fmr sorğu » Bu həftənin tv reytinqləri
Tarix : 2012-01-01 12:00:00 | Baxılıb : 9648
Font Ölçüsü:   |  

Biz reklam sahəsində çalışan adamlarıq. Və əksər vaxt da hər hansı bir reklam kampaniyasının kommunikasiya kanalları vasitəsilə yayımı haqqında düşünəndə ilk olaraq ağlımıza “reklamı harada yerləşdirsəm, effektli olar” fikri gəlir. Həmin o fikrə bir çox nüanslar təsir edir ki, sözsüz o nüansladan ən əsası reytinqlərdir. Rəsmi reytinq listləri və ictimai fikrin öyrənilməsi sayəsində nəyin daha baxımlı və nəyin daha “baxımsız” olduğunu müəyyən edirik. İctimai fikrin öyrənilməsi çox vaxt subyektiv fikrə dayandığından düz olmaya da bilər. Çünki dərinə getsək, az fərqlə kütlənin maraq dairəsi ilə uyğun gəldiyini görə bilərik. Azərbaycanda əsasən tv kanallarındakı verilişlər reytinqlərə görə hesablanır və reklam yerləşdirilməsində mütləq şəkildə nəzərə alınır. Marketinq sahəsində çalışanlar üçün ümidvaram ki, maraqlı olacaqdır və ya olmalıdır. Facemak olaraq xatırladım ki, reytinqlərin paylaşılması bu sahə üçün ilk və çox cəsarətli addımdır. Xatırladaq ki, aşağıdakı nəticələrdə saytımızın facebook səhifəsində sorğularda iştirak edən 12000-dən çox insanın fikri və şəhərdə keçirilən rəy sorğularına əsasən gəlinib.

Başlayaq tək-tək kanallardan və sonda ümumi olaraq bütün kanallar və verilişlər üzrə reytinq cədvəli haqqında danışacağıq.

ANS

ANS kanalında ilk onluq belədir; 1) Dodaqdan Qəlbə serialı 2) El Gizli Axşamlar 3) Yabancı Damat serialı 4) Xəbərçi 5) De Gəlsin Şou 6) Günə Baxan 7) Toylar Kralı 8) Mozalan satirik telejurnal 9) Bazar Səhəri 10) Xəbərin İzində

İlk 10-luqda gördüyümüz kimi serial və şoulardır. Digər kanallara da gələcəyik hələ, amma öncədən qeyd edim ki, türk serialları Azərbaycan dilinə tərcümə olunandan sonra belə reytinqlərini uduzmadı. Qısa desək ANS üzrə ən çox serial və şoulara baxırıq demək ki. Təbii ki, 95 veriliş içərisində ilk 10-luqda Mozalanın yer alması sevindiricidir. Bir vaxtlar reytinqlərdə birinci olan Cinayət İşi verilişi indi 18-ci yerdədir. Demək ki, aparıcın dəyişməsi böyük ehtimal reytinqə təsir edib. İlk çıxışda səs-küylu gələn BU DA BU şousu isə 25-26-cı yerlərdədir. İntellektual və maarifləndirici olmasına baxmayaraq Qulp və Ən Yeni Tarix verilişləri isə son yerləri bölüşürlər.

ATV

ATV kanalında ilk 10-luq belədir; 1) Səni axtarıram 2) Onun yarısı 3) Kaybolan Yıllar serialı 4) Bacanaqlar serialı 5) Burada və İndi 6) Tanıdım Səni 7) ATV maqazin 8) Aşka Sürgün serialı 9) Canlı Səs 10) Ulduz Oldun

ANS-lə müqayisədə ATV-nin ilk 10-luğunun daha yaxşıya doğru getdiyi qənaətindəyəm. Səni axtarıram verilişinin 1-ciliyi isə xalqda mərhəmət hissinin ölmədiyini, laqeyd olmadığımızı göstərir. Yerli serial Bacanacaqların da ilk 10-luğa düşməsi çox sevindiricidir. Yerli serial bazarı üçün bunu uğurlu addım saymaq olar. Tanımadığımız tanışlar, 22-ci saat Emin Musevi ilə verilişləri isə hər nə qədər maraqlı olsa da, demək ki, yeteri qədər reytinq toplaya bilməyib. ATV xəbərlərinin son sıralarda yer alması isə digər kanallarla müqayisədə Son Xəbər-də problemlərin olduğunu göstərir

