Buna bir ad ver » “Microsoft Imagine Cup 2017” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib
Tarix : 2017-05-03 14:02:25 | Baxılıb : 575
Font Ölçüsü:   |  

Bakıda “Microsoft Imagine Cup 2017” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib. “Neftçi” komandası müsabiqənin qalibi olub və Kiyevdə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə komanda müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 000 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.

Azərbaycan Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Yüksək Texnologiya Parkı” və “Youth Inc.” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə “Microsoft Azerbaijan” və “Nar” tərəfindən təşkil olunmuş “Microsoft Imagine Cup 2017” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib. Layihələrin təqdimatı və müdafiəsinin nəticələrinə əsasən, münsiflər heyəti bu ilin may ayında Kiyevdə keçiriləcək müsabiqənin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edəcək .

Müsabiqədə iştirak etmək üçün gənc proqramçılar və developerlər “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi.

Müsabiqənin yekunlarına əsasən, “Neftçi” komandası qalib elan olunub. Komandanın tərkibinə daxil olan Kərim Kərimov, Lalə Məmmədova, Şamil Ömərov (hər üçü Bakı Ali Neft Məktəbinin tələbəsi) və Səbuhi Talıbov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi) “Windows Azure” üzərində “Jabda” adlı əlavə hazırlayıblar ki, bu həll vasitəsi ilə istifadəçilər kafe və restoranlarda xoşladığı musiqini seçə biləcəklər. İstənilən musiqi janrın seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritə ilə səsvermə vasitəsilə müəyyənləşəcək. İstifadəçilər üçün sözügedən əlavə pulsuz, kafe və restoran sahibləri üçün isə ödənişli olacaq.

«“Microsoft” şirkətinin prioritet istiqamətlərindən biri də təhsil sahəsidir. “Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. “Microsoft Imagine Cup” – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik», - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Qeyd edək ki, builki müsabiqədə iştirak edən 27 komandadan 10-г milli seçim turunu və uğurla keçib və Milli Finala vəsiqə qazanıb. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar öz aralarında yarışıblar. Finalda bir komanda qalib adına layiq görülüv, üç komanda isə mükafatçılar sırasında yer alıb. Qalib komanda Kiyevdə müsabiqənin beynəlxalq yarımfinalında və bu mərhələdə uğur qazanacağı təqdirdə Azərbaycanı bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək finalda təmsil etməyə şans qazanacaq. Milli Finalda ikinci və üçüncü yerləri tutan komandalara qiymətli hədiyyələr təqdim olunub.

Bu bölməyə aid digər xəbərlər.