Ordan-Burdan » “Havas Media Azərbaycan” və “Code Academy” əməkdaşlığa başlayır
Tarix : 2017-07-14 15:53:26 | Baxılıb : 153
Font Ölçüsü:   |  

“Havas Media Azərbaycan” reklam agentliyi dijital marketinq sahəsindəki son yenilikləri tətbiq

etmək üçün dijital sahədə qabaqcıl texnologiyaları tədris edən “Code Academy” ilə strateji

əməkdaşlıq sazişi imzalayıb.

Əməkdaşlıq çərçivəsində ilkin olaraq agentlik işçilərinin təhsil

mərkəzində biliklərini artırmaları, “Code Academy” tələbələrinin isə agentlikdə təcrübə keçərək

biliklərini möhkəmləndirmələri nəzərdə tutulur.

14 iyun tarixində baş tutan sazişin imzalanma mərasimində çıxış edən “Code Academy”nin

rəhbəri Ülvi Aslanov təhsil mərkəzi haqqında məlumat verərək məqsədlərinin dijital

texnologiyalar sahəsində qlobal bazarda da rəqabət apara biləcək kadrlar hazırlamaq olduğunu

bildirdi. Bu əməkdaşlığın “Code Academy” üçün çox önəmli olduğunu qeyd edən Ülvi Aslanov

bunları dedi: “Digital Marketing Institute” (DMI) ilə rəsmi partnyorluq əsasında qlobal

standartlara uyğun dijital marketinq dərsləri tədris edirik. Tələbələrimizin aldığı təhsili tətbiq

etmək üçün də ən uyğun yerlərdən biri, əlbəttə ki, qlobal reklam agentliyidir.” Azərbaycanda

fəaliyyət göstərən ən qabaqcıl agentliklərdən olan “Havas Media Azərbaycan”ın dijital

marketinqə xüsusi diqqət ayırmasının digər agentliklər üçün də örnək olacağını vurğulayan

“Code Academy” rəhbəri bu əməkdaşlığın bütövlükdə sektorun inkişafına töhfə verəcəyinə

inandığını da sözlərinə əlavə etdi.

Mərasimdə çıxış edən “Havas Media Azərbaycan” agentliyinin icraçı direktoru Zaur İsmayılov

rəhbərlik etdiyi şirkətin ötən illər ərzində reklam bazarında əldə etdiyi uğurlardan, həyata

keçirdiyi layihələrdən danışdı. “Havas Media Azərbaycan” 2009-cu ildən bu yana həm kreativ

agentlik, həm də media satınalma şirkəti olaraq yerli reklam bazarının aparıcı oyunçularından

biri kimi fəaliyyət göstərib. Bundan sonra həm də dijital marketinq üzrə ciddi layihələr həyata

keçirməyi hədəfləyirik” deyən Zaur İsmayılov bu istiqamətdə “Code Academy” ilə əməkdaşlığa

başlamaqdan məmnun olduqlarını qeyd etdi. Zaur İsmayılov daha sonra “Artıq ənənəvi reklam

və media kanalları ilə qarşıya qoyulan məqsədə tam olaraq çatmaq qeyri-mümkündür. Əvəzində

dijital marketinqin, sosial media kanallarının rolu get-gedə artmaqdadır” deyərək sözlərini belə

davam etdirdi: “Biz də “Havas Media Azərbaycan” olaraq müştərilərimizə hər zaman innovativ

və faydalı həll yolları təklif etdiyimizdən bu sahə üzrə qlobal trendləri yerli bazarda daha effektiv

şəkildə tətbiq etməyi hədəfləmişik. Bu işdə biz “Havas” beynəlxalq şəbəkəsinin sosial media və

proqramlaşdırma üzrə ixtisaslaşmış agentliklərinin təcrübələrindən və sırf dijital media üzrə

nəzərdə tutulan vasitələrindən faydalanırıq. Bu imkanımıza dəstək olaraq yerli məkanda dijital

marketinq və proqramlaşdırma üzrə peşəkar mütəxəssislərin hazırlanmasında önəmli işlər

görən “Code Academy” ilə iş birliyimiz Azərbaycanda dijital marketinqin dünya trendləri ilə

ayaqlaşmasına hesablanıb”. Agentlik rəhbəri imzalanan strateji əməkdaşlıq sazişinin bu

istiqamətdə atılan ilk addım olduğunu və gələcəkdə uğurlu töhfələr verəcəyinə böyük ümid

bəslədiyini də vurğuladı.

2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” texnologiya sahəsində təcrübəli kadrlar

hazırlayan tədris müəssisəsidir. Burada proqramlaşdırma, sistem adminstratorluğu, dizayn,

dijital marketinq kimi istiqamətlər üzrə fərdi və korporativ tədris proqramları həyata keçirilir.

“Code Academy” 2017-ci ildən etibarən mərkəzi İrlandiyada olan “Digital Marketing Institute”un

Azərbaycan üzrə rəsmi partnyorudur.

2009-cu ildən fəaliyyət göstərən “Havas Media Azərbaycan” şirkəti qlobal “Havas” reklam

agentlikləri şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsidir. Agentlik həm media satınalma, həm

də kreativ həllər üzrə bir çox yerli və qlobal şirkətə xidmət göstərir.

Bu bölməyə aid digər xəbərlər.