Yazırlar » Bizim milli təlim bazarımız və Sat Group
Tarix : 2016-11-14 18:02:49 | Baxılıb : 671
Font Ölçüsü:   |  

Dostlar, bugün mən Sizə son illər aktuallaşan təlim bazarı və bu bazarın artıq ciddi oyunçusuna çevrilən SAT Group haqqında yazmaq istəyirəm. Əvvəla başlayaq ondan ki, niyə bizə təlim lazımdır?!

"Təlim işçilərin özünü daim formada saxlaması üçün çox vacibdir. Şirkət özü maraqlı olmalıdır ki, işçiləri işlədikləri sahələrin yeniliklərindən maksimum xəbərdar olsun. Eyni zamanda işçi özü mütəmadi olaraq öz inkişafına pul xərcləməli, kapital qoymalıdır. Dünya çox sürətlə dəyişir və Siz bu dəyişikliyə ancaq öz üzərinizdə mütəmadi çalışmaqla ayaq uydura bilərsiniz."

Azərbaycanda təlim şirkətlərinin artması və bu işə daha ciddi yanaşma 1-ci devalvasiyadan sonra başladı. İnsanların bir çoxu kütləvi şəkildə işini itirməyə başladı, digər bir qism işçi isə işini itirməsə də, öz işində ən yaxşılardan olmaq üçün təlimlərə yazılmağa başladı. Təbii ki, təlimlərə yerli və xarici təlimləri də daxil etməliyik. Eyni zamanda təlim şirkətlərinin sayı da artmağa başladı. Çünki artan bazar tələbi onlarda da maraq oyatmışdı. Qısa təsvir etsək, devalvasiyadan sonra vəziyyət aşağıdakı kimi oldu:

  • İnsanlarda özünü inkişaf etdirmə, peşə bacarıqlarının artırılmasına ciddi ehtiyac yarandı.
  • Artan bazar tələbini görən bir çox qurumlar bu işə diqqət ayırıb ya yenidən təlim şirkətləri qurdular, ya da mövcudun üzərində daha ciddi işləməyə başladılar.
  • Bazar tələbi çox sayda yerli mütəxəssisləri həm yetişdirdi, həm də özlərini sübut üçün yaxşı şərait yaratdı. Yerli mütəxəssislər həm qiymət münasibliyinə görə, həm də yerli bazarı daha yaxşı hiss etdiklərinə, bildiklərinə görə rəqabət üstünlüyü qazandılar.
  • Yerli şirkətlərimiz artıq öz daxillərində işçilərin təlimi üçün xüsusi şöbələr yaratmağa başladılar. Son 1 ildə şəxsən mənim tanıdığım ən az 6-7 belə şirkət var.

Dostlar, sosial şəbəkələrdə, fərqli müzakirələr zamanı bəzən eşidirik ki, bəzi insanlar təlim bazarının belə geniş vüsət almasına yumşaq desək isti baxmırlar. “İş görmür təlim deyir”, “hər yerindən duran təlim deyir”, “kimə lazımdı bu qədər təlim, seminarlar və s.” kimi sözlər eşidirik. Bu məsələlərə 2 fərqli prizmadan yanaşmaq lazımdır. Əvvəla onu deyim ki, yuxarıda yazdığım sözləri deyənlərin bir çoxları zamanında elm, maarif, insanlar savadlansın, kitab oxuyaq və s. kimi şüar səsləndirənlərdir. Və birdən onlardan belə ifadələr eşidəndə şok olursan ki, görəsən hansı halda səmimi idilər? Əvvəlmi, yoxsa indi dediklərindəmi?! Yəqin ki, ilk dediklərində səmimi olmayıblar. İkinci isə yuxarıda yazdığım kimi təbii olaraq bazarın tələbini görüb çox adam bu işə girmək istəyəcək. Digər bütün bizneslərdə olduğu kimi bu işdə də bazara girən çox, bazarda qala bilən az olacaq. Bu bəyəm həmişə belə olmayıb ki? Bu halda niyə bu cür faydalı iş iddiasında olan dostlarımıza dəstək olmayaq, onları daha da motivasiya etməyək ki? Zəif olan kim varsa, onsuz bazar özü sıradan çıxaracaq. Amma bu iş axı bazarda alver etməkdən, alver məntiqi ilə qurulmuş bizneslərdən ölkəmiz üçün daha faydalıdır, daha çox dəyər yaradır. Bunu bilə-bilə ona qarşı olmağı qətiyyən düzgün hesab etmirəm. Hələ devalvasiyadan öncə də bir çox təlim, konsultinq şirkətləri meydana çıxmışdı. Çox iddialı olanlar da vardı, amma indi? Hanı onlar? Siz onları nə qədər tez-tez görürsünüz? Alver məntiqli işlərdə qoyduğun vəsaiti tez geri götürmək olur, amma bu işlər bir az zəhmət tələb edir, zaman tələb edir. Ona görə də bu işə tam biznes kimi baxmaq da doğru olmur. Bu işin bəzən gətirdiyi su tökdüyü zibili təmizləməyə bəs eləmir. Ortada isə böyük zəhmət və vaxt itkisi qalır. Amma səbrlə bu işi davam edənlər mütləq şəkildə uğurlu olacaqlar. Necə ki, SAT GROUP bu işi artıq bacarıb deyə bilərik. Gəlin sadalayım nəyə görə.

