VirDuel » Gənclər karyera qurarkən pul ardınca getməməlidirlər – Uğur hekayəsi
Tarix : 2016-02-23 15:40:12 | Baxılıb : 1045
Font Ölçüsü:   |  

Bu dəfəki müsahibimiz "New Media" Şirkətinin icraçı direktoru Rasim Davudovdur. Gənclərə məsləhət görür ki, çalışdıqları yerdə yeni təkliflərlə çıxış etməyə çalışsınlar. Deyir ki, təkliflər verməklə şirkətə qazandırmaqla yanaşı, özləri üçün də böyük təcrübə toplamış olurlar. Çünki işçi nə qədər çox bilik əldə etsə, bu, onun qazancıdır və hara getsə özüylə aparacaq. Rasim Davudov: "Yaxşı rəhbər həmişə işçilər arasında yaradıcı olan, şirkətə xeyir vermək istəyən işçiləri görməlidir"

7 il eyni vəzifədə çalışmaq cansıxıcı deyil ki?

Əgər insan işini sevirsə, zövq alırsa, bütün gücünü bu işə qoyursa, 7 il yox, 17 il, hətta ömrünün axırına qədər də çalışmaq olar. Digər tərəfdən, məşğul olduğum sfera daim dinamik inkişaf tələb etdiyindən hər gün yeniliklər olur. Buna görə cansıxıcı, yaxud darıxdırıcı olması mümkünsüzdür.

Bu 7 il ərzində nə qazanmısınız?

7 il ərzində şirkətimiz bazarda liderlik qazanıb. Bir saytın reklamının satışı ilə işə başlamışıq. Hazırda 20-dən çox saytın eksklüziv reklam hüquqları bizə məxsusdur. Eyni zamanda 50-dən çox saytda reklam yerləşdirir, partnyorluq edirik. Keçən il noyabr ayından şirkətimiz həm də “Google”un Azərbaycanda rəsmi partnyoru oldu. Bu il də yeni partnyorluqlar hədəfimizdədir.

Bir az keçmişə qayıdaq. Necə oldu New Media Şirkəti yarandı?

Reklam sahəsində 10 ildən çox təcrübəm var. ANS Kommers şirkətindən reklam işinə başlamışam. Bir müddət orada çalışdıqdan sonra, qlobal reklam agentliyi olan McCann Erickson şirkətində biliklərimi daha da artırdım və 2009-cu ildə yeni yaranan New Media şirkətinə icraçı direktor vəzifəsinə təklif aldım. Ənənəvi mediadan daha dinamik inkişaf edən mediaya keçmək mənim üçün cəlbedici göründü. İşə başlayanda iki nəfər idik, hazırda 15 nəfərlik komandamız və uğurlu biznes tariximiz var. Sıfırdan başlayıb bir şirkət qurduq.

Müştərilərin alışmadığı qeyri-ənənəvi sahədə işə başlayanda yəqin çətinlikləriniz az olmayıb...

İstənilən halda, yeni işə başlayanda çətinlik olur. Sadəcə, çətinlikdən qorxmaq lazım deyil. Özünə inamın olmalıdır və qarşına konkret hədəflər qoymalısan, bu zaman nəticə həmişə olacaq. Yetər ki, inadkar olasan və daim istəklərinin arxasınca gedəsən. Etiraf edim ki, digital media yeni sahə olduğundan işə başlayanda çətinliklər olacağını bilirdik, amma içimizdə inam daha böyük idi. İlk altı ay çətin oldu, sonradan şirkət gəlir gətirməyə başladı. Bunun arxasınca isə yavaş-yavaş işlər yoluna düşdü.

Kadr tapmaqda necə, çətinlik çəkmədiniz ki?

Açığı, rəqəmsal media yeni olduğuna görə bu sahədə ixtisaslı kadr tapmaq asan deyil. Xüsusilə reklam sahəsində bu, ikiqat çətindir. Çünki universitetlərimiz reklam mütəxəssisləri yetişdirmir. İnanın, bizdəki kadrların 90 faizinə bu işi sıfırdan öyrətmişik, heç birinin reklam sahəsində təcrübəsi olmayıb. Komandamızın hər yeni üzvünü bildiklərimizi bölüşməklə formalaşdırmışıq.

