VirDuel » “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətininin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai ilə müsahibə
Tarix : 2017-04-26 17:29:04 | Baxılıb : 816
Font Ölçüsü:   |  

1.Reklamlarınızı demək olar ki, bütün reklam daşıyıcılarında görürük. Bu komandanızın böyük zəhmətinin nəticəsidir. Marketinq komandanıza seçimlərdə hansı amilləri nəzərə almısınız? Hal-hazırda neçə nəfər komandada çalışır?

Bakıda keçirilən ilk Formula 1 yarışından tam 11 ay əvvəl Bakı Şəhər Halqası Əməliyyatı Şirkətində Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri olaraq fəaliyyətə başladım. Ötən il çox qısa müddət ərzində intensiv şəkildə çalışmaqla birinci yarışı uğurla həyata keçirdik və hazırda ikinci yarış üçün bütün gücümüzü səfərbər etmişik. Əlbəttə hər bir irimiqyaslı yarışı reallaşdırmaq böyük resurslar, o cümlədən peşəkar işçi qüvvəsi tələb edir.

Əməliyyat şirkətində işə başladığım andan etibarən qarşımda duran əsas məsələ, bu böyük və məsuliyyətli layihənin kommunikasiyasını aparmağa qadir olan komanda toplamaq idi. Və düşünürəm ki, buna nail ola bildim, çünki ilk yarışın kommunikasiyasını həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə uğurla apara bildik. Bu zaman həm PR (İctimaiyyətlə Əlaqələr), həm də Marketinq Kommunikasiyaları sahəsini təmsil edən peşəkar, məsuliyyətli, kreativ və işə yanaşması ilə seçilən yüksək səviyyəli kadrların işə cəlb olunmasına müvəffəq olduq.

Hazırda şöbəmiz üç istiqamətdə fəaliyyət göstərir: marketinq kommunikasiyaları, piar və media əməliyyatları. Daimi və müvəqqəti olmaqla ümumilikdə 20-dən çox işçi çalışır. Mən şəxsən ərsəyə gətirdiyimiz komandanın peşəkarlığı ilə son dərəcə fəxr edirəm.

2.Formula 1 beynəlxalq layihədir. Həm xaricilər həm də yerli əhali üçün tanıtım lazımdır. Hansı marketinq kommunikasiyalarından istifadə edirsiniz və büdcəni necə bölüşdürürsünüz? Faizlərlə ifadə edə bilərsinizmi?

Formula 1 dünyada ən çox izlənilən idman layihələrindən biri olduğu üçün ötən il qarşımızda duran əsas məqsəd Formula 1-i keçirən 21 ölkə arasında bizim Qran Prini tanıtmaq, yadda qalan kommunikasiya qurmaq və dünyada olan Formula 1 azarkeşlərini bilet almağa sövq etmək idi. Hər şeydən öncə digər Qran Prilərin təcübəsini öyrəndik.

SWOT analizi apararaq zəif və güclü tərəflərimizi müəyyən etdik. Formula 1 azarkeşlərini iki qrupa böldük: sırf Formula 1 idmanını sevənlər və əyləncə axtarışında olanlar. Müəyyən etdik ki, avtoidmanı sevənlər adətən daimi treklərə üstünlük verirlər, əyləncə axtarışında olanlar isə Formula 1-lə yanaşı əyləncə proqramlarının zəngin olduğu məkanlara üz tuturlar.

Biz ikinci formatı özümüz üçün model olaraq seçdik və Sinqapur, Abu Dabi, Bahreyn kimi, biz də Formula 1-lə yanaşı maraqlı əyləncə proqramı hazırladıq. Böyük fəxr hissi ilə deyə bilərəm ki, bizim əyləncə zonası F1 yarışı keçirən ölkələr arasında ən böyük və maraqlı əyləncə zonasına çevrildi.

