VirDuel » Böhran fürsət deyil, həm də fürsətdir
Tarix : 2016-04-01 11:05:37 | Baxılıb : 1353
Font Ölçüsü:   |  

VIRDUEL bölməsinin bu dəfəki müsahibi “Marketing AIR” və “Milli Marketinq Forumu”nun təsisçilərindən biri, 2009-cu ildən 2015-ci ilin iyununadək İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru, 2015-ci ilin oktyabr ayınadək isə həmin şirkətdə idarə heyətində Marketinq Auditi üzrə direktor, hazırda Gilan Holdqinq FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində çalışan Rafiq Hunaltaydır.

Marketinqdə olan bütün problemlər bilgisizlikdən qaynaqlanır.

Rafiq bəy, əvvəllər Azərbaycan Dövlət Turizm İnistutunda, hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində MBA dərəcəsi üzrə Marketinq sahəsində təhsil alanlara dərs deyirsiz. Kadrların yetişməsində iştirak edən müəllim kimi, Azərbaycanda marketoloqların peşəkarlıq dərəcəsini indi və yaxın 3 ildə necə görürsüz?

Əslində istəklər çox yüksəkdir. İnsanlar istəyirlər ki, öyrənsinlər marketinqi. Gənclər də bunun vacibliyini anlayır. Bu gün MBA-da marketinq təhsili alanların çoxu heç marketinq təhsilli deyil. Xarici Dillər Universiteti və digər universitetin məzunlarıdır. Həmçinin universtitetlər də bunu anlayır. Ancaq resurs kifayət etmir. İstər müəllim resursu, istərsə metodik vəsaitin dolğunluğu, tədrisin keyfiyyəti hələ ki, yuxarı səviyyədə deyil. Ona görə də yaxın 2-3 ildə xüsusi inkişaf dəyişikliyi gözlənilmir. Amma istənilən halda öz üzərində çalışan marketoloqa, xaricdən gələn marketoloqa daha çox üstünlük veriləcək.

Bizim ölkədə copywriterin inkişafına mane olan amillər hansıdır? Məsələn Türkiyə və digər qonşu ölkələrlə müqayisə edəndə aydın görünür ki, bizim ölkədə bu sahənin inkişafında ləngimələr var. Dil amili burada rol oynayırmı?

Deməzdim ki, dil amili rol oynayır. Marketoloq və ya copywriter üçün dillə oynamaq problem olmamalıdır. Hər sözdə, hər ölkənin dilində ona uyğun maraqlı nələrsə yaradıla bilər. Burada müxtəlif amillər rol oynayır. Bizdə marketoloqlar bəlkə də Türkiyədəki qədər müstəqil deyillər, ona görə onlar limitlənirlər. Öz istədikləri cümlələri müdirün təsdiqindən keçirdə bilmirlər. Bu bir nüansdır. Buna görə 100-lərlə müzakirənin sonunda şablon mesaj seçirlər. Başqa bir nüans olaraq milləti tanımamaq da rol oynayır. İnsanları tanımırlar, ancaq rasional mesajlar verirlər. Emosiya yoxdur. Amma son zamanlar artıq görürsüz ki, radio reklamlarda, televiziya reklamlarında biraz gülməli nələrsə etməyə çalışırlar. Bu bəzən bayağı alınır, bəzən düz – əməlli alınır. Əsas səbəb kimi mən müstəqilliyin olmamasını görürəm. Bizim marketoloqlar Türkiyədəki qədər müstəqil düşünə bilmirlər.

Şirkətlər marketinqi yalnız reklam kimi görürlər. Bəs reklam marketinq işinin neçə faizini təşkil edir?

