Yazırlar » DMC2016 dəstəkçilərini daha yaxşı tanıyaq
Tarix : 2016-10-18 18:48:53 | Baxılıb : 518
Font Ölçüsü:   |  

Dostlar, son həftələr gərgin iş qrafikim olduğuna görə bloq yaza bilmirdim. Son 2 həftədə xeyli yeniliklər edə bildik. Çox şükürlər ki, hər il öncədən sıxıntı yaşayacağımız bəzi məsələlər bəzən öz-özünə həll olur. Ölkə marketinq gündəmi də maraqlı hadisələrə şahid oldu. Bu gün mən Sizə artıq 2-ci ildir keçiriləcək olan Digital Marketing Conference dəstəkçiləri haqqında yazmaq istəyirəm. Bu yazını həmin dostlarımıza təşəkkür yazısı kimi deyə bilərəm. Bugün vacib bir çox məsələlərimizi həll etdikdən sonra düşündüm ki, onları oxucularımıza da təqdim etmək vicdani borcumuzdur. Özünüz bilirsiniz ki, indiki zamanda “hər kəs dünyanın düzəlməsini istər, mərdliyi qonşusundan gözlər” prinsipi ilə hərəkət edən şirkətlər, şirkət çalışanları az deyil. Amma bu tip qeyri-kommersiya xarakterli tədbirlərə dəstək olmaq həmin şirkət və işçilərindən bir az irəlini görmək, həqiqətən də sektorun inkişafında öz töhvəsini vermə həvəsi istəyir. Eyni zamanda önünü görən şirkət üçün bu tip tədbirlər müştərilərin gözündə şirkəti bir addım rəqiblərindən önə çıxarır.

Bir sözlə aşağıdakı şirkətlərə bizə dəstək olduqları üçün təşəkkür edirik. Dəstəyiniz bizi daha güclü edir, bu ölkə üçün, onun marketinq və reklam sferası üçün daha gözəl işlər görməyə həvəsləndirir. Son nəticədə faydalı ola biliriksə, bu da bizim ən gözəl hədiyyəmiz olur. Bütün iradlardan nəticə çıxararaq, haqsız şou xarakterli fikirləri, yazıları isə görməzdən gələrək ancaq önümüzə baxır, daha yeni layihələr üzərində işləyirik.

Təşəkkürlər, Facemark.az

Bəli, Facemark.az 2011-ci ildə yaranıb. İndiyədək 30-dan çox xarici reklam və marketinq festivalının media partnyoru, 100-ə qədər azərbaycanlı mütəxəssisin də xaricdəki bu konfranslara ödənişsiz qatılmasını təşkil edib. Bu işin gərgin danışıqlarını, inandırma işini öz üzərinə götürüb. Boğaziçi Universitetinə 3 il dalbadal 120-dən çox gəncin marketinq konqresində iştirakına nail olub. Hətta Boğaziçi Universiteti ilə İqtisad Universitetinin əməkdaşlıq müqaviləsi imzalamasında vasitəçi olub. MMF, DMC,Marketing AİR kimi 4-5 ildir ardıcıl keçirilən tədbirlərin əsas dəstəkçisi olub. 5 ildir ki, dayanmadan hər gün yenilənir, bu sahədə çalışan adamlar üçün 1 nömrəli yerli məlumat alma resursuna da çevrilməyi bacarıb. Marketinq icmasına hər il 1 praktik marketinq kitabını da ərsəyə gətirib təqdim edir. 10-a yaxın ölkədə xarici partnyorluqları idarə edən könüllü şəkildə kömək edən əməkdaşları var. Çox sağ olun, bu illər ərzində heç nəyə baxmadan fasiləsiz çalışdınız.

