VirDuel » “Azərsun” rəsmisi: Şirkətlər reklam və marketinq xərclərini azaltmamalıdır - MÜSAHİBƏ
Tarix : 2017-10-30 14:02:42 | Baxılıb : 1447
Font Ölçüsü:   |  

Facemark.az “Azərsun” Holdinqin Marketinq üzrə bölmə rəisi Vüsal Əhmədov ilə olan müsahibəsini təqdim edir.

1. Heç kəsə sirr deyil ki, “Azərsun” Azərbaycanın qida sektorunda aparıcı yeri olan ən böyük şirkətlərdən biridir. Vüsal bəy, zəhmət olmasa deyə bilərsinizmi ki, hazırki iqtisadi şəraitdə yerli və xarici bazarda rəqabət səviyyəsinini necə qiymətləndirirsiniz?

Çoxları rəqabəti hər hansı bir sahədə eyni məqsədi əldə etmək üçün ayrı-ayrı şəxslər və müəssisələr arasında mübarizə, çəkişmə kimi qəbul edir. Əslində də belədir.

Amma biz kimsə ilə rəqabət aparmırıq. Bizim rəqabətimiz ölkəmizə, xalqımıza daha keyfiyyətli xidmət etmək üçün bir çox hədəflərə çatmaqdır: Çoxlu sayıda alıcının və satıcının olduğu bazarda, eləcə də xarici bazarda istehlakçı “Azərsun” mallarını seçəcəksə, bu, bizim rəqabət hədəfimizdir.

Şirkətimizin qurucusu Hörmətli Abdolbari Gözal və onun rəhbərliyi ilə “Azərsun Holdinq” komandası hazırki iqtisadi şəraitdə müəssisəmizin rəqabət səviyyəsini saxlamaqda və davam etdirməkdədir.

2. Böhran sözünü Çinlilər şans anlayışı ilə eyniləşdirirlər. Başqa bir deyimlə böhran həm də şirkətlər üçün şans deməkdir. Sizcə, böhran dövründə ən effektiv kommunikasiya kanalları hansıdır?

“Böhran” sözü ərəbcədir, Həyatın bir çox sahələrinə (iqtisadi və siyasi böhran, sənaye və aqrar böhranı, hərbi böhran, mənəvi böhran və s. ) aid edilə bilinsə də, iqtisadi sahədə daha işləkdir: xırda istehsalatçıların iflasına, istehsalın vaxtaşırı azalmasına səbəb olan nisbi həddən artıq əmtəə istehsalı deməkdir.

“Böhran” sözünün çin dilində yazılışına fikir verin, o iki heroqlifdən ibarətdir. Maraqlıdır ki, simvol olaraq bunların biri “təhlükə”, digəri isə “şans” mənasını ifadə edir. Deməli, istənilən böhran vəziyyətində təhlükə və imkan çox yanaşı addımlayır. İstehsalın, idarəetmənin dilini bilənlər belə təhlükələrə öncədər hazır olurlar, belələrinə böhran önəçıxmaq, möhkəmlənmək şansı yaradır.

Əsas məsələ, bu cür kritik şəraitdə nəinki inamlı olmaq, geri çəkilməmək, əksinə yeniliklər etmək və yaradıcı olmaq lazımdır. Çünki bazarın hansı şəraitdə olmasından asılı olmayaraq, əhalinin ehtiyaclarına istiqamətlənmiş məhsullara ehtiyacı var. Həm də istənilən qida məhsulları biznesi böhran zamanı daha yaxşı olur.

Amma əgər əvvəllər insanlar bahalı və keyfiyyətli məhsullara qaçırdılarsa, böhran zamanı istehlakçıların prioriteti mahiyyətcə dəyişir, artıq belə şəraitdə onlar ilk növbədə ucuz məhsullara yönəlmiş olurlar. Ona görə də, profilini daha çox bahalı məhsullara ayıran ticarət şəbəkələri zərərlə üzləşiblər.