Kommunikasiya zamanı hədəf ölkələri seçdik və əsas gücümüzü bu ölkələrdən olan azarkeşləri cəlb etməyə yönəltdik. Bizim üçün əsas kanal internetdir. Büdcəmizi də uyğun şəkildə bölüşdürürük. Keçən ilki yarış zamanı yarışın tanıdılması üçün daha çox imic kampaniyası ilə təbliğat aparırdıqsa, indi daha çox bilet satışı ilə əlaqədar kampaniyalar həyata keçiririk. Xarici ölkələrdən Azərbaycan Qran Prisi üçün ən çox bilet alan ölkə Rusiyadır və biz bu ölkədə televiziya reklamlarını yalnız Rusiya Qran Prisi zamanı efirə veririk.

Bildiyiniz kimi, artıq Formula 1 Dünya Çempionatının 3 yarışını geridə qoymuşuq və Azərbaycan Qran Prisi 8-ci yarışdır. Biz Bakıdakı yarışa qədər baş tutacaq bütün Qran Priləri canlı yayımlayan televiziyalarda reklam fasilələrində öz video-çarxlarımızı efirə verəcəyik. Çalışırıq ki, bu il Bakıya daha çox tamaşaçı cəlb edək. Yüksək səviyyədə təşkil olunub uğurla baş tutan ötən ilki yarışdan sonra artıq dünyanın dörd bir yanında Formula 1 azarkeşləri Bakı Şəhər Halqasını tanıyır və buradakı yarışı izləməyi səbrsizliklə gözləyirlər.

Birinci istiqamətdə biz öz məqsədimizə böyük ölçüdə nail olduğumuz üçün bu il artıq səyimizi sırf bilet satışının artırılmasına yönəltmişik. İndiyədək 48 ölkədən bilet alınıb. Bəzi tribunalara biletlər artıq tamamilə satılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bilet satışı baxımından bu il daha yaxşı vəziyətdəyik. Bu da seçdiyimiz kommunikasiya vasitələrinin uğurlu olmasından xəbər verir. Bu baxımdan deyə bilərəm ki, onlayn marketinq üsulları daha yaxşı nəticələr qazandırdığına görə büdcəmizin böyük hissəsini məhz bu vasitəyə istiqamətləndirmişik.

3.Əminik ki, peşəkar komandanız bütün marketinq fəaliyyətinin effektivliyini ölçür. Sirr deyilsə, bizə hansı kommunikasiya kanalının Sizin üçün daha effektiv olduğunu deyə bilərsinizmi? Məsələn, yerli əhali və xaricilər üçün hansı kommunikasiya kanalı daha effektivdir?

Qeyd etdiyim kimi biz daha səmərəli yollarla yarışa tamaşaçı cəlb etməyə çalışırıq və hazırki dönəmdə onlayn vasitələrdən istifadə ən məhsuldar yoldur. Bu baxımdan həm yerli, həm də xarici auditoriya üçün onlayn marketinq imkanlarından yararlanırıq və büdcəmizin böyük hissəsini bu istiqamətdəki fəaliyyətimizə yönəltmişik. Həm yerli, həm də xarici auditoriya üçün sahib olduğumuz bütün aparıcı sosial şəbəkə və axtarış sistemlərinin imkanlarından istifadə edirik. Yerli auditoriya üçün əsasən Facebook sosial şəbəkəsi, xarici auditoriya üçünsə Google axtarış sistemi daha səmərəli nəticələr verir.

4.Hansı sosial şəbəkələrdə Formula 1 rəsmi səhifə ilə təmsil edilir və bu səhifələri neçə nəfərlik komanda idarə edir? İş bölgüsü haqqında bizi məlumatlandıra bilərsinizmi?

Ümumiyyətlə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün aparıcı sosial şəbəkələrdə, o cümlədən Facebook, Instagram, Twitter, Vkontante və Linkedində rəsmi hesabları var və bunlar vasitəsilə həm yerli, həm də beynəlxalq auditoriyaya öz müraciətlərimizi ünvanlayırıq. Bütün sosial şəbəkələrdə hər bir auditoriyanın öz dilinə uyğun şəkildə kommunikasiya həyata keçiririk. Bununla yanaşı Google və Yandex axtarış sistemlərininin imkanlarından da faydalanırıq. Bütün rəsmi səhifələrimizə ümumilikdə 4 nəfərlik heyət nəzarət edir və bu səhifələr peşəkar səviyyədə idarə olunurlar.

