digimark » “Microsoft” Azərbaycanda ilin innovasiya müəllimini seçib
Tarix : 2017-04-14 13:22:45 | Baxılıb : 603
Font Ölçüsü:   |  

“Microsoft Azerbaijan” şirkəti İnnovasiya müəllimi-mütəxəssisi adı uğrunda keçirilən qlobal müsabiqə çərçivəsində Azərbaycanda ilin müəllimini seçib. Bu ada layiq görülmüş müəllim Torontoda təşkil olunmuş “Educator Exchange E²” konfransında iştirak edib və xarici həmkarları ilə şəxsi təcrübəsi ilə bölüşüb.

Biləsuvar Təhsil Kompleksinin informatika müəllimi Xalid Çəndərli qlobal müsabiqə çərçivəsində təhsildə texnologiyanın effektiv tətbiqinə görə “Microsoft” tərəfindən İnnovasiya müəllimi-mütəxəssisi adına layiq görülüb və Azərbaycanı Kanadanın Toronto şəhərində keçirilmiş “Educator Exchange E²” qlobal konfransında təmsil edib. Sözügedən nüfuzlu forum dünyanın innovasiya müəllimlərini bir araya gətirib və tədris prosesinin təşkilində təcrübə, bilik və innovasiya həllərinin mübadiləsi üçün meydançaya çevrilib.

Xalid Çəndərli “Microsoft”un təhsil üzrə veb-saytının (education.microsoft.com) ən fəal istifadəçisi olub. Sözügedən portal informasiya texnologiyalarını təhsildə effektiv istifadə etməyə çalışan müəllim və təhsil təşkilatlarının nümayəndələri üçün yaradılıb. Qeyd edək ki, istənilən müəllim bu portalda tam pulsuz şəkildə qeydiyyatdan keçib, “Microsoft”un təhsil materiallarından yararlanıb, müxtəlif mövzularda mühazirələrə qulaq asıb, həmkarların təcrübəsindən istifadə edib, öz bilik və bacarıqları ilə bölüşə bilər.

Təhsil müəssisələrinin nümayəndələri portalın imkanlarından nə qədər müntəzəm yararlansa, bir o qədər çox ball toplayır və müvafiq sertifikat və status əldə edirlər. 1 000 və bundan çox ball toplayan və müvafiq statusa malik olan müəllimlər İlin müəllimi adına layiq görülür və “Microsoft” tərəfindən qlobal konfranslarda iştirak etmək üçün seçilir. Xalid Çəndərli Azərbaycanda sözügedən portalın ən faəl iştirakçısı olaraq Torontoda təşkil olunmuş “Educator Exchange E²” konfransında iştirak etmək imkanını qazanıb. “Microsoft”un təhsil üzrə veb-saytının əsas məqsədi portala daha çox müəllim cəlb etmək, onları hazırlaşdıraraq peşəkarlıq səviyyələrini artırmaqdan ibarətdir. Hazırda portaldan istifadə edənlərin sayı 4 milyondan çoxdur.

“Dünyanın 83 ölkəsindən 240 təhsil işçisinin iştirak etdiyi tədbirdə “Microsoft” korporasiyasının ən son texnoloji yenilikləri ilə tanış olmaq və praktiki biliklər verən kurslarda iştirak etmək şansı qazandıq. Ən yadda qalan və maraqlı məqamlardan biri müəllimlərin öz fəaliyyətini əks etdirən stendlərlə tanışlıq oldu. Çünki yaradıcılığı görmək digərlərini də ilhamlandırır. Fürsətdən istifadə edib, “Microsoft Azerbaijan” şirkətinə yaratdıqları imkan üçün təşəkkürümü bildirirəm və Azərbaycan müəllimlərini “Microsoft”un təhsil üzrə veb-saytında qeydiyyatdan keçməyə çağırıram”, - deyə Xalid Çəndirli bildirib.

Artıq bir neçə ildir ki, "Microsoft" şirkəti İnnovativ müəllim-mütəxəssis adı uğrunda qlobal müsabiqə keçirir. Bu əhəmiyyətli təhsil təşəbbüsünün əsas məqsədi müəllimlərə ideyalar qazandırmaq, təhsildə yeni yanaşmalar tətbiq etmək və təcrübə mübadiləsi üçün imkan yaradan qlobal pedaqoq şəbəkəsinin inkişaf etdirilməsidir.

“İnnovasiya müəllimləri-ekspertləri dünya miqyasında innovasiya metodlarından istifadə edərək təhsil mühitinin transformasiyasını həyata keçirilər. “Educator Exchange E²” konfransı müəllimlərə həmkarları ilə təcrübə mübadiləsi aparmaq, o cümlədən tədris prosesində yaranan problemlərin həll etmək imkanını yaradır. Onların innovasiya ideyaları bizim üçün böyük əhəmiyyət kəsb edir və məhz bununla biz təhsilin transformasiyasını dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları hazırlıqlı qarşılasın”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

“Microsoft”un innovasiya müəllim-ekspertləri təhsildə innovasiyanın inkişafı, tədris nəticələrini yaxşılaşdırması üçün texnologiyanın istifadəsi üzrə bilik və bacarıqlara yiyələnmək məqsədilə korporasiya ilə sıx əməkdaşlıq edirlər və texnologiyanın təhsil prosesinə nə cür yardım etməsinə dair öz təcrübələri ilə fəal paylaşırlar. Onlar, həmçinin digər müəllimlər üçün mentordur və təhsil texnologiyaları, o cümlədən “Microsoft”un məhsul və alətlərindən istifadə etməsi üzrə təlimlər keçirilər.

“Microsoft Educator Exchange E²” – kontent, pedaqoqika və texnologiyanı şagirdlərin nümunəvi hazırlıq üsulları ilə birləşdirən dünyanın ən innovativ müəllimlərini və onların nailiyyətlərini tanıyan mötəbər illik bir hadisədir. Tədbir müəllimlərə əməkdaşlıq etmək, təhsilin təkmilləşdirilməsi, şagirdlərin əldə etdikləri nailiyyətləri bir qədər də yaxşılaşdırmaq və təhsil sisteminin transformasiyası məqsədilə texnologiya və pedaqoqikanın inteqrasiyası istiqamətində onlara öz təcrübələri ilə bölüşmək imkanı yaradır. Bu il 2 500-dən çox insan sözügedən konfransı canlı yayımda izləyib.

Qeyd edək ki, “Microsoft” şirkətinin prioritet istiqamətlərindən biri də təhsil sahəsidir. “Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır.

Bu bölməyə aid digər xəbərlər.