Yazırlar » DMC2016-ya 1 gün qalmış bunları unutma!
Tarix : 2016-11-04 16:34:54 | Baxılıb : 432
Font Ölçüsü:   |  

Dostlar, nəhayət sabah ölkəmizin ikinci Rəqəmsal Marketinq Konfransı DMC2016 baş tutacaq. Allahın köməkliyi ilə sabah 500 nəfərlik auditoriyanı tam dolu gözləyirik. Bu ana 486 yer artıq satılıb. Son 34 bilet satışdadır ki, onun da gün sonuna kimi satılacağı şübhəsizdir. MMF2013, 2014, 2015, 2016 və DMC2015-də tədbirə 1 gün qalmış vacib məqamları yazmışdım. Bugün də Sizə sabah nələrə diqqət etməliyik ondan yazacam.

Məkan, parkinq

DMC2016 BadamdarOtel (əvvəlki Kempinski otel( Auditorium zalında keçiriləcək. Zal teatral stildədir və 520 nəfər tutur. Bütün müasir avadanlıqlarla təchiz edilib. Otelə girdikdən sonra foyedən bir-başa 2-ci mərtəbəyə qalxa bilərsiniz. Onu da bildirək ki, bu il parkinq problemimiz olmayacaq. Həm otelin həyətində 2 tərəfli parkinq imkanı var, həm də 2 yeraltı parkinq qarajı var. Onlardan biri otelin qarajıdır, digəri isə Auditorium zalının yerləşdiyi binanın qarajıdır. Otelə gəlmək üçün marşrutları isə facebook səhifəmizdə qeyd etmişik. Tədbirə daha tez gəlib rahat-rahat yerləşməkdə fayda var. Dostlar, bu il ilk dəfə otel formatında etdiyimizə görə imkanlarımız çox genişdir. Məsələn, 3 gündür gecə-gündüz hər şeyi Sizin rahatlığınız üçün təmin etməyə çalışırıq.

Qeydiyyat, bilet, sertifikat, bəcik, promolar

Dostlar, tədbirə qeydiyyat 9 tamamdan başlayır. Hər birinizdən xahiş edirik ki, maksimum vaxtında tədbirə gəlib qeydiyytadan keçəsiniz. Bu il rahatlıq və sürətli olsun deyə qeydiyyat masası 2 fərqli yerdə toplam 6 nəfər qeydiyyatçı vasitəsilə aparılacaq. Növbə yaranmadan qeydiyyatdan keçə biləcəksiniz. Foyedən əməkdaşlarımız Sizi liftlərə yola salacaq, zala doğru korridorda isə qeydiyyatdan keçib tədbirlə bağlı bütün informativ və promo malları götürə biləcəksiniz. Bu arada onu deyim ki, qeydiyyat əvvəlki kimi əllə deyil, komputerlər vasitəsilə aparılacaq deyə çox tez olacaq. Həmçinin bu dəfə iştirakçılara sertifikatı da qeydiyyat zamanı vermək istəyirik ki, sonra yaddan çıxma halları olmasın. Öncəki təcrübələrdən görürük ki, son anda qarışıqlıq olur və bir çox iştirakçı sertifikatını həmin gün ala bilmir. Sizi tədbirdən sonra da məşğul etməmək üçün sertifikatlarınızı elə qeydiyyat masasında sonda alacaqsınız. Dostlar, tədbirin keçiriləcəyi zala sağ və sol tərəfdən olmaqla 2 giriş var. Tədbir boyunca bu girişlərdən hər dəfə girib-çıxınca bəcikiniz mütləq şəkildə üzərinizdə olmalıdır. 500 nəfərlik tədbirdə bütün prosedurların yazıldığı kimi getməsi nizam-intizam baxımından çox vacibdir. Ona görə də Sizdən də xahiş edirik ki, qaydalara maksimum hörmətlə yanaşasınız. Yadıma gəlir Moskvada keçirilən Red Apple festivalında iştirakçılar üçün verilən qolbağı itirdiyimə görə ümumilikdə zaldan çıxarıb yenidən təşkilatçı ilə əlaqə saxladılar və daha sonra buraxdılar. Halbuki hələ mən media kimi qeydiyyatdan keçmişdim. Yəni bu cür acizanə tələblər belə tədbirlərdə normaldır. Qeydiyyatda əldə etdiyiniz promo materiallarla zala daxil olmadan tanış olmanız məsləhətdir. Əgər nəsə çatışmayan şey olsa, yerində bildirə bilərsiniz.