Təşəkkürlər, Gilan Holdinq

Gilan Holdinq bu ilk dəfə DMC2016-nın Baş Sponsoru oldu. Holdinq ölkədə qeyri-neft sektorunun inkişafına və yerli istehsala verdiyi dəstəklə seçilib həmişə. İlk mail müraciətdəcə rəhbərlik səviyyəsində təklifimizi qəbul edib dəstək olmaq istədilər. Onu da qeyd edim ki, DMC2016 hazırlıqlarına biz 3 ay öncədən başlayırıq. Bəlkə də yalan olmasın 50-dən çox şirkətlə görüşlər keçirib təkliflərimizi etmişik, maillə müraciət etdiklərimizi isə demirəm. Özüm də bu komandanın tərkib hissəsi olduğumdan yanlış anlaşılma olmasın deyə müraciət etməməyi düşünürdüm. Dostlar bilir ki, bundan öncə də 4 il ardıcıl keçirilən MMF-lərdə heç birində çalışdığımız şirkətləri əlaqələndirməmişik. Ancaq bu dəfə təşkilatı komandamız mail göndəriləcək şirkətlər siyahısına təsadüfən holdinqi də əlavə edib. Çox sağ olsunlar ki, müraciətə operativ reaksiya verərək dəstək olmaq istədiklərini bildirdilər. Xüsusən də holdinqin marketinq meneceri Fərid Məmmədova təşəkkür edirik.

Təşəkkürlər, YELLO

Yello kreativ reklam agentliyi ilə bağlarımız dərinə gedib çıxır. Biz hələ MMF2013-ü etməyə hazırlaşarkən bir çox dostlarımızı dəstək olmağa inandırmaqda xeyli əziyyət çəkirdik. Heç kim inanmırdı ki, kimlərsə pul verib bilet alıb öz yerli mütəxəssislərimizi izləməyə gələr, onlara maraqlı olar. Amma Yello o vaxt bu işə düşünmədən HƏ dedi. Və beləcə ilk 3P konseptli MMF2013-ün vizual, kreativ konsepti yarandı. Bu işdə Azər Nəcəfov və Namiq Bayramovun xüsusi əməyi var, təşəkkür edirik, dostlar. İndi də AZMİRF-ə eyni qaydada dəstək olur, parallel olaraq DMC2016-nın bu ilki bütün kreativ konsept yükü də onların çiynindədir. Gəlin etiraf edək. İndiki çətin iqtisadi durumda hər kəs ən son müştərisindən də bərk yapışdığı bir zamanda onlar vaxtlarının əhəmiyyətli hissəsini bu tip “pul qazanmadıqları” işə sərf edirlər. Düzdür, Yello-nun marketinq camiasında intellektual imicinə də bu tədbirlərin kifayət qədər təsiri olub, bunu danmaq olmaz. Çox sağ olun, dostlar.

Təşəkkürlər, ARB TV

Bu il Ismayıl müəllimin sayəsində ARB Tv ilə sıx əlaqələr qurduq. Hazırda ARB sürətlə inkişafa doğru addımlayır. Bir neçə görüş və müzakirələrdən sonra tədbirin televiziya dəstəyi məsuliyyətini öz üzərlərinə götürdülər. ARB tv bu gün regionlarda ən böyük dayaq ofisləri olan və ancaq rəqəmsalda yayımlanan kanaldır. Bizdə hələ bir çox kanallar analoqdan yayımlanır, ancaq ARB yarandığı gündən rəqəmsaldan yayımlanıb. Rebrendinqdən sonra verilişlərin keyfiyyətində də xeyli dəyişiklik edilib. Bu yaxınlarda eşitdim ki, məşhur Rezonans verilişi də artıq bu kanaldan yayımlanacaq. Konfrans günü də 3 professional kamera ilə tədbirimiz çəkiləcək. Dəstəyiniz üçün çox sağ olun.

Təşəkkürlər, Maxofset.az

Hər tədbirin kiçik xatirəsi mütləq qalmalıdır. Məsələn, məndə hələ də mmf2013-2016 və dmc2015-in qələm, bloknot, fləşkart, ajanda və s. promo materialları qalır. Onları istifadə etmirəm, xatirə kimi saxlayıram. Bu il də bizə bu işdə Maxofset dəstək olacaq. 2016-cı ilin xoş xatirələri məhz Maxofsetdən olacaq.