Amma uğurunu, hədəfini doğru müəyyən etmiş istehsal sahələri böhran vəziyyətində ən çox tələbat olan məhsullara yatırım edir və sadiq istehlakçılarının tələblərinə uyğun xırda dəyişkən addımlar atır. Məsələn, “Azərsun Holdinq”in məhsulları: süd, çörək, uşaq yeməkləri, yağ və s. belə qidalara daxildir. Bu məhsulların dəyəri nə qədər baha olsa da, insanlar onu almaqda davam edəcək.

Böhran vəziyyətlərində əsas iş biz marketoloqların çevikliyindən, peşəkarlığından çox şey asılıdır. Marketoloq, özünü itirməməli, bu situasiyadan öz şansları üçün yararlanmağı, komandasını arxasınca aparmağı bacarmalıdır. Marketoloq optimist olmalı, özündəki nikbinliyi komandanın bütün üzvlərinə ötürməyi bacarmalıdır.

O, yaranmış vəziyyətin hər tərəfini müşahidə etməlidir, yeni qoyduğu qiymət strategiyasını istehlakçısına qədər ötürəbilməli, aşılamağı bacarmalı və satıcıların da bunu belə bilmələrinə nail olmalıdır. Yoxsa satıcı müştəriyə yeni qiyməti deməyə, eləcə də təqdim etməyə çətinlik çəksə, çaşqınlıq nümayiş etdirsə, belə hal müştəridə haqlı şübhələr yaradar.

Müştərilərlə sıx əlaqələrin yaradılmalı, bu qiymətlər onlara verilməlidir. Vəziyyət elə anladılmalıdır ki, istehlakçı istehsalçı ilə eyni probleləmlə üz-üzə qaldığını yaxşıca dərk etsin. Narazı müştərilərə fərdi yanaşılmalı, ayrıca iş aparılmalıdır.

Bunlar hələ heç də hamısı deyildir. Böhran vaxtı daha inamlı addımlar atıb yeni satış kanallarının tapmağa səylər etməli, buna nail olmalı, satıcıları yeni satış kanalları ilə işləməyə hazırlamalıdır.

3. Şübhəsiz ki, bütün dünyada başlayan böhran şirkətlərin çox qismini büdcələrində qənaət etməyə məcbur etdi. İşçilərin ixtisarı, reklama ayrılan vəsaitin azaldılması gözümüzün önündə baş verdi. Amma biz “Azərsun”un timsalında başqa bir mənzərənin şahidi olduq. Şirkət məhsullarından biri olan Final yağları üzrə 3D formatında reklam çarxı hazırladı. Maraqlıdır, bu satışlarınızın artımına təsir göstərdimi? Effektivliyini necə ölçürsünüz?

Bu suala əvvəlki sualda qismən cavab verdim. Böhran vəziyyəti, digər forsmajor hallar, əslində, yeni bir şey deyidir. Bunlar həmişə olub və olacaq da. Məsələn, belə vəziyyətlərə hazır olmaq, müəssisənin belə vəziyyətlərə əsaslandırılmış strategiyalarının olmasıdır. Bəli, “Azərsun Holdinq” bu gün Azərbaycanın qida sektorunda öz yeri və töhvəsi olan şirkətdir. Şirkətimiz hər zaman yenilənir, istehsalata ən müasir texnologiyaları tətbiq edir, Azərbaycan naminə “Azərsun Holdinq” brendini uğurla irəli aparır.

“Azərsun Holdinq” 1991-ci ildən fəaliyyət göstərir və şirkətimizin uğurlarının bir mənbəyi də kollektivimizin birliyi ilə bağlıdır. Bizdə heç kimi ixtisar edilmək, işdən azad olunmaq fobiyası izləmir. Əksinə, “Azərsun Holdinq” hər zaman işçilərinin ixtisasartımı, yeni ixtisaslara, peşə bacarıqlarına yiyələnmə qayğısına qalır.

Bəli, neçə müddətdir ki, “Final” yağlarının qablaşdırılması yenilənib. Bu, məhz müasir bazarın tələblərinə uyğun olaraq “Azərsun” məhsullarını öz müştərilərimiz üçün daha cəlbedici formada qablaşdırılması borcundan yarandı.

