Yazırlar » Layihə menecmentində “Beyin fırtınası”
Tarix : 2017-11-13 13:51:17 | Baxılıb : 68
Font Ölçüsü:   |  

Amerikalı Edwin Land 1943-cü ildə dəniz sahilində kiçik qızının fotoşəkilini çəkdiyi zaman qızı səbirsizliklə, “Ata! Nə üçün şəkili elə indi görə bilmirəm?” deyə soruşur. Bu sual atanı düşünməyə sövq edir, düşüncənin nəticəsi isə, ona məşhurluq gətirən Polaroid fotokamerasını kəşfi olmuşdur. Burada kiçik qız, o günə qədər düşünülməmiş və ya kəşf edilməmiş bir hadisə üçün atasına ilham qaynağı olmuşdur. Yeni kəşf və icadlara zəmin hazırlayan təsirli yollardan biri də beyin fırtınasıdır.

Beyin fırtınası və ya fikir fırtınası, yaradıcı düşüncəni dəstəkləyən, komanda üzvlərini motivasiya edərək qısa müddətdə bir çox fikrin meydana çıxması və proseslərin niyə uğursuz olduğu haqqında mülahizələrin yürüdüləsi üçün imkan yaradan dayanıqlı keyfiyyət inkişafı vasitəsidir. Bu konsepsiya reklam mütəxəssisi olan Alex Osborn tərəfindən hazırlanmışdır.

Beyin fırtınası tək başına və ya qrupla aparıla bilər. Fikirlərin, ağla gələn kimi səsləndirilməsi tələb olunur. Fikirlər mühakimə edilməz və tənqid edilməz, heç bir fikir gülməli hesab edilmir, beləliklə, iştirakçılar bütün fikirlərini çəkinmədən, ağlına gəldiyi formada təqdim etməsinə nail olmağa çalışılır.

Heç bir mühakimə olmadığı üçün fikirlərin bir-birindən qidalanacağı və inkişaf edəcəyi ehtimal edilir. Beyin fırtınasının əsas prinsipi budur ki: Problemi həll etmək üçün hər hansı qrupun üzvləri mümkün olduğu qədər çox fikir söyləyib nəticə çıxarır. Buradakı problem yalnız çətin vəziyyətlə əlaqədar olmaya da bilər (mənfi problem). Müsbət bir problem də ola bilər. Məsələn şirkət, il sonunda əldə etdiyi qazancı ən məhsuldar formada necə istifadə edəcəyini beyin fırtınası seansı ilə həll edə bilər. Beyin fırtınası seanslarında çıxarılan fikirlər məntiqsiz, ağlabatmaz və ilk baxışdan qeyri-mümkün görünə bilər. Albert Eynşteyn bu mövzuya aid belə demişdir: “Ortaya atılan yeni fikirlərdə bir maraqlılıq, axmaqlıq yoxdursa bu fikirdə ümid də yoxdur deməkdir”.

Yəni başlanğıcda axmaq ideya kimi görünən fikir, beyin fırtınası qrupunun digər üzvlərində müsbət təsir yarada bilər. Beyin fırtınası seansında fikirlər yüksək səslə deyilməli və dərhal qeyd edilməlidir. 30-40 dəqiqəlik bir seansdan sonra bütün fikirlər üzvlər tərəfindən qiymətləndirilərək ən yaxşı fikir seçilir. Beyin fırtınası texnikasının faydaları aşağıdakılardır:

- Qısa müddətdə çox sayda fikir meydana çıxır.

- Mühakimə etmədən, tənqid etmədən fikir istehsal edilir.

- Problem həll etmə və xəyal gücü inkişaf edir.

- Orijinallıq, yaradıcılıq, fərqli fikir istehsalı mümkün olur.

Beyin fırtınası, müxtəlif fikirlərin ortaya çıxmasını dəstəkləyir, belə ki, qısa müddətdə çox sayda fərqli fikirlər formalaşır. Bu texnikanın tətbiqi zamanı fikirlərin keyfiyyətindən çox, kəmiyyəti əhəmiyyətlidir.