New Media Şirkətinə direktor təyin edilməmişdən əvvəl ANS Kommersin direktoru vəzifəsinə qədər yüksəlmisiniz. Buna qədər sözügedən şirkətdə hansı mərhələlərdən keçdiniz, vəzifə pilləsində yüksəlmək üçün hansı işləri gördünüz?

İlk olaraq ANS Kommersdə marketinq meneceri vəzifəsində çalışırdım. Yaxşı rəhbər həmişə işçilər arasında yaradıcı olanı, şirkətə xeyir vermək istəyəni görməlidir. Çünki təşəbbüskar işçi ilə sıradan bir işçi arasında fərq qoymasan, sabahısı yaxşı işçi də dönüb sıradan bir işçi olacaq. Əgər yaxşı işləyəni həvəsləndirsən, imkanlar yaratsan, şirkətə daha çox xeyir gətirəcək. Bu baxımdan düşünürəm ki, burada mənim etdiklərimdən çox, məni kənardan görüb imkanlar yaradanların sayəsində vəzifə pilləsində irəlilədim. Çünki o imkan yaradılmasaydı, bir müddətdən sonra həvəsdən düşəcəkdim.

Rasim bəy, ilk işinizi, ilk qazancınızı necə xatırlayırsınız?

İlk işə 19 yaşımda, Bakı Dövlət Universitetinin 2-ci kursunda oxuyanda başlamışam. Qrup yoldaşım SİAR şirkətində işləyirdi, mənə də təklif etdi, ona qoşulum. Dərsdən sonra anketləri götürüb insanlar arasında müxtəlif sorğular keçirirdik. Ay yarım işlədikdən sonra 100 dollar aldım. Bu, ilk maaşım idi.

Bəs ilk işiniz sizə maddi qazancdan əlavə nə verdi?

İndiki nailiyyətlərimdə təbii ki, ilk işimdə əldə etdiyim təcrübənin rolu böyükdür. Çünki sorğular keçirəndə daim insanlarla ünsiyyətdə olurdum. İndiki işimdə də insanlarla münasibət çox önəmlidir.

Fikrinizcə, hansı xüsusiyyətləri özündə cəmləşdirən işçi yaxşı kadr sayılır?

Yaxşı işçidə həm insani cəhətlər, həm də professionallıq birləşməlidir. İşçinin işini sevməsi, öyrənməyə həvəsli olması, inadkarlığı, işinin arxasınca gedib onu sona çatdırmaq istəməsi mənim üçün önəmlidir. Passiv və tənbəl insanlarla işləmək çox çətindir. Böyük olmayan şirkətlərdə istər-istəməz tənbəl və işləməyən insanlar tez üzə çıxır.


Bizdə yaxşı işçi bir yerdə dayanmır, elə şərait yaratmışıq ki, vəzifə baxımından pilə-pillə qalxa bilir. Bu, çox önəmli faktordur və işçidə stimul yaradır. İşçi bilir ki, görüdüyü işin nəticəsi rəhbərlik tərəfindən həmişə qiymətləndiriləcək.

Şirkətlərdə ştat iyerarxiyasına baxsaq, direktor üçbucağın yuxarısında, işçilər isə aşağı hissəsində yer alır. Bizdə isə işçilər daha önəmlidir, buna görə üçbucaq tərsinə çevrilir və ən sonda direktor gəlir. Çünki güclü komanda olmadan şirkət inkişaf edə bilməz.

Biz elə bir şirkət qurmuşuq ki, ailədə olduğu kimi, hər kəs bir-birinin qayğısına qalır, kiminsə problemi olduqda hamı onun həllinə köməklik edir. Şirkətdə ailə abı-havasının yaradılması mühümdür.

Yaxşı kadrdan söhbət düşmüşkən, gənclərimiz işə daxil olarkən çox vaxt öz işlərini görür və bununla vəzifələrini bitmiş hesab edirlər. Sizcə, onlar bununla kifayətlənməlidir, yoxsa boyunlarına vəzifələrindən əlavə yük də götürməkdən çəkinməməlidirlər?

