, xəbərləri yoxdu. Bivec-bivec hər gün gedib-gəlirlər. Belə adamlar işdən daha çox siyasətlə məşğuldurlar. Olduqları yerdə daxildə ancaq kimisə müzakirə edir, kiminsə enməsini, kiminsə qalxmasını öz baxış bucağından dəyərləndirib hadisənin real yoxsa naxış olmasını “müəyyən” edirlər.

Alət olanlar

Bura bilib alət olanlar, məcbur olub alət olanlar, bilməyib alət olanlar və alət olduğunu düşünməyənlər daxildir. Hamısının bir çəkinəcək yeri var deyə onları sıxmaq çox asandır. Hər şey bir kiçik detalı dəyişdirməyə, ləğv etməyə bağlıdır. Onu itirməmək üçün çoxu çox şeyə getməyə razıdır. Bugün fb-də status yazmışdım ki, “vaxtilə topa tutduğumuz adamlar, axırda topa atdılar” Bəli, bugün çoxlu topa atan, topa tutan, TOPa qalxan, topa vuran, topaylıb tutduran, topa qaçan müəllimlər də var. Onları dindirsən hərəsinin dağ boyda arqumenti var. Allah bizi belələrindən və belələrinin şərindən qorusun. Nəticə və proses bir-birini tamamlamalıdır. Nəticəyə gedən istənilən yol məqbul ola bilməz. Bu siyasət deyil ki. Makiavelli o dövrün şərtlərinə görə belə deyirdi. Amma heç də o demək deyil ki, nəticə əldə edirsənsə, ona gedən istənilən yol məqbuldur.

Müəllim olmayıb müəllim deyə xitab edilənlər

Statistikada nə qədər müəllim işləyən varsa, bəlkə bir o qədər də “müəllim” xitabı ilə çağrılanlar var. Bəlkə də müəllim adının yeri gəldi-gəlmədi bu cür xitabı da onları hörmətdən saldı. Bir balaca “özünü tutan” hər kəsə müəllim dedik. Məncə, bu məsələni təcili dəyişməliyik. Gül kimi dilimizdə sözlər var. Məsələn, “bəy”, “xanım”ın nəyi pisdir ki?!

Yuxarıda yazdıqlarımı hamınız bəlkə də bilirsiniz. Amma bu yaxınlarda bir müzakirədə deyildiyi kimi, yalan danışmırsınızsa, bu hələ o demək deyil ki, həqiqəti söyləyirsiniz. Belə şeylər Sizə mənasız gəlməsin. Detaldır, amma vacibdir. Ümumiyyətlə, mənasını başa düşmədiyiniz şeylərə çalışın “mənasız” deməyin.Sonda yazımı elə keçən il müəllimlər günü ilə bağlı yazdığım statusla bitirirəm:

"Hər peşənin öz günü var. Bizdə müəllimin nə peşəsi peşədir, nə də günü bir gün. Bayramınız mübarək, əziz müəllimlər. Müvəqqəti çətinlikdir, ölənədək dözməliyik."

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…