Təşəkkürlər, LEDAZ

Dostlar, bu il ilk dəfə Ledaz sayəsində xüsusi səhnə tərtibatı hazırlanacaq. Ferma dedilər nə dedilər, yaxşı yadımda qalmadı. Əliağa müəllimlə facemark.az-ın facebook səhifəsi üzərindən danışdıqdan sonra realda görüşüb faydalı müzakirələr apardıq. Bundan əlavə dostlarımız bizə səhnədə 500 nəfərin rahatca izləməsi üçün 2 böyük monitor quraşdıracaqlar. Səs, işıqlanma sistemini də xüsusi effektlərlə Ledaz həyata keçirəcək. Mən saytları vasitəsilə işlərinin bir qismi ilə tanış oldum, gənc komanda olmasına rəğmən çox böyük işlər görüblər. İnşallah, bu il də DMC-də biz daha göz oxşayan tərtibatla izləyiciləri Ledaz vasitəsilə sevindirəcəyik.

Təşəkkürlər, Admedia

Admedia da media əlaqələrimizin qurulmasında və brendwall,roll-up-ların çapında bizə çox dəstək oldu. Bu müddət ərzində haqqımızda yazmayan xəbər saytı demək olar ki, qalmayıb. Bir anlıq hazırlıq proseslərini yada salanda adamı vahimə basır. Əgər hamılıqla bu işə könül verib gecə-gündüz demədən çalışmasaydıq heç cür ərsəyə gətirə bilməzdik. Yaxşı ki, dostlar var. İstər MMF, istər DMC bizim bugünümüzün güzgüsüdür. Biz necəyiksə, bazar necədirsə, onlar da elədir.

Təşəkkürlər, New-Media

New-Media bizim elə bir dəstəkçimizdir ki, biz adətən tədbirlərimiz olanda Rasim Davudovdan soruşmadan loqolarını yerləşdiririk. İnternetdə gördüyünüz bütün veb adaptasiyalar, press-relizlər və adlarını saymadığım onca işimizi sorğu-sualsız yerinə yetirirlər. Rasim müəllim bazarda rəqəmsal sahədə, eyni zamanda internet satış evi kimi az danışıb çox iş görənlərdəndir. Bu tip tədbirlərdə də həmişə onun şirkətini görə bilərsiniz. Təşəkkür edirik.

Təşəkkürlər, İNNAB, HDSOFT

İnnab bizə keçən il MMF üçün mobil app etmişdi, orada bu il DMC-i haqqında da məlumatları yerləşdirdik. HDSOFT isə bu il DMCBAKU.AZ saytını bizim üçün hazırladı. Hər birinin zəhmətini yüksək qiymətləndiririk. Çox sağ olun.

Təşəkkürlər, Marketing AİR, Digital AİR, FMR TV

Bu haqda isə yazmaq çox çətindir. Bizim bu tədbirlərimizin mətbəxi Marketing AİR, Digital AİR komandasıdır. Onların hər biri təmənnasız olaraq işdən sonrakı vaxtlarını gecə yarısınadək bu işə həsr edirlər. Bütün bunların əvəzində kiminsə “bank hesablarını doldururlar” deməsi bir az gülməli gəlir, bu adamların zəhmətini ödəməyə bizim ömür boyu pulumuz çatmaz. Bu iş bir az da könül işidir, zövq və zəhmət işidir. Deməyə nə var ki! Etmək çox çətindir.

Təşəkkürlər, ÖzSüt

Özsüt bu il kofebreyk dəstəkçimizdir. Dadlı şirniyyatları ilə marketerlər arasında fasilələrdə bağın qurulmasında vasitəçi olacaqlar.

Təşəkkürlər, ForHome.az

ForHome.az isə bu bizim yeganə online mebel mağazası saytı olaraq dəstəkçilərimiz arasındadır. Təşəkkür edirik.

Təşəkkürlər, Iticket.az

Rəqəmsal tədbirin biletlərinin satışı da rəqəmsal kanallarla dəstəklənməlidir. Bunun üçün biz ənənəvi üsullardan başqa iticket.az saytı vasitəsilə də online bilet satışını təşkil etdik. Saytdan sifariş var, evə çatdırılma var, facebookdan sifariş var, online əldə etmə mümkündür. Nahar da verəcəyik, kofe-breyk də olacaq. Daha nə olsun?!:)

Bax belə. Sizlərin dəstəyi olmasaydı bu iş də olmazdı. Çox sağ olun ki, bizə inanırsınız. Biz də öz növbəmizdə hər birinizə faydalı platforma təqdim edəcəyimizə söz veririk. Bu işdən hər birinizin faydalanması üçün əlimizdən gələni edəcəyik.