Bu məqsədlə Azərbaycanda ilk dəfə çəkilmiş 3D formatlı reklam filmi meydana çıxdı. Hazırlanan video çarxda həm qrafikadan, yəni xüsusi vizual effektlərdən, həm də normal videoçəkilişlərdən istifadə olunmaqla “Azərsun” müştərilərinə daha bir addım da yaxınlaşdıq.

Bildiyiniz kimi, üzərində 50 nəfərdən artıq mütəxəssisin çalışdığı “Final” yağlarının reklam çarxı xüsusi kamera ilə çəkilib və bu işə 2 aya yaxın vaxt sərf edilib. Qeyd edək ki, istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Final” ölkəmizin ilk milli qida markasıdır və artıq 27 ildir ki, satışı həyata keçirilir. Marka indi “yeni qabda, eyni dadda” təqdim olunur.

Satışlarımızda artım olub olmadığı, effektivliyin necə ölçülməsi sualınıza geri dönərsək isə qeyd etmək istəyirəm ki, bildiyiniz kimi hər bir marketinq fəaliyyətinin son etapında şirkətin qazanc əldə etməsi durur.

Ancaq bu hər zaman marketinq fəaliyyətinin qazanc əldə etməsi ilə nəticələnmir. Belə ki, layihə başlamadan öncə bu layihə sonunda əldə edəcəklər öncədən düşünülmüş və qərarlaşdırılmış olur.

Bəzən bu qərarlarda marka və məhsulun satışlarının artırılması, bazar payının böyüdülməsi kimi qərarlar olsa da, bu hər zaman belə olmur. “Final” markasının 2017 ilinə olan bir çox faəliyyətində və xüsusəndə bu layihəsində də biz bu nüansları diqqətə almamış sırf markanın sadiq istehlakçısı ilə arasında olan illərdir sürən sədaqət bağlarının gücləndirilməsinə bir töhvə vermək planlaşdırmış və həyata keçirmişik.

Qısacası biz bu kimi layihələr ilə böhran dövründə maddi qazanc əldə etməyi deyil istehlakçılarımızın sədaqətini möhkəmləndirməyi, qazanamağı üstün tutduq və tutmağada davam edəcəyik.

4. Azərbaycanlı müştərilərin bir qismi yeniliyə qarşı həssasdılar. Bəs müştərilər Final yağları üzrə yeni qablaşdırmanı necə qarşıladılar?

Çox doğru buyurursunuz, 100 faiz rafinə, vinterizə və dezoderə olunmuş “Final” qarğıdalı yağı yüksək texnologiya və ixtisaslı mütəxəssislərin nəzarəti altında istehsal olunur.

Tərkibində E qruplu vitaminlər olan “Final” qarğıdalı yağı, təbii ki, mətbəxlərimizin sultanıdır və Azərbaycan xanımları tərəfindən yenə rəğbətlə qarşılanmaqdadır.

Araşdırmalarımızda bunu göstərir ki, illərdir Azərbaycan bazarında əsasən də duru yağ markası kimi tanınan “Final” hər bir ailənin sevimlisi olmuş hətta demək olar ki, ailənin üzvü kimi qəbul olunmağa başlamışdır. Rəqabətcil bazarda isə ən önəmli faktorlardan biri isə fərqlənməkdir.

Bunun üçün biz layihənin ilk addımında “Final” markasının qablaşdırılmasını dəyişdik. Təbiidir ki, dəyişiklik hər zaman bir mənalı qarşılanmamaqdadır.

Biz isə bu fərqlənməni həm də marka-məhsulumuzu inkişaf etdirmək, gələcəyə daşımaq kimi gördüyümüz üçün yeni qablaşdırma haqqında mütəmadi olaraq istehlakçılarımızdan məlumatlar almağa davam edirik.

Yuxarıda da qeyd etmiş olduğum kimi “Final” ailənin üzvü kimi göründüyündən istehlakçıları da “Final”ı özünə doğma bildiyi üçün bu inkişaf prosesində haqlı olaraq yaxından iştirak etmək üçün öz fikirlərin bizə bildirməkdədirlər. Bu səbələ sizin vasitənizlə də bir daha onlara “Final” markası adından minnətdarlığımı bildirirəm.