Faizlə nisbəti söyləmək çətin olar. Elə bir ölçü yoxdur. Amma reklam marketinqin tərkib hissəsidi. Yəni, istəkləri reallaşdırmaq üçün sadə bir alətdi. Marketinqin məqsədinə xidmət edən alətlər toplusu mövcuddur. Marketinq özü isə şirkətin gəlir əldə etməsi üçün həyata keçirdiyi fəaliyyətdir. Reklam da gəlirin əldə edilməsi məqsədinə xidmət edən bir alətdir. Deməzdim ki, onlarla alətdən biridir. Lakin ən önəmlilər sırasına daxildi. Reklam müştərilərin alış-veriş psixologiyasına, qərarlarına ciddi təsir edir. Uzun müddət marketinqin digər alətləri istifadə olunmadığına görə, daha üzdə görününən alət reklam olub. Bəzi alətlər və vasitələr var ki, insanlar onlaran istifadə etmir. Çünki onlar daha rahat istiqamətlər üzrə irəliləməyi üstün tuturlar. Hazırda rəqəmsal marketinq və ya deyək birbaşa müştərilərlə münasibətdə olan alətlər daha çox işləyir. Ona görə reklam sferasını inkişaf etdirmək hər marketoloqun işi deyil. Bunu hər kəs bilmir. Ona görə hər kəs reklama fikir verirdi. Amma indi kütləvi kanallar işləmir. İndi biznesin konkret hədəfi olmalıdı. Həm də ənənəvi kanallara sərf etməyə pul da yoxdu. Buna görə hər adam qəpiyin arxasınca qaçmağa məcbur olur. Bu qəpiklər də elə xərclənməlidi ki, reklam müştərinin üzərində qurulsun. Qısası, ancaq reklamın marketinqdə bir zamanlar əsas rol oynamasının səbəbi kütləvi pullar idi. Hamı pul xərcləyib nəsə iş görürdü, işin dərininə getmirdi. Amma indi məcbur olaraq müxtəlif yolları öyrənməlidilər. Xərclədiyin pulun geri dönüşünün nə qədər olacağı və ya ümumiyyətlə olacağı haqqında indi daha çox düşünməlisən.

KSM ağac əkib ona su vermək deyil

Hazırda Azərbaycan şirkətlərinin, marketoloqlarının KSM qavrayışı hansı vəziyyətdədi? Bizdə anlayırlarmı ki, KSM marketinqin vacib hissələrindən biridi?

KSM-dən istifadə edən şirkətlər var. Amma onlar çox böyük şirkətlərdi və ya əsasən əsasən dünyəvi şirkətlərdir ki, Azərbaycanda da dünyada olan kampaniyaların lokal formasını tətbiq edirlər. Deməzdim ki, şirkətlər bunu anlamır. KSM-in nə olduğunu birinci marketoloqlar anlamalıdı. KSM təkcə uşaq evinə getmək və ya ağac əkib ona su vermək deyil. Hər şey bilgidən qaynaqlanır. Dünənə kimi yuxarıda sadaladığım şeylər KSM kimi anlaşılırdı. Bunun da səbəbi bilgisizlikdir. Marketinqdə olan bütün problemlər bilgisizlikdən qaynaqlanır. İndi isə vəziyyət fərqlidi. Müxtəlif və çoxşaxəli layihələr həyata keçirilər. Bu yaxınlarda PG dünya üzrə maraqlı araşdırma edib. Müəyyən ediblər ki, həbsxanadakı məhbuslar uşaqlardan daha çox təmiz havada olurlar. İlk baxışdan maraqlı KSM layihəsi kimi gəlir, amma sonlarına fikir verəndə görürsən ki, son hədəf KSM-lə məhsulunu satmaqdır. Burada da mesaj o idi ki, buraxın uşaqlar çöldə oynasın, üstü-başı çirklənsin, paltarlarını da filan yuyucu ilə yuyun.

Bu sahədə tövsiyyə xarakterli və ya həvəsləndirici qanuna ehtiyac varmı? Məsələn, KSM bücdəsi ilə bağlı?

