bu işdə bir niş var » "Microsoft” MDB-də ilk səhiyyə seminarını Azərbaycanda keçirib
Tarix : 2017-03-16 16:45:52 | Baxılıb : 300
Font Ölçüsü:   |  

“Microsoft” şirkətinin “Milli İnkişaf Planının” tərkib hissəsi sayılan, səhiyyə sahəsində aparıcı texnologiya və inovasiyaları nümayış etdirmək məqsədilə təşkil olunan və tibb müəssisələrin rəhbər vəzifəli şəxsləri üçün nəzərdə tutulan seminar “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov yüksək texnologiyaların səhiyyə sahəsində, o cümlədən insanların həyatında vacib rol oynadığından danışıb və bildirib ki, tibb sahəsində innovasiya texnologiyalarının tətbiqi sözügedən sahənin inkişafına, ən əsası isə insanların sağlamlığının qorunmasına yardım edir: “Biz “Microsoft Azerbaijan” şirkəti olaraq ölkənin tibb müəssisələri ilə əməkdaşlıq etməyə və Azərbaycanın səhiyyə sahəsinin inkişafına öz töhfəmizi verməyə hazırıq. “Microsoft”un bu sahəyə aid bir çox müasir məhsul və həlləri mövcuddur ki, Azərbaycanın səhiyyə müəssisələri bunlardan yararlana bilərlər. Məqsədimiz – innovasiyalar vasitəsilə Azərbaycan iqtisadiyyatının inkişafına dəstək olmaqdır”.

Öz növbəsində seminarda çıxış edən Respublika Müalicəvi Diaqnostika Mərkəzi “Ürək mərkəzinin” müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov “Microsoft” şirkətinin atdığı bu addımı yüksək qiymətləndirib və innovasiya texnologiyaların Azərbaycanın səhiyyə sahəsində tətbiqi məsələsində tərəflərin gücünün birləşdirilməsinin əhəmiyyətini qeyd edib: “İnformasiya texnologiyaların səhiyyə sahəsində geniş tətbiqi bir çox tibbi proseslərə müsbət təsir göstərəcək. İnnovasiya texnologiyalarının yaratdığı imkanlar həkimlərin məqsədlərinə çatması istiqamətində yardımçı olacaq”.

Tədbirdə çıxış edən “Elektron hökumət”portalının operatoru olan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov “Microsoft” korporasiyası ilə sıx əməkdaşlıqdan danışıb və bildirib ki, yaxın gələcəkdə Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi elektron imzaya sahib olan vətəndaşların sayını kəskin artıracaq, bu da onların elektron səhiyyə xidmətlərindən istifadə edərkən fərdi məlumatları əldə etməsini təmin edəcək. : “Məqsədimiz – mövcud olan tibbi informasiya sistemlərinin milli səhiyyə

şəbəkəsinə inteqrasiya olunması və rəqəmsal reseptin verilməsidir. Elektron Hökumət Portalına müraciət edənlərin sayı 40 milyondan çoxdur. Hazırda portalda 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 400-dən çox xidmətindən yararlanmaq mümkündür ki, bu xidmətlərdən 33-ü səhiyyə sahəsinin elektron xidmətləridir”.

Seminar çərçivəsində “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda səhiyyə həlləri üzrə direktoru Lorenzo Penqo “Gələcəyin səhiyyə müəssisəsi” mövzusunda təqdimatla çıxış edib və bildirib ki, “Microsoft” korporasiyası bu il texnologiyaların inkişafına 12 mlrd. ABŞ dolları məbləğində investisiya ayırıb: “Azərbaycanın səhiyyə müəssisələri “Microsoft”un bir çox müasir həllərindən yararlana bilər ki, sözügedən müasir texnologiyalar vasitəsilə həkimlər pasiyentlərini məsafədən müayinə edib, onların xəstəlik vərəqələrinin uçotunu aparıb və ümumiyyətlə kağızsız idarəetmə sisteminə keçə bilərlər”.

Tədbir zamanı “TeleSəhiyyə”, “Xəstəxana İnformasiya Sistemi – eResept”, “Kağızsız səhiyyə – rəqəmsal görüntüləmə”, “Səhiyyədə təhlil həlləri” mövzuları üzrə təqdimatlar keçirilib və panel müzakirələri təşkil olunub. Bundan başqa, seminarda “Microsoft” şirkətinin “HoloLens” eynəklərinin xəstənin sağlamlığına məsafədən nəzarətetmə, düzgün diaqnoz müəyyənetmə, doğru müalicə təyinetmə və bu kimi digər üstünlükləri nümayiş olunub.

Bu bölməyə aid digər xəbərlər.