Buna bir ad ver » “Microsoft” Azərbaycanda ilk dəfə olaraq marketoloqlar üçün seminar təşkil edib
Tarix : 2016-12-26 14:22:08 | Baxılıb : 442
Font Ölçüsü:   |  

23 Dekabr tarixində Bakıda “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı, həmçinin “Facemark.az” marketinq portalı və “Digital Air” təlim mərkəzinin dəstəyi ilə marketinq mütəxəssisləri üçün “Rəqəmsal hesablamalar dövründə internet-marketinq” mövzusunda seminar keçirilib.

Seminarda reklam kampaniyalarında rəqəmsal marketinqin səmərəliyini qiymətləndirmək istəyən internet-marketinq mütəxəssisləri və marketinq direktorları üçün bu sahədə tətbiq olunan ən son texnoloji yeniliklər barədə məlumat verilib. Bundan başqa, verilən məlumatların əyani nümayişini də əhatə edən seminarda iştirakçılara nəticələrin izlənilməsində biznes-analitikadan istifadə nümunələri də təqdim olunub.

Tədbiri giriş sözü ilə açıq elan edən “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib: “Biz böhran dövründə qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə bizneslərin davamlı inkişafına dəstək olmağa çalışırıq. Bu cür əhəmiyyətli dövrdə şirkətlər üçün rolu əvəzsiz olan marketoloqların da xüsusi yanaşmaları ilə biz yeni bir dəyər yarada biləcəyimizə inanırıq”.

Seminarın aparıcısı qismində iştirak edən “Convert” şirkətinin (Ukrayna) direktoru Sergey Dovqaniç iştirakçılara “Microsoft” korporasiyasının təqdim etdiyi biznes-analitik rolunu oynayaraq məlumatların qısa zamanda səmərəli və keyfiyyətli təhlilini təmin edən “Power BI” xidməti haqqında ətraflı məlumat verdi: “Ənənəvi marketinqin səmərəliliyinin azaldığı bir dövrdə rəqəmsal marketinq bizi ölçüləbilən nəticələrlə təmin edir. Bu gün haqqında danışdığımız “Power BI” servisi biznes-təhlil rolunu oynayaraq məlumatların qısa zamanda səmərəli və keyfiyyətli analizini təmin edir”.

“Power BI” inteqrasiyası qısa zamanda hər hansı bir qurumun “Google Analytics”, “Facebook” və digər əhəmiyyətli platformalardan məlumatlarını zəngin vizual qrafiklər üzərində bir araya gətirir və ətraflı analizlərlə təmin edir. Bir toxunuşla hansı marketinq kampaniyasının daha gəlirli və effektiv olduğunu bildirən bu platforma əməliyyatların sayını və büdcənin istifadə tezliyini göstərməklə, xərcləri optimallaşdırılmağa da imkan verir.

Tədbirdə həmçinin bildirilib ki, reklam marketinqi artıq tədricən kontent marketinqin xüsusiyyətlərindən yararlanmağa başlayır. Belə ki, istifadəçilərin diqqətini cəlb edə biləcək məzmun yaratmaqla reklamın həm istehlakçı, həm də istehsalçı üçün faydalılığını təmin etmək mümkündür.

Keçirilən tədbirlərdə daim innovativ və maraqlı yanaşması ilə seçilən “Microsoft Azerbaijan” şirkəti bu dəfə marketoloqları da yaxşı mənada təəcübləndirə bilib. Belə ki, son zamanlar dünyada yeni bir cərəyana çevrilmiş “Mannequin Challenge” ilk dəfə olaraq Azərbaycanda biznes tədbirinin bir parçası oldu və qəhvə fasiləsi zamanı iştirakçılar həmin viral internet cərəyanına qoşuldular.

Xatırladaq ki, “Microsoft Azerbaijan” şirkəti mütəmadi olaraq HR, IT və maliyyə rəhbərləri və mütəxəssisləri üçün seminarlar təşkil etməklə innovativ texnologiyaların yerli bizneslərə inteqrasiyasına töhfə verir.

Bu bölməyə aid digər xəbərlər.