Tədbirin formatı, sual-cavab, sponsorların təqdimatı, səhnə

Biz bu il bildiyiniz kimi panel formatından tək çıxış formatına keçdik. Proqram və digət bütün məlumatlarla saytımızda – dmcbaku.az-da tanış ola bilərsiniz. Spikerlər yazılmış proqrama uyğun ardıcıllıqla 15+5 dəqiqəlik qrafiklə çıxış edəcəklər. 15 dəqiqə təqdimat + 5 dəqiqə sual cavab. Yəni ümumiyyətlə bir spikerə maksimum 20 dəqiqə veriləcək. O, 10 dəqiqəyə təqdimatını bitirsə, o deməkdir ki, 10 dəqiqəyə qədər də sual-cavab uzadıla bilər. Promo çantalarda “like” və “comment” lövhəcikləri var. Bunlarla çıxışları qiymətləndirə, spikerə sualınız varsa, “comment” lövhəsini qaldıra bilərsiniz. Əlavə olaraq da zalda 6 nəfərəq qədər təşkilati komanda üzvü mikrofonla hazır gözləyəcək. Dostlar, əvvəl də dediyimiz kimi Ledaz dəstəyilə biz zala 2 böyük monitor quraşdırmışıq. Bu monitorlarda Siz 3 kameranın çəkilişlərini və spikerin özünün çıxışını daha böyük ekranda da izləyə biləcəksiniz. Xüsusən arxa oturacaqlarda əyləşənlər üçün çox rahat olacaq. Bu il çalışmışıq ki, hər şey super olsun. Hər il nəsə mütləq şəkildə əvvəlkilərdən daha keyfiyyətli olduğunu düşünürük. Sizdən aldığımız rəylər bizi daha da motivə edir. Bu il həm də maksimum şəkildə dəstəkçilərimizə şərait yaratmışıq. İki böyük monitorun aşağı hissələrində bütün dəstəkçilərimizin loqoları xüsusi hazırlanmış video şəklində yayımlanacaq. Gələk səhnəmizə. Bu il 3 gün öncədən Auditorium zalında məşq, hazırlıqlar etdiyimizdən səhnəni də fərqli etmək qərarına gəldik. İlk dəfə səhnə DMC korporativ rənglərinə uyğun brendinq olunub. Hazırda bloqu yaza-yaza səhnənin vizualizasiyası tamamlanır. Onu da qeyd edək ki, spikerlər üçün suflyor monitor olacaq səhnədə. Əvvəlki kimi təqdimata baxmaq üçün arxaya çevrilmək lazım olmayacaq.

Həştəq, internet, zalda yerləşmə

Dostlar, builki həştəqimiz #dmc2016-dır. Bütün sosial media vasitələrində bu həştəqlə şəkillərinizi, fikirlərinizi paylaşa bilərsiniz. Daha bir yeniliyimiz isə internetə qoşulma ilə bağlıdır. Əvvəl xeyli çətinlik çəkirdik. İndi gücləndirilmiş ruterlərlə internet problemi yaşamayacağıq. Wi-Fi adımız elə DMC2016 olacaq. Çalışacağıq ki, ümumiyyətlə parol olmasın. Əgər olsa, sabah onu da hər kəsə bildirəcəyik. Və təbii ki, hər kəsdən zalda maksimum səssizliyə riayət etməsini, telefonlarını səssiz rejimə keçirmələrini xahiş edirik. Dörd bir tərəfdə təşkilati komandanın üzvlərini görəcəksiniz. Nə lazım olsa, istənilən birinə müraciət edə bilərsiniz. Bu arada onu da qeyd edim ki, 30 nəfərlik təşkilati komandamız var. Dostlarımız Sizi foyedə qarşılamadan tutmuş zalda müşayiətə qədər hər bir şeyi edəcəklər. Siz onları təşkilatçı bəclərindən fərqləndirə bilərsiniz. Zalda yerləşmə keçən il DMC-də olduğu kimi bu il də sıra nömrəsizdir. Hər kəs istənilən boş yerdə əyləşə bilər. Harasa dursanız və s. yerinizə özünüzdən “xatirə” nəsə qoyun. :) Heç kim gəlib sonra yerinizdə əyləşməsin. Əks halda digər boş yer axtarmalı olacaqsınız. Çox təcrübədən çıxardıq, ən optimal yerləşmənin bu cür olduğu qənaətinə gəldik.