KSM-lə bağlı bəzi qanunlar qüvvəyə minsə əla olar. Amma onların işləyəcəyinə inanmıram. Bəlkə də elə qanunlar var, amma bizim xəbərimiz yoxdu (gülür). Varsa, işlədiyinə də inanmaq olmur. Düzdü, bizdə demək olar ki, bütün qanunlar var. Əgər belə şeylər varsa, bütün büdcə şəffaf olmalıdı. Çünki sən sosial büdcənin nə qədər olduğunu sübut etməlisən. Hazırda bunları tətbiq eləmək çox çətindi. Hökümət və ya bu işlə məşğul olan qurumlar sadə yoxlama ilə hansısa şirkətin hansısa miqdar pul xərclədiyini öyrənsə və ona müəyyən güzəştlər tətbiq etsə, yaxşı olar. Məsələn, əvvəl banklar deyirdi ki, sən nə qədər maaş alırsansa, onun üç qatı qədər kredit verə bilərik. Misalçün 180 manat rəsmi maaş alana 500 manat kredit veridilər. Amma bir çox banklar bunu qəbul etmədi. Çünki hamı bilir ki, heç kəs rəsmi olaraq 180 manat maaş almır. Bunu anlayan banklar limtiləri daha çox edirdilər, daha çox məbləğdə kredit verirdilər.

Radio çıxanda dedilər ki, qəzetin dövrü öldü. Televizor çıxanda dedilər ki, radionun dövrü öldü. İnternet çıxanda isə, hamısının dövrünün öldüyünü deyirdilər. Bəs bu cür yanaşmada, rəqmsal marketinqin fonundan ənənəvi marketinq kanallarının bazarları ölürmü?

Əslində bazar heç vaxt ölmür. Sadəcə olaraq transformasiya olunur. Hansısa keçidlər baş verir. Məsələn, real statistikaya nəzər salsaq, televiziya ildən ilə inkişaf edəcək. TV-nin həm reklam büdcəsi, həm də baxış sayı çoxalacaq. Bunu mən həmişə demişəm. Bir dəfə “twitter”in marketinq departemantinin əməkdaşının bir sözünə rast gəlmişdim. O deyirdi ki, biz istəmirik televiziya ölsün. Bunu onunla əsaslandırırdılar ki, insanlar “twitter”də paylaşmağa nəsə tapa bilməyəcəklər. Yəni, insanların müzakirə etməyə mövzusu olmayacaq. Tutaq ki, 1000 nəfər bir seriala baxır. Həmin insanlar ortalama 5 min twit paylaşır. TV olmasa, bu twitləri atan olmayacaq. Hər şey ümumi kontentdən qaynaqlanır. Televiziya da ildən – ilə artır. Amma artsa belə, effektivlik aşağı düşür. Əvvəl bir insan 1 saat ərzində 4-5 dəfə kanal dəyişib, nələrəsə baxırdısa, indi həmin insan o bir saat ərzində həm telefonla danışır, həm planşetində qurdalanır, həm də TV-yə baxır. Bu müddət ərzində insanın diqqəti harda daha çoxdu? Yəni, şirkət çalışmalıdı ki, insanın aktiv olduğu hər yerdə fəaliyyət göstərsin, bütün kanallarda reklam versin. Lakin bu, çox baha başa gəlir. İnternet bu cəhətdən ölçə bilən yeganə mediadı, amma bu o demək deyil ki, internet inkişaf etdikcə ənnəvi kanllar öləcək. Beynəlxalq statistikaya görə isə 2017-ci ilin sonunda internet reklamları tarixində ilk dəfə tv reklamları ötəcək. Lakin Azərbaycanda yaxın 2-3 ildə bunu gözləmək düzgün deyil.

Bəs necə düşünürsüz, televiziyalar və ya ənəvi media reklam qiymətlərini aşağı salacaq?