Space

Space kanalında ilk 10-luq belədir; 1) Bu zalım dünyada doğulma (el arasında Amaci) serialı 2) Bu şəhərdə 3) Haziran gecəsi serialı 4) Əbədi Məhəbbət nağılı 5) Əbədi səninəm filmi 6) Planet Parni iz Baku 7) Banu proqramı 8) Hər həftə informasiya proqramı 9) Zəhmətkeş ulduzlar 10) Dubl Bom

Space kanalının “Amaci” serialı ilə bu aylar çox baxıldığı şübhəsizdir. Hind kinosu həvəskarları demək ki, hələ də çoxdur. Son zamanlar tərcümənin də keyfiyyətinin artması serialları maraqlı edib. Hər Həftə xəbərlər proqramının ilk 10-luqda olması da sevindiricidir. Ümumən isə kanalın əsasən Bu Şəhərdə və Planet Parni iz Baku ilə diqqəti özündə saxlamağa çalışdığı göz önündədir.

Xəzər Tv

Xəzər Tv-də ilk 10-luq belədir; 1) Xəzər Xəbər 2) Ay Zaur 3) Ezo gelin serialı 4) Moda dünyası 5) Asi serialı 6) Aramızda qalsın yerli serial 7) Böyük Yalan serialı 8) Yuxu filmi 9) Başla görək 10) Cinayət və Cəza

Xəzər Xəbərin hazırda ən reytinqli xəbər verilişi olduğunu mübahisə etməyə dəyməz. Hər nə qədər bəzi insanlar şou xarakterli xəbərlər təqdim etdiklərini düşünsələr də xəbər stilində yenilik etmələri onları hələ ki, bir müddət bu gedişlə ən yüksəkdə saxlayacağı görünür. Seriallardan danışmayıb, yeganə yerli Bacanaqlar serialının ilk 10-luğa düşməsi sevindiricidir.

Lider

Lider kanalında ilk 10-luq belədir; 1) Möhtəşəm Yüzyıl serialı 2) Zarafatsız 3) Rəngarəng 4) Bir könüldən 5) Ay ev yiyəsi 6) O qızı tapın filmi 7) Fotoşok 8) Ekiz uşaq gözləyən iflic qadın 9) Səda 10) Yoldaş

Lider kanalının proqram arxivinə baxdıqda unikal, özünəməxsus proyektlərinin çox olduğunu görürük. Ancaq ümumən baxıcılıq səviyyəsinə görə get-gedə reytinqləri itirməkdə olan kanal kimi baxmaq olar. Möhtəşəm Yüzyıl serialı digər kanallarda olduğu kimi vəziyyətlərini bir balaca düzəltməyə kömək edib.

İTV kanalında ümumi reytinqləri sadalamadan bildirim ki, ilk 10-luğu demək olar ki, serial və filmlər təşkil edir. Hətta bu aralar bütün diqqətlərin üzərində olduğu Eurovision seçmələri belə 18-19-cu yerdədir. Lider kimi bu kanalın da baxıcılıq payı hələ ki, çox aşağıdır.

Kanalların reytinqi

1.      Ans

2.      Space

3.      Atv

4.      Xəzər tv

5.      Lider

6.      İtv

7.      İdman Az

Bütün kanallar üzrə ən reytinqli 10 veriliş;

1.      Səni axtarıram – Atv

2.      Bu zalım dünyada doğulma – Space

3.      Dodaqdan Qəlbə - Ans

4.      Onun yarısı – Atv

5.      Xəzər Xəbər – Xəzər tv

6.      Bu şəhərdə - Space

7.      Ay Zaur – Xəzər

8.      Elgizli Axşamlar – Ans

9.      Haziran gecəsi - Space

10.    Yabancı damat - Ans

Bu həftənin reytinqlərində ilk 10-luqda Space-dən 3 proyektin olması da maraqlıdır. Yuxarıda Sizə ümumən kanallarımızda bu həftəki vəziyyəti az da olsa təsvir etməyə çalışdım. Marketoloqlara, media ilə əlaqədar hər kəsə targeti seçmə baxımından bu informasiyalar çox faydalı ola bilər.