VirDuel » New Media şirkətinin baş direktoru Rasim Davudovla müsahibə
Tarix : 2013-01-17 20:52:00 | Baxılıb : 5888
Font Ölçüsü:   |  

Rasim Davudov haqqında qısa memo

2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika fakultəsinin bakalavr və magistr pilləsini fərqlənmə ilə bitirib. SİAR, Nurgun, ANS Kommers şirkətlərində çalışıb. Hal-hazırda New Media şirkətində direktor vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

 

1.  New Media haqqında qısa məlumat vermənizi xahiş edərdik. Nə vaxt yaranıb, zərurət nə idi, bazardakı indiki vəziyyəti nədir?

 

New Media şirkəti 2009-cu ilin iyul ayında açılıb. Fəaliyyət sahəmiz internetdə reklam satışını həyata keçirməkdir. Bildiyiniz kimi həmin vaxtlar daha çox auditoriyaya malik internet saytlar az idi və internet reklam ilə 3-4 şirkət məşğul olurdu. Biz ilk işimizə Mail.ru saytının ekskluziv reklam hüquqlarını götürməklə başlamışıq. Daha sonra reklamın idarə olunması sistemi olan Adriver vasitəsilə müştərilərə statistika təqdim etdik və bu sahədə şəffaflığı artırdıq. Hal-hazırda internet reklam bazarında çox dinamik inkişaf getdiyini vurğulamaq istəyirəm. Reklam agentliklərinin və şirkətlərin internet reklama marağı günü-gündən artır.

 

2.  Əsasən hansı xidmətləri göstərirsiniz?

 

Şirkətimiz internetdə satış evi kimi fəaliyyət göstərməsi ilə yanaşı internetdə reklamın planlaması, satınalması və monitorinqi ilə məşğuldur. Bundan əlavə standart və qeyri-standart reklam bannerlərinin hazırlanması xidmətini də göstəririk.

 

3.  Reklam hüquqlarını aldığınız saytları hansı kriteriya əsasında seçirsiniz?

 

Saytlar bir neçə kriteriya üzrə seçilir. Saytın tematikası, auditoriyası və statistikası əsas faktorlardandır.

Hal-hazırda 16 saytın ekskluziv reklam hüquqları bizdədir. Mail.ru, Odnoklassniki.ru, 1news.az, Gün.az, News.az, Video.az, Qadın.net, Open.az, Big.az, Myvideo.az və qeyri-standart bannerlər üzrə Turbo.az, Disput.az, Apa.az, Lent.az, Vesti.az və Apasport.az  

 

4.  Azərbaycan internet istifadəçiləri ilə bağlı vəziyyət necədir?

 

Hal-hazırda Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda internetdən istifadə 65%-ə bərabərdir. Az domen ilə 14000 sayt qeydiyyatdan keçib. Facebook istifadəçilərinin sayı 1 milyona çatır.

Müxtəlif sosial araşdırmaların nəticələrinə görə ilk informasiya mənbəyi olaraq internet qeyd olunur.

 

5.  İnternet reklamlarında uzun müddət standart reklamlar hökmranlıq etdi. Sizin bu sahədə nə kimi yenilikləriniz olub?

 

İlk işimiz 2011-ci ildə 1news.az  saytında olan 20 banneri 4 bannerlə əvəzləmək oldu. Bunun nəticəsində saytda olan bannerlərin effektivliyini 5 dəfə artırdıq. Hal-hazırda standart bannerdən ortalama 0.15% CTR alırıq. Bu digər saytlarla müqayisədə 2 dəfə çoxdur.

Bundan başqa  standart bannerlərdə video reklam yerləşdirməyə başladıq. Hal-hazırda video bannerlərə müxtəlif saytlarda rast gəlmək olar. Xüsusilə televiziyaya baxımlılığın aşağı düşməsi fonunda əminəm ki, bu il video reklama çox böyük tələbat olacaq.

Reklamverənlərə banner üzrə statistika təqdim etdik. Hal-hazırda Adriver, Doubleclick, OpenX və s. sistemlər üzrə statistikalar müştərilərə təqdim olunur.

 

6.  Azərbaycanda internetə reklam qiymətləri qonşu ölkələrlə müqayisədə necədir və internetdə reklam ümumiyyətlə nə dərəcədə effektivdir?

 

İnternetdə reklam qiymətləri Türkiyə, Rusiya, Qazaxıstan və Ukraynadan çox aşağıdır, digər MDB dövlətləri ilə müqayisədə biraz yüksəkdir.

İnternetdə reklamın effektivliyi media daşıyıcılar arasında Televiziyadan sonra 2-ci yerdədir. CPM (1000 görüntünün qiyməti) – ortalama 0.8 – 1 azn təşkil edir. 1 klikin qiyməti isə 0.3 – 0.4 azn təşkil edir.

 

7.  Sizcə, Azərbaycanda indi hansı tip saytlara daha çox ehtiyac var?

 

Hal-hazırda ən çox auditoriyası olan saytlara baxsaq bu əsasən xəbər saytlarıdır. Tematik saytlara daha çox ehtiyac olduğunu düşünürəm.

 

8.  İnternetdə ən çox aktivlik edən şirkətlər hansıdır?

 

Top 15-a baxsaq Azercell, Bakcell, Azerfon, P&G, Samsung, Ideal, Honda, Coca-Cola, Wrigley, Mazda, Bank of Baku, Henkel&Schwarzkopf, Unilever, Unibank, Baku Electronics

 

9. New Media olaraq 2013-cü il üçün planlarınız nədir?

 

Bu günlərdə Myvideo.az saytının ekskluziv reklam hüquqlarını əldə edəcəyik və beləliklə də saytlarımızın sayını 16-ya çatdıracağıq. Daha bir-neçə sayt barəsində düşünürük. Hal-hazırda həmin saytları incələyirik.

Keçən ilin sonundan Video.az saytında videoların əvvəlində gedən Pre-roll video formatın satışına başlanılıb və daha bir-neçə yeni formatı test edirik. İnşallah həmin formatları tezliklə saytlarda görəcəksiniz. 

Bu bölməyə aid digər xəbərlər.