Əslində bir nəfərə düşən xərclə görə televiziya ucuz sayılır. Çünki orda reklam ucuz başa gəlir. Amma yenə də effekt söhbəti ortaya çıxır. Məsələn, Azərbaycanda televiziya kontenti o qədər zəngin deyil. Yaxın illərdə də zəngin olacağını gözləmirəm. Ən yaxşı halda mobil və internet inkişaf edəcək. Məsələn, radioda da müxtəlif layihələr görə bilərik. Amma TV-də inandırıcı deyil.

Bizdə hansısa şirkət marketoloqu işə götürəndə ondan çox şey tələb edir. Məsələn, tələb edirlər ki, mediaplanı da o yazsın, satış işini də o görsün, analiz və araşdırmaları da o eləsin. Qısası, hər şeyi eyni adam eləsin. Şirkət rəhbərləri düşünürlər ki, bir nəfər maaş verəcəm, bütün işləri o görəcək? Bu nə dərəcədə effektiv addımdı?

Bu üsul effektiv deyil. Amma işlərə real yanaşmaq lazımdı. Orta bir şirkət eyni zamanda 10 nəfəri birdən işə götürə bilməz. Adətən yeni işə başlayan şirkətlər 2-3 marketinq menecerini işə götürür. Onlar da hər şeyi edir, axırda bir maksimum nöqtəyə gəlib çatırlar. Amma müəyyən müddət sonra hər şey peşəkarlığa dayanır. Vaxt gəlir ki, çörək çörəkçidə olur, yəni hər kəs öz işini görməlidir. Yəni, şirkətin inkişafının bir yerinə qədər bu üsul faktiki işləyir və realdı. Lakin müəyyən pillə sonra bu üsul işləmir. Çünki belə olanda bir işin dalınca allah-allah deyib getməməlisən, araşdırmasını edib getməlisən. Məsələn iki il əvvəl bir şirkətin CRM-ni də, sosial şəəbəkələrini də bir nəfər işlədirdi. İndi isə elə deyil. Hər sahə üzrə öz mütəxəsisi olmalıdı. Deyərdim ki, bunlar həm də büdcədən asıldı. Hər şirkət bir departamentə bir neçə işçi götürmək istəmir.

Banklar səhifələrini artırmaq üçün xarici İP-lərdən istifadə edirlər. Bu, bir çox şirkətlərdə müşahidə olunur. Sizcə, bunu niyə edirlər?

Burda çox versiyaları sadalamaq olar. Analizi özünüz də gördüz. Təbii ki, ən əsas amillərdən biri göstərişdi. Ola bilər ki, rəhbərlik bunu tələb edir. Məsələn, rəhbərlik deyir ki, sən istənilən yolla rəqibini sosaial şəbəkədə izləyici hesabına görə keçməlisən. Hansı yolla keçirsənsə keç. O da məcbur olub ordan-burdan izləyici toplayır. Belə olanda isə işçi rəhbəri aldadır. Bir məsələ də var ki, işçi asan yola qaçır. Məsələn, Azərbaycanda 1,5 milyon facebook istifadəçisi varsa, onun 500 mininin səni izləməsi üçün daha çox pul xərcləməli olacaqsan. Türkiyədə 70 milyona adam yaşayır, orda səni 500 minin izləməsi üçün isə daha az xərcləyəcəksən. Yəni, insan daha asan yola qaçır. Amma bu rəhbərliyin də tələbi ola bilər.

Ən uzun iş karyeranız “İdeal”da olub. Bəs 7 ildən sonra niyə ayrıldız?

