VirDuel » DMC2017-nin spikeri Mehriban Həsənova: Çalışacağam çıxışım əyləncəli olsun
Tarix : 2017-11-06 15:49:19 | Baxılıb : 659
Font Ölçüsü:   |  

Digital Marketinq Konfransının (DMC2017) spikeri, Cavan Gənclər Hərəkatı İB-nin Marketinq Departamentinin direktoru Mehriban Həsənova ilə DMC 2017 ərəfəsində müsahibə sualları:

1. Mehriban xanım, sosial şəbəkələrdən izlədiyim qədərilə bilirəm ki, çox enerili, pozitiv xanımsınız. Digital Marketinq Konfransında (DMC2017) auditoriyaya bu pozitivlik ötürüləcəkmi?

Mən həyatda necəyəmsə, sosial şəbəkələrdə də eləyəm, yəni “özüməm”. Başqa cür alınmır, mütləq ötürüləcək. Çalışacağam, çıxışım faydalı və əyləncəli olsun. İnsanlar (səhnədə çıxış edən də, zalda oturub sual verən də) çox vaxt çalışır ki, ciddi olsun, ciddi görünsün, çıxışlarını çətin terminlərlə zənginləşdirsin və s. Təklif edirəm, bu kompleksləri bir kənara qoyub, rahat olaq, özümüz olaq. Onda ünsiyyət daha səmimi alınır.

2. DMC2017-də auditoriyaya qısa olaraq hansı fikri ötürməyi hədəfləyirsiniz?

Çıxışımın adı #eşq-dir. Artıq mövzunun adının yazılışından da bildiniz ki, verəcəyim məlumatların bir hissəsi sosial şəbəkələrdə istifadə etdiyimiz hashtag-lar haqda olacaq. İkinci hissədə isə auditoriya ilə ünsiyyət zamanı istifadə etdiyimiz qaydalardan danışacağam.

3. Azərbaycanda marketinqdən çox danışılır, amma onun izahını verən yoxdur, sizə görə marketinq nədir və onu işinizdə necə tətbiq edirsiniz?

Bir neçə il əvvəl MMF-dəki çıxışımda demişdim ki: “Marketinq xəmirdir, biz ondan qutab bişiririk, içləri də fərqli olur. Məsələn, PR – göy qutabıdır, Media – qarın qutabıdır, Reklam – boranı qutabıdır və s.”

Əvvəldən qurulmuş strategiyaya uyğun işləməyə üstünlük verirəm. Əlbəttə ki, nəzərə almadığımız səbəblərdən hərdən əlavə və dəyişikliklərə ehtiyac olur. Amma əsasən şirkətin bir illik fəaliyyət planı əvvəldən müəyyənləşməlidir.

4. DMC 2017-də spiker kimi çıxış etmək üçün təklif alanda nə düşündünüz? Bilirsiniz ki, azərbaycanlıları görülən iş ilə məmnun etmək elə də asan deyil.

Narazı insanlar həmişə var. Mən təndir çörəyi deyiləm axı, hamının xoşuna gələm. Bir də ki, insanlar 10 dəqiqəlik çıxışda mənim 20 ildə öyrəndiyimi öyrənə bilməz. Kimisə öyrətməyə də çalışmıram. Sadəcə istəyirəm ki, mən danışanda auditoriya darıxmasın.

5. Qonşu ölkələrdə tez-tez marketinqlə bağlı konfranslar keçirilir. Gəlin etiraf edək ki, Azərbaycanda bu sahədə boşluq hələ yeni-yeni doldurulur. Sizcə, bu konfrans həm sizə, həm auditoriyaya, həm də şirkətlərə nə üçün lazımdır və onlara nə verəcək?

Konfransların, görüşlərin, dəyirmi masaların, seminarların keçirilməsi təqdirəlayiqdir. Hər dəfə daha yaxşı olur. Bu, futbol klublarının uduzsa belə güclü komandalarla oynayıb təcrübə yığmağına oxşayır.

Konfransa kimsə öyrənməyə, kimsə öyrətməyə gəlir. Mən özüm də olduğum sahədə yeni insanlarla tanış olmağa gedirəm, fikrimcə, belə tədbirlərdə əsas məqsəd “networking”dir.

6. DMC2017 ərəfəsində auditoriyaya nə demək istəyirsiniz?

11 noyabr tənhalar günüdür. Maraqlı insanlarla tanış olmaq, məlumat almaq və vaxtını faydalı keçirmək istəyənlər bizə qoşulsun, tək qalmasın.

7. Mehriban xanım, sizə görə, “DMC2017”də ən maraqlı spiker kim olacaq?

Aysel Novruz, Orxan Kərimov və Orxan/Ruslan-dan maraqlı çıxışlar gözləyirəm. Hər birimizə uğurlar!

Müsahibə üçün Sizə təşəkkür edirəm.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.