Niyə Sat Group uğurlu ola bilir?

  • Əvvəla hər iş öz rəhbərinə oxşayır Azərbaycanda. Sat Groupun rəhbəri Azad bəy çox səbrli adamdır. Bu yazıdan heç özünün xəbəri yoxdur. Sadəcə mən Anar və İlkin müəllimlə söhbətlərimdə həmişə Azad bəyin səbrinə heyranlığımızı ifadə etmişik. Qətiyyən yorulmur və dayanmadan çalışır. Sizə zarafat gəlməsin, adam işini gücünü atıb ancaq bu işlə məşğul olur. Kobud desək yeganə dolanışıq yeri kimi Sat Group-dur. Və bu işə 2 il olmaz ki, başlayıb. Amma bax ki, bu qısa müddətdə nə qədər uğur əldə edə bilib. O proyektlərin bir çoxunda həm iştirakçı, həm da kənardan şahid olmuşam deyə çox rahat şəkildə dediklərimin arxasında duraraq yazıram.
  • Bugün Sat Group-u tanımayan stomatoloq yoxdur. Çünki ilk dəfə Azad bəy marketinqin ölkəmizdə çox az istifadə edilən sahəsinə, tibbi marketinqə yönəldi. Tibbə daxil olan sahələr içində daha çox kommersiyalaşmış və brendləşmə ehtiyacı hiss edən stomatologiyanı əsas götürüb STOMARKETİNQ kurslarını açdı. Şəxsən mən 50-yə yaxın stomatoloqla təlimdə oldum. Onların bir çoxunun marketinq təsəvvürləri yox idi, amma təlimdən sonra hamsının şəxsi səhifəsi, qiymət siyasəti, marketinq addımları, videoları və daha nələr, nələr. Marketinqi az-maz bilənə təlimin vacibliyini izah etmək çətin olur, indi gəl tibb işçilərinə izah et. Bu işi Sat Group bacardı. Elə ona görə də artıq neçənci təlim olduğu yadımda deyil, amma mütəmadi stomatoloq qrupları yığılır.
  • Azad bəy özü çox güclü satış ustasıdır. Bunu həm də bundan əvvəlki işində illərlə sübut edib. O dəfə mənə görüşdə adını, rəngini, dadını bilmədiyim çayı necə təriflədisə, içmək bir tərəfə, o işə girişəcəkdim az qala. Sat Group-u yaradandan sonra SMM təlimləri, Praktiki Satış Kursu, Satışa Rəhbərlik kursları kimi bölmələr də yaratdı. Biz AİR olaraq bütün bu proyektlərdə yaxından və ya uzaqdan iştirak etmişik. Sat Group bir çox təlim və təlimçilər kimi, söz olaraq yazmır 100+ şirkətə təlim və konsultasiya veririk falan. Realda onları adları ilə bütün bazar tanıyır. Məsələn, ötən həftələrdə Sat Group maraqlı bir yenilik edərək Klinika Rəhbərləri ilə təlim proqramını Şamaxı Şərədil Oteldə 3 günlük etmişdi. Şəkillərə əvvəlki linkdən baxa bilərsiniz. Biz də təlimçi kimi dəvət edilmişdik. Təsəvvür edə bilməzsiniz ölkənin öndə gedən klinikalarının rəhbərləri, menecerləri ilə görüş necə həzz verirdi. Biz tibbi daha dərindən öyrənir, onlar isə bu işin marketinq, pr, crm və satış tərəfini. Mən şəxsən çox sevinirdim ki, klinika rəhbərləri hansısa marketinq alətindən istifadə edib uğur qazanır və bunu orada bildirirdilər. İnsanların bir-birinə qarşılıqlı faydalı olması həqiqətən gözəl duyğudur.

Dostlar, yazıçı Seymur Baycanın bir məqaləsində oxumuşdum. İnsanın hər şeyinə, evinə, maşınına, daxili və zahiri gözəlliyinə də bəlkə paxıllıq etmək olar, amma onun zəhmətkeşliyinə əsla. Çünki o insanla bir yerdə doğulmur, sonradan verilmir. O insanın özü tərəfindən qazanılır. Mən sevinirəm ki, bugün Azərbaycanda da işinə bu qədər ciddi professionallıqla yanaşan yeni, gənc şirkətlərimiz yaranır, inkişaf edir.

Yenə Sat Group təşkilatçılığı ilə 25-27 noyabr, 3 gün ard-arda intensiv şəkildə Satışa Rəhbərlik Kursu olacaq. Və bu dəfə də həftəsonu yorulmadan dincələ-dincələ şirkət işçiləri ilə görüşəcəyik. Təlimçilərdən biri də mənəm. Ətraflı öyrənmək, iştirak etmək istəsəniz, buradan oxuya bilərsiniz.

Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Pisə pis sözünü rahat deyə bildiyimiz kimi, yaxşıya da yaxşı deməyə dilimiz gəlməlidir. Dünyanın ən təvazökar insanı belə onun əməyinə qiymət verilməsinə ən yaxşı halda etiraz etməz :)Bu yazını da təlim bazarımız və bu bazarın ciddi oyunçusu olan Sat Group-a həsr etmək istədim.

Növbəti dəfə daha faydalı olmaq ümidilə…