Bu haqda yazmışam. Amma hər dəfə fikirləşirəm ki, nə yazmışam (gülür)? Səbəblər çox idi. Səbəblərdən biri o idi ki, doymuşdum. Və təkcə mən yox, şirkət də məndən kifayət qədər “doymuşdu”. Çünki iş insanda rutinə çevriləndə o, yeni həyəcan, yeni risklər axtarır. Bunlar yoxdusa, təbii ki, geri addımladığınızı düşünürsüz. Əslində bir iş yerini, konfort sferasını tərk etmək çətindi. Mən “İdeal”da yaxşı şəraitlə təmin olunmuşdum. Hər şey də ürəyimcə idi. Onu rahatlıqla dəyişmək istəməzdim. Amma insan hər zaman özünü inkişaf elətdirməlidi. Bu cəhətdən doyduğumu hiss elədim. Şirkət tərəfindən həm də demokratik mühit formalaşmışdı. Lakin şirkətin verdiyi bəzi qərarları mən öz prizmamdan düzgün hesab eləmədim. Bu da təsir etdi, amma çox da ciddi rol oynamadı. Amma bu da rol oynayırdı. Mən gedişatın o pilləsində yer almaq istəmədim. Verilən qərarlara da hörmətlə yanaşıb ayrıldım. Qazandığım çox şeylərə görə də məhz İdeala borcluyam.

Bizim eşitdiyimizə görə, sizin vəzifəniz artırılmışdı. Bu, hesablanmış addım idi. Yəni, vəzifə ilə yanaşı işləriniz də çoxalacaq, sizə də bütün işlərin öhdəsindən gələ bilməyəcəksiz və işi tərk edəcəksiz…

Qətiyyən elə deyil. Əslində vəzifəm qalxandan sonra işlərim azalmışdı. Çünki mən icraçı yox, nəzarətçi olmuşdum. Nəzarət mənim üçün daha asan iş idi. Yəni, səbəb 100% o deyildi. Dediyim kimi, çətin bir strateqiya seçmişdilər. Amma mən bununla razılaşmadım. Həm də bayaq dediyim doymaq məsələsi var idi. Bu arada yadıma düşmüşkən mütləq deməliyəm ki, marketoloqun yaxşı müdiri olanda bəxti gətirir. Mənim bu sarıdan bəxtim yaman gətirmişdi (gülür) Hər şirkətdə İdeal rəhbəri İlqar müəllim kimi açıq fikirli, yeniliyə açıq insanlar, riski sevən rəhbərlər olmur. İdealın uğurlarında rəhbərin bu xüsusiyyətinin də ciddi rolu var. Bu gün də münasibətlərimiz çox yaxşıdır, harda olmağımdan asılı olmayaraq tam səmimiyyətimlə deyirəm ki, İlqar müəllim mənim həmişəlik müdirimdir. Tərifi və yaltaqlanmağı sevmədiyimi O, özü də bilir. Ona görə bu qətiyyən tərif falan deyil. Nə var odur, zorla deyil ki 

İlkin bəydən müsahibə götürəndə demişdi ki, Azərbaycan biznesinin ən böyük problemi biznesdə məmur adının olmasıdı. “İdeal”da işlədiyiniz dönəmdə şirkətdə məmur nəzarətinin olması işinizə müsbət təsir edirdi, yoxsa mənfi?

Ümumiyyətlə, axır vaxtlar İlkin müəllimdə məmurlaşma meyllərini hiss edirəm. Həm tək mən yox, dostumuz Anar Bayramov da hiss edib bunu. Çox təkidlə çalışırıq onu bu istəkdən uzaqlaşdıraq. O da sağ olsun, bizə qulaq asır. Yəqin bu sözləri də o ərəfələrdə deyib. (gülür) “İdeal”da işlədiyim müddətdə nə öz, nə də rəhbərliyin qərarlarının heç birində məmur təsiri hiss etməmişəm. Bazarda pay sahibi olmağımızda da məmurun rolu qətiyyən yox idi. Çünki şirkətin inkişafının ən çətin və ən yaxşı mərhələlərində yaxından iştirak etmişəm, bütün hadisələri öz gözümlə görmüşəm. Əminliklə deyirəm ki, bütün inkişaflar böyük əziyyətlər hesabna başa gəlib. Bazarda bizdən daha çox öndə olan rəqib var idi. Onlar həm brend, həm də müştərilərin alışı baxımından bizdən qabaqdaydı. Amma biz yalnız bazar qanunları və müştəri məmnuniyyətinin əsas prinsip ideyası ilə addımlamışıq və nəticə əldə etmişik.