5.Bəzən səhifənizdə istifadəçilərin mövzuya uyğun olmayan və ya neqativ rəyləri ilə rastlaşırıq. Bu halda həll yolu olaraq nə edirsiniz? Neqativi necə idarə edirsiniz?

Biz rəsmi səhifələrimizdə bizə ünvanlanan sorğuları vaxt keçirmədən dərhal cavablandırmağa çalışırıq. Ancaq biz sadəcə bununlakifayətlənmirik. İctimaiyyəti maraqlandıran bütün suallara cavab verəcək şəkildə öz PR və kommunikasiya strategiyamızı qurmuşuq. Müntəzəm olaraq media nümayəndələri ilə birəbir və ya qrup şəklində görüşlər keçirir və ictimaiyyəti ən son yeniliklərlə vaxtında məlumatlandırırıq.

Bundan başqa, yarışa hazırlıq çərçivəsində beynəlxalq səviyyəli görüşlər və tədbirlər, o cümlədən konfranslar təşkil edirik. Bu il Azərbaycanda ilk dəfə olaraq biz ölkə iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən aparıcı şirkət rəhbərləri və həmçinin başqa ölkələrdə Formula 1 Qran Prisinin təşkilatçı şirkətlərinin ən yüksək səviyəli rəsmilərinin iştirakı ilə beynəlxalq konfrans həyata keçirdik. Burada Formula 1 yarışının keçirilməsini iqtisadi, sosial və digər faydaları müzakirə olundu, qarşılıqlı təcrübə mübadiləsi aparıldı. Konfrans ölkədə böyük rəğbət gördü. Nəticədə PR və kommunikasiya çərçivəsində reallaşdırdığımız işlər öz bəhrəsini verib ki, ümumi mənada yarışın keçirilməsi ilə əlaqədar mənfi rəylərə çox rast gəlmirik.

Son olaraq onu da qeyd edim ki, gələn il ərzində sosial media kanalları vasitəsilə Müştəri Xidmətlərinin İdarəolunması (CRM) sisteminin tətbiqini nəzərdə tutumuşuq. Bundan məqsədimiz onlayn vasitələrin imkanlarından yararlanaraq müştərilərin münasibətini daha effektiv şəkildə öyrənmək və ona müvafiq şəkildə kommunikasiya strategiyası qurmaqdır.

6.Formula 1 olaraq marketinq fəaliyyəti istiqamətində agentlikləri necə seçirsiniz? (Tender keçirilirsə, hansı amillər nəzərə alınır və elan harada yerləşdirilir?)

Bizim üçün gərəkli olan sahələrdə yeni şirkətlərlə əməkdaşlıq qurmaq üçün şirkətimizin Təchizat şöbəsinə müraciət edirik. Bu şöbə müvafiq qaydalara əsasən tenderi keçirir və uğurlu olan müraciətçi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalayır. Daha sonra biz öz marketinq fəaliyyəti ilə əlaqədar sifarişlərimizi həmin şirkətə göndəririk. İstər yerli, istərsə də beynəlxalq olsun, biz yüksək keyfiyyət və peşəkarlıq nümayiş etdirən hər bir şirkətlə işləməkdə maraqlıyıq. Bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Ötən il yarışın təşkilatçılığı işlərinə cəlb olunan şirkətlərin 60 %-i yerli şirkətlər idisə, bu il bu göstərici artaraq 80 % təşkil edir. Bu da onu göstərir ki, biz hər ötən il işə müvafiq təcrübə toplamış yerli şirkətləri cəlb edirik.

7.Hansı yerli və xarici agentliklərlə işləyirsiniz?

Marketinq fəaliyyəti olaraq xarici şirkətlərdən böyük Formula 1 təcrübəsinə malik “KHP Consulting” şirkəti ilə əməkdaşlıq edirik. Bu şirkət ilboyu yarışa hazırlığımızda və həmçinin yarış zamanı bizə hər üç istiqamət - marketinq kommunikasiyaları, piar və media əməliyyatları üzrə dəstək göstərir. Bundan başqa, biz ölkədaxilində olan marketinq fəaliyyətimizin səmərəli təşkili və həyata keçirilməsində bir sıra yerli şirkətlərlə birgə işləyirik.