5. Sizin hədəf auditoriyanız xanımlardır, xanımlarla işləmək çətindirmi? Hansı xüsusiyyətləri sizə istiqamət verir?

Sualı iki mənada başa düşmək olar yəni, Azərsunun xanım əməkdaşlarının uğurlarımızdakı yeri kimi də düşünülə bilər, bütün xanımlarımız üçün mətbəxdə gərəklililik keyfiyyəti kimi də. Hansı olursa-olsun, fərq etməz: yəni qida qayğılarımız, istər özümüzün, istərsə də övladlarımızın bəslənməsi bizim məhsulların keyfiyyəti ilə zəmanət, etibar qazanırsa, bu, həm də bizim fəaliyyətimizə məsuliyyət və zəmanətdir. Bu mənada, qadınların qayğıları üçün işləmək uğurlarımız üçün məsuliyyət deməkdir.

6. 3D formatında reklam çarxını hansı şirkət ərsəyə gətirib? Yerli yoxsa xarici? Sizcə, yerli və xarici şirkətlərin hazırladıqları reklam çarxlarında keyfiyyət baxımından fərqlər çoxmudur?

3D model – fəzanın istənilən nöqtəsindən obyektin görünməsinə imkan verən və eskizlərinə, şəkil və ya cizgilərinə uyğun yerinə yetirilmiş obyektin üçölçülü modelidir. Belə modelə işıqlanma, əksetmə, kölgələnmə və s. effektləri tətbiq etmək mümkündür. Bu cür nümayişlər, əlbəttə ki, xarici şirkətlərə məxsusdur.

Ancaq biz bu reklam filmini həm, xarici həm də yerli şirkətlə birlikdə ərsəyə gətirdik. Hazırlanan video çarxda həm qrafikadan, yəni xüsusi vizual effektlərdən, həm də normal videoçəkilişlərdən istifadə olunub. Üzərində 50 nəfərdən artıq mütəxəssisin çalışdığı “Final” yağlarının reklam çarxı xüsusi kamera ilə çəkilib və bu işə 2 aya yaxın vaxt sərf edilib.

Yerli və ya xarici şirkətlərin hazırladığı reklam çarxlarının keyfiyyətini bu şəkildə müqayisə etmək yanaşmasını heç zaman doğru görmürəm. Reklam çəkilməsi özlüyündə çox zaman alan, həm də çox məsuliyyətli bir prosesdir. Reklam sırf bazarda digər rəqib şirkət və ya markalardan geri qalmamaq adına bir boşluğu doldurmaq kimi görülərsə burda keyfiyyətdən söz etmək doğru olmaz.

İstərsə bunu Hollywood filmlərinin çəkilişlərini edən bir şirkət etsin nəticə ürək açan olmayacaqdır. Təəssüflər olsun ki reallıqda Azərbaycanda sırf qeyd etmiş olduğum kimi ehtiyacsızlıqdan doğan ehtiyac kimi reklam çəkilişi edən şirkətlər var. Burda isə mən yerli reklam şirkətlərini qınamıram. Belə ki, reklam ehtiyacı Niyə yaranıb? Nədən yaranıb? Nəyə xidmət edəcək? Kimə xitab edəcək? Hədəfi nə olacaq? kimi başlıca sualların cavabını ilk öncə marketinq mütəxəssisi özü dərk etməli və özlüyündə cavablandırmalıdır.

Bu cavablar əsasında həqiqətəndə reklama ehtiyac varsa o zaman “brief” dediyimiz ehtiyaclar toplusunu hazırlayaraq reklam agentlikləri ilə görüşlər təyin etməlidir. Ehtiyac düzgün olarsa mən əminəm və şahidi də olmuşam ki, xarici şirkətlərin çəkdiyi reklam filmlərindən geri qalmayan reklam filmi çəkən çox gözəl yerli şirkətlərimiz var.