Siz “İdeal”da işlədiyiniz vaxtdakı inkişaf tempi ilə indikinin arasında nə dərəcədə fərq var?

Bu haqda nəsə deməyim düz çıxmazdı. Məncə buna kənardan baxıb, qiymət versələr daha yaxşı olar.

Heç kəs belə fürsəti arzulamır

Razısızmı ki, böhran pozitiv bir hadisədir?

Yox, razı deyiləm. Niyə pozitiv olsun ki? Heç kim böhrana ürəkdən sevinmir. Ona görə də böhran fürsətdir deyib bayram edənlərin səmimiyyətinə inanmıram. Bu bir az publikaya oynamaq kimi gəlir. Düzdü, böhran olubsa, edə biləcəyin bir şey yoxdu. Sən ondan nəsə əldə etməlisən. Bundan yararlanmalısan. Qısası, böhran fürsət deyil, həm də fürsət deməkdir. Amma səmimi olsaq, heç kəs belə fürsəti yumşaq desək, arzulamır.

Böhranın yaratdığı fürsətlər hansılardı?

Bunlar çox sadə və teoretik fürsətlərdi. Məsələn, böhran olanda şirkətlər daha az reklam edir, bazardan çəkilirlər. Böhrandan əvvəl sizinlə eyni səviyyədə inkişaf edən, reklam olunan 20 şirkət var idisə, böhran vaxtı say 4 və hətta 5 dəfə azalır. Yəni, 4-5-nin arasında fərqlənmək 20-nin arasında seçilməkdən daha asanddı. İkinci tərəfdən böhran vaxtı alacağınız xidmətlər daha ucuzlaşır. Böhrandan əvvəl sizə xidmət edən şirkətlər 100 dənə idisə, böhrandan sonra onlar əriyir, qalır 20 dənəsi. Onlar da qiymət siyasətinə dəyişiklik etməli olurlar. Məcbur olurlar ki, sizə daha yaxşı xidmət göstərsinlər ki, bazarda qala bilsinlər. Nəticədə onlar da qiyməti daha münasib etməyə məcbur olurlar.

Böhran proqnozlaşdırılan idi?

Düzdü, ölkəmizdə böhranın bu qədər tez olacağını gözləmirdim. Mənimçün böhranı iqtisadi proqnozlaşdırmaq çətin idi. Mən düşünmürəm ki, iqtisadi proqnoz məntiqən buna gətirib çıxartdı. Uzun müddətdə isə bu gec-tez olmalı idi.

Böhran karyeranıza təsir etdimi?

Karyerama təsir etmədi. Sadəcə işimi dəyişən ərəfədə böhran baş verdi. Bu da öz təsirini göstərdi. Amma narazı deyiləm. Bu da mənə ayrı stimul və çağırış oldu. Çünki bir çox marketoloqlar böhran dövründə işləməyiblər. Onlar deyirdilər ki, biz böhran görməmişik. Lakin indi bir marketoloqun fəaliyyəti üçün əsl dövrandı. Əgər marketoloq uğurludusa, işi ilə özünü daha tez göstərəcək. Yəni, əvvəl büdcə var idi, reklamını verirdin, işini görürdün. İndi isə hər qəpikdən mənfəət gözləmək lazımdı. İnanıram ki, vaxt gələcək, ad çəkəndə deyəcəklər ki, bunlar böhran dövrünün marketoloqlarıdır 

Hazırda çalışdığınız şirkət gündəlik tələbat məhsulları istehsal edən şirkətdir. Və bu şirkətdə strateji marketinq mütəxəssis kimi çalışırsız. İşlədiyiniz sahə ilə bağlı hər hansı müşahidə və ya analiz varmı, insanların yerli istehsal məhsullarına xaricdən ixrac olunan məhsullarla müqayisədə münasibəti necədir? İnam və digər amilləri də nəzərə alaraq…

