bu işdə bir niş var » Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “AmCham”ın üzvləri ilə görüşüb
Tarix : 2017-03-30 16:12:49 | Baxılıb : 251
Font Ölçüsü:   |  

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən PwC şirkətinin dəstəyi ilə Palatanın üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olub.

Tədbirdə salamlama nitqi ilə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova son və qarşıdan gələn hadisələrdən danışıb, həmçinin Palatanın Vergi və Gömrük və Səyahət, Hotelçilik və Turizm komitələrinə yeni sədrlərin təyinatı barədə elan edib.

Tədbir çərçivəsində PwC şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Olqa Qriqye Avropa və Azərbaycanda iqdisadi vəziyyətlə bağlı məruzə ilə çıxış edib.

Öz növbəsində çıxış edən nazir Azad Rəhimov “AmCham”ın bütün üzvlərinə və qonaqlarına təşəkkürünü bildirib və Azərbaycanda keçiriləcək nəhəng idman tədbirlərindən danışıb: IV İslam Həmrəylik Oyunları və “Formula-1” üzrə Qran-pri yarışlarının növbəti mərhələsi. Nazir onuda qeyd edib ki, qarşıdan gələn İslam Həmrəylik Oyunlarında 20 idman növü üzrə 5 min idmançı iştirak edəcək, yarışlar ölkənin 16 idman arenasında keçiriləcək. A. Rəhimov əlavə edib ki, beynəlxalq standartlara cavab verən “Atletlər kəndi” idmançıları qəbul etməyə hazırdı.

“Əminəm ki, möhtəşəm idman hadisəsinin şahidi olacağıq. Azərbaycan ilk Avropa Oyunları, “Formula-1” üzrə Qran-pri yarışları və digər iri idman tədbirlərini yüksək səviyyədə təşkil etmiş ölkə kimi IV İslam Həmrəylik Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək”, - deyə A. Rəhimov bildirib.

Nazir onu da vurğulayıb ki, 50 ölkənin iştirak edəcəyi bu Oyunlar Azərbaycan xalqı üçün nəhəng beynəlxalq idman hadisəsinin bir hissəsi olmaq şansıdır. A. Rəhimov onu da xatırlatdı ki, Avropa Gimnastika Şurasının İcraiyyə Komitəsinin qərarına əsasən, 2018-ci ildə Azərbaycan batut gimnastikası üzrə Avropa Çempionatına ev sahibliyi edəcək.

Çıxışının sonunda A. Rəhimov “AmCham”ın üzvlərinə və qonaqlarına bir daha təşəkkürünü bildirib və Palata ilə gələcəkdə də əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

“AmCham” haqqında:

“AmCham” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır.

1996-cı ildə yaradılmış “AmCham” 250-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir.

"AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Bu bölməyə aid digər xəbərlər.