İstifadə edildiyi yerlər:

Yeni məhsul inkişaf etdirilməsi: Yeni məhsulların yaradılması və ya mövcud olanların inkişaf etdirilməsi üçün.

Reklam: Məhsul kampaniyası inkişaf etdirmək üçün.

Problem həll etmək: Təməl səbəblər, alternativ həllər, təsir analizi.

İstehsalın idarə edilməsi: Biznesin və istehsal mərhələlərinin inkişaf etdirilməsi.

Layihə menecmenti: Müştəri istəklərinin öyrənilməsi, risklərin, qaynaqların, vəzifələrin, mümkün variantların, məsuliyyətlərin və problemlərin müəyyən edilməsi.

Komanda yaradılması: İştirakçıları düşünməyə təşviq edərək fikirlərin paylaşılması və müzakirə edilməsi.

Beyin fırtınasını müxtəlif üsulları var. Bu üsulların ortaq xüsusiyyətləri aşağıdakılardır:

- Orta ölçüdə bir toplantı otağı bu məqsəd üçün istifadə edilir. Otaqda hər kəsin oturmasına çatacaq qədər kürsü olmalıdır. Otaqda diqqəti dağıdacaq, telefon, saat kimi şeylər olmamalıdır, mobil telefonları və zəngli saatları söndürmək tələb olunur. Otaqda lövhə, proyektor cihazı kimi vizual dəstək vasitələrinin olması tələb olunur. Çay, qəhvə və yemək toplantı əsnasında istehlak edilə bilər.

- Mövzuyla əlaqədar şəxslər yığıncağa qatılmaq üçün dəvət edilir, bu şəxslərin mövzunun mütəxəssisi olmağı vacib deyil. Yığıncaqdan əvvəl insanlar yığıncağın mövzusu haqqında məlumatlandırılmalıdır.

- Müzakirə ediləcək mövzu başlığı, əsasən sual cümləsi formasında hər kəsin görə biləcəyi şəkildə, lövhəyə yazılmalıdır. Hər kəsin fikrini kağıza və ya post-it kağızlarına yazması təmin edilir və ya bir nəfər bütün fikirləri taxtaya yazır. Bu yazılanların yığıncağın bütün iştirakçılarının görə biləcəyi şəkildə olmağı tələb olunur. Bir nəfər toplantını idarə etmək üçün sədr seçilir, bu şəxs hər kəsin fikrini yazmasını, ağlabatmaz və ya gülməli görünsə də bütün fikirlərin ortaya çıxmasını təmin etməlidir. Yığıncağın sədri, yığıncağın öz məqsədindən kənarlaşmasının qarşısını almağa çalışmalıdır.

- Müəyyən müddətdən sonra fikir istehsalı prosesinə son verilir. Fikirlər, mövzularına və əsas problemlə əlaqələrinə əsasən qruplaşdırılır. Bu vəzifəni yığıncağın sədri yerinə yetirir. Fikirlərin müzakirəsi bu mərhələdə aparılır, həmçinin, bu mərhələdə əlavə fikirlərin yaranması da mümkündür. Əsas mövzu ilə əlaqədar fikirlər mərhələli olaraq müzakirə edilir. Siyahı təkrar nəzərdən keçirilir və hər kəsin siyahını anlaması təmin edilir. Bu zaman təkrarlanan və ya ağla batmayan fikirlər siyahıdan çıxarılır. Bundan sonra problemlə əlaqədar ən yaxşı fikir və ya fikirlər rəhbərliyə təqdim edilir.

Mənbə:

https://www.wikiwand.com/tr/Beyin_f%C4%B1rt%C4%B1nas%C4%B1

http://www.dijitalajanslar.com/beyin-firtinasi-nedir-ve-nasil-yapilir/

https://ogryontem.wordpress.com/beyin-firtinasi/

http://egitimbilimlerinotlari.com/tag/beyin-firtinasi/

http://www.medekspert.az/index.php?type=xebergoster&id=445