Hazırkı dönəmdə insanlar yerli və xarici məhsul deyə bölmürlər, qiymətə görə bölgü edirlər. Çünki indi ucuz nə varsa alırlar. Fərqi yoxdur o ucuz olan xaricidir ya yerli istehsal. Ancaq hansı şirkətlər ki, bacarır həm qiyməti ucuz etsinlər, həm də keyfiyyətli məhsul satsın, həmin şirkətlər böhran bitən kimi parıldayacaqlar. Çünki böhran dövründə müştərilər məhsulu ucuz alır, həm də xidməti ucuz almağa razılaşırlar. Çünki bilir ki, əvvəllər bu baha idi, indi ucuz verirsə, demək əvvəlki kimi xidmət göstərməyəcək. Bunu böhranın qanunauyğunluğu hesab edirlər. Ancaq böhran bitən kimi heç vaxt o məhsulu almayacaqlar.

Bizim ölkəmizdəki gündəlik istehlak məhsulları istehsal edən şirkətlərin xaricə ixracatı yəqin ki, var…

Bəli var.

İnsanlar arasında bir deyim var ki, xaricə ixrac olunan məhsullar daha keyfiyyətli olur, yerli bazarda keyfiyyətsiz məhsullar satılır.

Əslində bu realdır. Çünki xaricə çıxanda onların tələbatları yüksək olur. Ona görə yox ki, şirkətlər xaricə çıxardırlar və şəxsi təşəbbüsləridir ki, yüksək keyfiyyətli olsun, xeyr. Xaricə gedən məhsullara tələb olunan sertifikatlar, çox yüksək səviyyədədir və siz ona əməl etməsəniz bazara zatən buraxılmazsız. Amma yerli bazarda qaydalar bu qədər sərt deyil deyə belə streotip formalaşıb. Amma burada formalaşmış streotiplərin də payı var ki, bizdə satılırsa, yerli istehsaldırsa demək keyfiyyət yüksək deyil. Həm də biraz özümüzə qarşı önyarğılıyıq. Geidb eyni məhsulu xaricdən alanda daha yaxşı görsənir.

Marketinq AIR olaraq siz, Anar Bayramov və İlkin Manafov istəsəydiniz özünüz bir marketinq xidmətləri göstərən şirkət yaradıb, müxtəlif şirkətlər üçün podratçı formada işlər görə bilərdiz. Ancaq bunu etməyib, hər biriniz ayrı – ayrılıqda hansısa şirkətdə çalışırsız? Niyə öz şirkətinizi yaratmayıb, başqa şirkətdə işləməyə üstünlük verdiniz?

Əvvəla qeyd edim ki, AİR-də olanlardan 2 nəfər şirkətdə çalışır, mən və Anar Bayramov. İlkin Manafov isə özü sahibkardır. Sadəcə səbəb budur ki, biz AİR-ə biznes kimi yanaşmırıq. Biznes olmadığı üçün də biz ona sərbəst və ən gözəl vaxtımızı ayırırdığımız bir peşə kimi baxırıq. Əgər biznes kimi baxsaydıq rəsmiləşdirərdik, biznes kimi fəaliyyət göstərərdik. Biznes olmadığı üçün də biz kiməsə nəyisə öyrətmirik və ya düşünmürük ki, özümüz o səviyyəyə gəlmişik ki, hansısa şirkətə konsaltinq xidməti göstərək və ya öyrədək. Biz sadəcə bu ana qədər qazandığımız təcrübələri paylaşırıq. Amma kimlərsə bunlardan nəsə öyrənir, kimsə bildiyini təkrar edir, kimsə yeni əlaqələr üçün gəlirlər və s. Amma çox sevinirik ki, biz 4 ildir ardıcıl olaraq artıq 8-ci AİR təlimlərini bitirmək üzərəyik. Həm də ona görə sevinirik ki, bizim hal-hazırda 300-ə yaxın məzunumuz fərqli şirkətlərdə uğurla çalışırlar və bu uğurda az da olsa, AİR-in rolu olub. Bu hiss özü nəyə desən dəyər.