Nahar, kofe-breyk

Sizə şad xəbərim var. Otelin Qəbələ Ball Room-nu icarəyələsi olduq. Əvvəl düşünürdük ki, 2 fərqli zalda növbəli nahar təşkil edə bilərik. Amma sonra qərara gəldik ki, əgər hər şeyə bu qədər detalına qədər titiz yanaşırıqsa, o zaman nahar zalı da möhtəşəm olmalıdır. Düzdür, bizim üçün ciddi əlavə xərc oldu, amma dəydi. Sabah özünüz də şahid olacaqsınız, inşallah. Nahar zalında 4 tərəfdən divarlara proyetorlar vurulacaq və orada tərəfdaşlar, DMC haqqında məlumatlar gedəcək. Nahar üçün Lime Ketrinq şirkətinə təşəkkür edirik, dünəndən çox əziyyət çəkirlər. Eyni zamanda nahardan sonra bir dəfə kofe-breykimiz olacaq. O da eyni zalda olacaq. Bu hissədə isə bizə ÖzSüt dəstək olur. Şəxsən Sabir Niftəliyev və Renat bəyə təşəkkür edirəm ki, bütün tədbirlərimizdə bizimlə birlikdə olurlar. Nahar fasiləmiz 1.5 saat, çay fasiləsi isə yarım saatdır. Bu o deməkdir ki, bizim toplam 2 saat da vaxtımız olacaq ki, çoxdandır görmədiyimiz həmkarlarımız, dostlarımızla dərdləşək. Bu tip tədbirlərin ən üstün avantajlarından biri də “community” imkanlarıdır. Təxminən 300-ə qədər şirkətin nümayəndələrini bir arada başqa harada tapmaq olar ki?!

Mənim indi yadımda qalanlar hələlik bunlardır. Bir azdan bütün texniki komanda ilə son real rejimdə məşqlər edəcəyik. Konfrans boyu xüsusi bir əməkdaşımız isə DMC-nin facebook və instagram səhifələrinə tədbirdən şəkillər, qısa videolar yerləşdirəcək. Dostlar, 9-dan gec olmayaraq gəlməniz məsləhətdir. Gec qalmayın. Sosial şəbəkələrdə son 1 ayda DMC facebook səhifəsi 700 000-dən çox insana çatıb. Ətrafda kimi görürsən tədbir haqqında məlumatlıdır. Bu bizi çox sevindirir ki, 6 aylıq ümumi hazırlıq, son 3 aylıq gərgin hazırlığımızın PR işləri də Sizin ürəyinizcə olub. Təbii ki, səhvlərimiz də var, tədbir boyu bəlkə də texniki xətalar da olacaq. Bu harda olmur ki? Əsas diqqətimiz Sizlərə faydalı olmaq üçün spikerlərin faydalı çıxışlarınadır. DMC yaxınlaşdıqca həmişə tənqid, bir çox hallarda təhqir edənlər də çıxır. Biz onlardan, yəni haqlı tənqidlərdən nəticə çıxarırıq. Haqsız tənqidlər, təhqirlərə isə təbii ki, fikir vermirik. Çünki bilirik ki, onu edənlərin əksəri sadəcə diqqət çəkməyin başqa ucuz yolunu tapa bilmir, “Rəqsanə” metodundan məharətlə istifadə edirlər. Bəziləri də sadəcə qısqanc yanaşırlar. Həmişə olduğu kimi deyib-deyib susacaqlar. Biz heç bir halda əlimizə aldığımız bu yolda gedişat zamanı ayağımıza dəyən xırda daşlara fikir vermədən daim faydalı olmağa çalışacağıq. Onsuz da zaman hər şeyi göstərir, yerbəyer edir. Əziz bilet alıb sabah iştirak edəcək dostlar, çox sağ olun ki, birlikdə marketinqin inkişafına töhvə verirsiniz. Var olun! Sabah görüşərik.