8.Yəqin razılaşarsınız ki, bugün media ilə paralel olaraq bloqerlər/rəy liderləri də istehlakçılara müəyyən təsir gücünə malikdirlər. Siz bu istiqamətdə Azərbaycanda və xaricdə hansı bloqer/rəy liderləri ilə işləyirsiniz?

Ötən il Azərbaycanda ilk dəfə keçirilən Formula 1 Qran Prisindən əvvəl dünya ictimaiyyəti arasında bu yarış haqqında məlumatlılığı artırmaq üçün marketinq kampaniyalarını həm beynəxalq, həm də yerli səviyyədə həyata keçirdik. Dünyaca məşhur Formula 1 pilotu Fernando Alonso bizim xarici ulduz elçimiz kimi fəaliyyət göstərdi və ötən yarış mövsümündə Bakıda keçiriləcək yarışın təbliğatı ilə məşğul oldu. Bu il də xarici qonaq qismində keçmiş Formula 1 pilotu Devid Kulthartı Bakıya dəvət etdik. O da öz növbəsində Azərbaycan Qran Prisini təbliğ etməyə çalışır.

Yerli ulduz elçilərimiz də eyni prosesdə yaxından iştirak edirlər. Azərbaycanın tanınmış simaları Tünzalə Ağayeva, Murad Dadaşov və Miri Yusif bizim ulduz elçilərimizdir. Azərbaycanda Formula 1 azarkeşləri klubunun rəhbəri, Formula 1 yarışlarının tele-şərhçisi Rəhim Əliyevlə yanaşı beynəlxalq Formula 3 yarışlarında bizi təmsil edən gənc pilotumuz Gülhüseyn Abdullayev də minlərlə izləyicilərinə mütəmadi şəkildə Bakıda keçiriləcək növbəti yarış haqqında məlumat verərək bizə marketinq fəaliyyətimizdə böyük dəstək göstərirlər.

9.Keçən il xatırlayırıq ki, daha çox konsertlər və məhşur qonaqlar reklam edilirdi. Bu il isə istiqamət dəyişib. Bu nə ilə bağlıdır?

Ötən il olduğu kimi biz bu il də ilk növbədə Bakıda keçirilən Formula 1 yarışını təbliğ etməyə çalışırıq. Müsahibənin əvvəlində qeyd etdiyim kimi biz Bakıda avtoidman azarkeşlərinə yarışdan artığını vəd edirik. Bu baxımdan həm də ona çalışırıq ki, Formula 1 azarkeşləri Bakıda onları hansı əyləncə proqramlarının gözlədiyindən xəbərdar olsunlar.

Keçən ildəki kimi bu il də yarış həftəsonu zamanı dünyanın ən məşhur ulduzları Bakıda səhnəyə çıxacaqlar. Artıq onlardan birinin adı məlumdur. Türkiyənin dünyaca tanınmış müğənnilərindən Tarkan cümə günü canlı konsert proqramı ilə sevənləri üçün unudulmaz gecə yaşadaqcaq. Biz yaxın günlər ərzində yarış həftəsonunda Bakıda səhnəyə çıxacaq digər dünya ulduzlarının adlarını ictimaiyyətə elan edəcəyik.

10.Müsahibə üçün Sizə təşəkkür edirik. Daima mətbuatla olan səmimi ünsiyyətinizi təqdir edirik. Böyük məsuliyyətiniz var və bunun öhdəsindən yüksək peşəkarlıqla gəlirsiniz. Son olaraq, marketinq mütəxəssislərinə nələri tövsiyə edərdiniz?

Marketinq mütəxəssislərinə müraciətim çox sadədir: işinizi sevin, işə məsuliyyətlə yanaşın və daim keyfiyyət axtarışında olun. Uğurun sirri bu üçlükdədir!

Bu bölməyə aid digər xəbərlər.