Ancaq belə baxanda bir çox marketoloqlar bir neçə il işləyəndən sonra öz şirkətlərini yaradırlar. Buna münasibətiniz necədir?

Marketoloqun bir müddət sonra özünün öz işinə sahib olması normal haldır.

Xeyr, sırf konsaltinq şirkəti yaradırlar, öyrədirlər.

Mən konsaltinq bazarının azərbaycanda çox böyük olduğunu və çox da tələb olunan sahə olduğunu düşünmürəm.

Yerli konsaltinq bazarında olan iştirakçılar qaneedicidirmi?

Mən çox tanımıram düzü. Məsələn bu adam məhz konsultantdır, işi budur və ancaq bu işlə məşğuldur. Elə çox tanımıram. Tanıdıqlarımın da işlərinə çox bələd deyiləm ki, yaxşıdır və ya pisdir. Gördükləri işlərlə bağlı açıq məlumatların da olmaması açıq analiz etməyə imkan vermir.

Bəs bazar araşdırmaları bizdə niyə çox inkişaf etmir?

Bazar araşdırmaları bundan sonra inkişaf edəcək. Bu vaxta qədər inkişaf etməməsinin səbəbi yuxarıda qeyd etdiyim ehtiyac görməməkləri olub. Çünki şirkətlər səhv edə – edə inkişaf etməyə üstünlük verirdilər. Əvvəl 10 manat qazanırdıar, 4 manat itirəndə heç bir narahatçılıq olmurdu ki, 6 manat qalır zatən. İndi isə 1 manat da xüsusi rol oynayır və insanlar heç vaxt gələcəyini görmədiyi bir sahəyə yatırımlar etmək istıməyəcklər. İstəyəcəklər ki, inansınlar, bilsinlər ki, bu biznes ona necə kömək edəcək. Amma bu vaxta qədər bəzən bazarda eyni məhsuldan 2 ədəd olurdu. Demək bu vaxta qədər ehtiyac hiss etmirdilər ki, aşardırsınlar ki, məsələn istehsal etdiyi bu şampun adında başqa şampun varmı?

Sonuncu sualı Milli Marketinq Forumu (MMF) ilə bağlı verim. Dövlət MMF-in daha böyük formatda keçirməklə bağlı təkliflər versə, qəbul edərsizmi?

Dövlət, yəni kim?

Məsələn, İqtisadi İnkişaf Nazirliyindən tutmuş, Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə qədər müxtəlif rəsmi qurumlar.

Müzakirə oluna bilər. Yəni müzakirəyə açığıq. Ancaq hər şey məqsəddən asılıdır. Məqsəd ümumi mənafelərə xidmət etmək, marketinqin inkişafına xidmət etməkdirsə, biz bunu müzakirə edə bilərik. Amma ümumilikdə MMF təsisçilərinin fikri budur ki, bacardıqca daha çox müstəqil olmaq. Marketinq özü müstəqilliyi çox sevir. Müstəqil olanda bazarda özün öz ayaqların üzərində durmağa daha çox məcbur olursan və belə olanda daha çox inkişaf edirsən. Biz hər şeyi dövlətdən gözləməmək lazımdır qayəsinə inanırıq. Özümüz də maksimum nələrsə edə bilərik deyə düşünürəm və 4 ildir ki, bu işlə də məşğuluq. İnanıram ki, MMF Azərbaycan marketinqinin inkişaf tarixi haçansa yazılsa, mütləq şəkildə bir-neçə səhifə buna ayrılacaq.

Mənbə: Qaynar.info

Bu bölməyə aid digər xəbərlər.