Bir şirkətdə yenicə işə başlamış işçilərə tövsiyəm odur ki, şirkətin iş fəaliyyətini maksimal dərəcədə öyrənsinlər. Mənfilərin, müsbətlərin harada olduğunu tapsınlar və mənfiləri aradan qaldırmaq üçün təkliflər versinlər. Bütün rəhbərlər yaradıcı və təşəbbüskar işçiləri komandada görmək istəyir. Bizim problemimiz ondadır ki, heç kim təklif vermək istəmir. Hamı deyir, mənə verilən işi görüm, vəzifənin öhdəsindən gəlim, bununla məsələ bitsin. Gənclərimiz daha çox biliklərə yiyələnməyi bacarsalar, vəzifələrinə aid olmasa da, şirkətin xeyrinə olan məsələlərdə köməklik göstərsələr, təbii ki, gələcəkdə bunun bəhrəsini görəcəklər.

Hər hansı bir şirkətdən ayrılanda biliklərinizi kiməsə təhvil verib getməyəcəksiniz, özünüzlə aparacaqsınız. İşçilər nə qədər çox iş görüb, çox bilik əldə etsələr, bu, qazancdır, çünki özlərinə qalacaq.

Yaxşı işçidən danışdıq, bəs yaxşı rəhbər necə olmalıdır?

Məncə, yaxşı rəhbər işçinin yanında olmalı, onu başa düşməli, maksimum dərəcədə köməklik göstərməlidir. İşçini tənqid etmək, yaxud cəzalandırmaq sovetdən qalma sistemdir. Artıq insanlarla işləmək lazımdır. Düşünürəm ki, rəhbər işçilərə daha çox inanmalı, onlara daha çox şərait yaratmalıdır. İşçi bilməlidir ki, onun yanında direktoru yox, yaxın dostu var. Bu zaman işçi işin yaxşı getməsi üçün əlindən gələni edəcək. Elə nüanslar var ki, onu rəhbər yoxlaya bilmir. İş prosesindəki xırda bir nüansa görə hansısa müştəri bizdən imtina edə bilər. Qəbul otağında telefonlara cavab verən xanımın kobud cavabına, səsinin tonuna, yaxud davranışına görə bir müştərini itirə bilərik. Amma işçilər qayğı ilə əhatələndikdə, onlar üçün yaxşı şərait yaradıldıqda, bilirlər ki, hər gələn yeni müştəri, reklam ümumi büdcəyə daxil olan puldur və bu pul onların da maddi rifahına müsbət təsir göstərəcək. Buna görə var gücləri ilə işin yaxşı getməsinə çalışırlar.

Ənənəvi sualımız: uğur sirriniz nədədir?

Məncə, burada bir sirr yoxdur. Sadəcə, özünə inam, işləmək istəyi və inadkarlıq olmalıdır. Ünsiyyətcil olmaq da vacibdir. Ancaq hər şey insanın özünü istədiyi yerdə tapmağından başlayır. Bir misal çəkim. Reklam sahəsinə gəlməmişdən qabaq il yarım distribyutor şirkətində satış meneceri kimi işlədim. Bu, mənim üçün çox böyük məktəb və təcrübə idi. Çünki satış həyatımızda çox önəmli yerdə durur. Yaxşı satış meneceri istənilən yerdə, istənilən sahədə işləyə bilər. Çünki hər yerdə nəticədə satış baş verir. Satışda işləyə-işləyə özümü başqa sahədə, marketinqdə gördüm. Nəticədə satışda qazandığımdan 3 dəfə aşağı maaşa marketinq sferasına keçməyə qərar verdim. Bunun arxasınca reklam sahəsindən işləmək təklifi gəldi və hədəfim məni hazırkı işimə gətirdi. Gənclərə demək istəyirəm ki, pul ardınca getmək yox, özünü tapmaq lazımdır. Mən üç dəfə artıq maaşa görə köhnə iş yerimdə qalsaydım, bəlkə hələ də orada idim…

İstək olandan sonra insan arzuladığını həyata keçirə və nailiyyət əldə edə bilər. Yetər ki, qarşına düzgün hədəflər qoyasan.

Mənbə: Kaspi qəzeti http://kaspi.az/news.php?id=27193bunu

Bu bölməyə aid digər xəbərlər.