Hər zaman ilklərə imza atan “Azərsun Holdinq”in köklü markası olan “Final” markasına Azərbaycanın ilk 3D reklam filminin çəkilməsi layihəsinin rəhbəri olaraq Azərbaycan Marketinq tarixinə bir tövhə verəbilmənin xoş təəssüratları içində olduğumu da vurğulamalıyam.

7. Vüsal bəy sirr deyil ki, bu gün belə rekalama pul xərcləmək istəməyən şirkətlər var. Həmin şirkətlərə məsləhətiniz nə ola bilər?

Bəli, belə hallar təsadüf olunandır, var. Çox vaxt olur ki, iqtisadi böhran vəziyyətində şirkətlərin əksəriyyəti reklam və marketinq xərclərinin azaldır. Əlbəttə ki, doğru deyil. Çünki insanlar üçün böhranın olub-olmadığı vacib deyil, amma reklama heç zaman laqeyd qala bilməz. Məsələn, endirimlər və kampaniyalar müştəriləri mağazaya cəlb etməyin ən ideal yoludur. Odur ki, reklam hər zaman aktualdır, vacibdir.

Reklam, televiziya, qəzet, radio, billboard və s. vasitələrlə tanıdıla bilər. Belə reklam üsulu istehlakçılara mal məhsul və xidmətlər və bunların istifadəsi haqqında məhsulların haradan, necə, hansı qiymətlərə alına biləcəyi haqqında məlumat verir, istehlakçılara doğru mal və məhsulu almaları üçün yol göstərir.

Ancaq sırf reklam çəkilişi isə yuxarıda qeyd etmiş olduğum kimi düzgün hədəflər və düzgün suallara cavab sonrasında başlanması gərəkli bir prosesdir. Bunun üçün səbrli olmaq, düzgün şəraiti seçmək və necə deyərlə nöqtə atışı etmək lazımdır.

Reklam olmadan bazara girmək və rəqabətcil bazarda ayaqda durmaq çətin ki, uğur gətirə bilsin. Reklam kanallarını doğru seçmək, plana uyğun şəkildə periyodik həyata keçirmək və bunun effektivliyini rəhbərliyə doğru, məntliqli və tutarlı səbəblərlə inandırmaq lazımdır.

“`360⁰ marketinq” anlayışı deyilən bir deyim var. Bura marketinqin ağlımıza gələbiləcək bütün yönləri daxildir. Bunu hər il sonu doğru analiz etmək və bir sonrakı ilə doğru planlamaq lazımdır. Əminəm ki, bunu edəcək hər bir şirkət markalarının nə dərəcədə dəyərli olduğunu il sonu satışlarında hissedəcəkdir.

Məsləhətim isə budur ki, hər bir şirkət məhsullarını satmaqdan daha çox markasını satmağa özünə prioritet götürməlidir. Bunun üçün reklam etməyə onu tanıtmaqdan başlamalıdır.

8. Bir az da şirkətin gələcək planlarından danışardınız?

Bunu sirr olaraq saxlayaq. Oxucularınıza gələcək planlarla bağlı qısaca bunu demək istərdim ki, müasir dövrdə yeniliklərə hər zaman öncülük edən “Azərsun Holdinq” bu yenilikləri ən müasir şəkildə məhsul və xidmətlərinə tətbiq etməklə yanaşı başlıca missiylarından olan “Etibarlı və nümunəvi beynəlxalq ticari məhsullar və xidmətlər təqdim etmək, cəmiyyətə verdiyimiz faydanı davamlı artırmaq və fəaliyyətlərimizdə ətraf mühitin qorunmasını ön planda tutmaq” missiyalarını da qoruyub saxlamaqdadır.

Ama oxucularınıza bir sirr vermək istərdim. “Final” markasının Azərbaycanda yeni bir ilkə imza atmasına sayılı günlər qalıb. Əminəm ki, bu yenilik həm Azərbaycan, həm “Azərsun Holdinq” və həmdə “Final” markasına sizlərin sayəsində çox dəyər qatacaqdır.

Müsahibə üçün Sizə təşəkkür edirəm.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.