Yazırlar » Niyə bloqerlərlə işləmək lazımdır?
Tarix : 2016-01-12 11:30:09 | Baxılıb : 790
Font Ölçüsü:   |  

Orxanın Bloqerlər haqqında yazısını oxuduqca öz-özümə düşündüklərimi Sizinlə bölüşməyə qərar verdim. Bloqu oxudunuzsa davam edək. Deməli, Orxan deyir ki, bloq yazmaq həm yazara xeyirdi, həm oxuyana həm də reklam yerləşdirənlərə. Yazar öz üzərində işləyir, oxucu əziyyət çəkmədən öz dilində faydalı informasiyanı mənimsəyir. Bəs reklam yerləşdirmək istəyənlər? onlara xeyri var? Bəli, məndə Sizin kimi düşünürəm. Əlbəttə xeyri var, o qədər oxucusu var bloqerin.

Vizit kartınızı qoyub hədiyyə göndərəcəksiniz, şəklini çəkib qoyacaq(mı?), olacaq(mı?) REKLAM! :) Məsələ bundadır ki, çox adam ancaq bu hissəyə qədərini düşünür (bilir) Həmin bloqer o şəkli qoymayanda nə olacaq? və ya niyə qoymalıdır? Yaxşı, şəkli qoysa nə dəyişəcək? Fərdin yoxsa şirkətin marağı?

Əzizlərim, əslində heç bir bloqer hədiyyə şəkli qoymağa borclu deyil və onun ən təbii haqqıdır ki, şəkli qoymasın sadəcə PM yazıb təşəkkür etsin.

Bəs bloqerlə işləmək nə deməkdir? Sağ ol demirsə niyə işləyək?

Nəzəri tərəfindən Sizə deyim ki, "Nielsen"in araşdırmasına görə 92% istehlakçı məhsul haqqındakı rəylərə görə alıb-almamağa qərar verir. Rəyləri isə ya qohum-qonşu, dost-tanışdan soruşurlar ya da internetdə araşdırıb tapırlar. Bu o deməkdir ki, Bloqerlər vasitəsilə Siz öz məhsulunuzu ucuz (manatla!) və daha effektiv reklam edə bilərsiniz. İnanmırsız?! Test edin. Düzgün seçilmiş bloqerin səhifəsində olan paylaşımla öz səhifənizdə reklam etdiyiniz paylaşımın effektivliyini yoxlayın. Nəzəri tərəfdən mənimlə razılaşırsınızsa, keçək praktiki tərəfə.

Xarici keys: Skype smartfonlar üçün öz tətbiqini reklam edəndə müxtəlif ölkələrdən 10 nəfər bloqeri toplayıb xahiş etmişdi ki, skype vasitəsilə bir-birilə ən əsas maraqları barədə bölüşsünlər. Sonra skype istifadəçiləri ən yaxşı videonu seçdilər və qalib bloqer öz sevimli sahəsində təhsil ilə mükafatlandırıldı.

skypy

Milli keys: "İDEAL"ın ətirləri haqqında yanlış informasiya mətbuatda dərc ediləndə cavab olaraq o, mətbuat konfransında KİV nümayəndələri ilə birlikdə bloqerləri də öz mətbuat konfransına dəvət etmişdi. Onlar da məhsuldan istifadə edib öz fikirlərini paylaşmışdılar. Hətta indi də əməkdaşlıqları davam edir.

1597

Qeyd edim ki, Rusiyada artıq bəzi bloqerlər izləyici sayından asılı olaraq KİV statusu alıb. Qanun layihəsi üzərində işlənilir. Qısacası, Bloqosfer getdikcə inkişaf edir. Bəs bloqerlə necə işləmək lazımdır? Bunun üçün bu suallar Sizə lazım olacaq.

1. Sizə nə lazımdır? Məqsədiniz nədir?

Reklam deyib keçməyin. Məqsədinizi excel-də yazın. KPİ təyin edin.

2. Bu məqsədə çatmaqda Sizə hansı bloqer kömək edə bilər? Sizin müştəriniz hansı platformadadır?

Müştərinizi yaxşı tanıyırsınızsa, bu bəndi çox asan keçəcəksiz. Həm də artıq KeepFace saytı var. Bu araşdırmanı onlar aparıb hazır platforma yaradıblar. Daxil olursuz, Sizə lazım olan auditoriyası olan bloqeri seçirsiniz. Seçdiyiniz bloqerin saytına, sosial şəbəkələrdəki səhifəsinə daxil olub bloqeri daha yaxından tanıyın.

3. Büdcə!

Sorğu göndərin, öyrənin hansı Sizə daha sərfəlidir. Büdcəyə görə saytın, səhifənin təhlilini aparın. Sayta giriş sayına, izləyici sayına baxın. Son 20 postunu məzmununa və engagement-ə görə yoxlayın, paylaşım sayını, kommentlərdə cavablanmanı nəzərə alın. Ölkəmizdə adətən bu sahə üzrə aylıq büdcə 300-2000 AZN arası bolqerin sadalanan özəlliklərinə görə dəyişir.

4. Əsas məsələ, FORMAT!

Yuxarıda dediyim kimi, hər şey 1 şəkillə dostum-qardaşım deməklə həll edilmir. Birdə axı hər şey pulla həll edilmir, paralel olaraq işləmək da lazımdı. Baxın, bloqerin həyəcanı unikal kontent təqdim etməkdir. O, əziyyət çəkib bu kontenti yaradır. 100-200 AZN-ə görə illərini sərf etdiyi karyerasına lazımsız kontent qatmaq istəməz. Sizin tərəfinizdən isə özünüz düşünün. Bir var hər gün oxuyursan “Şevket sucuklarını alın, razı qalın”, bir də var baxırsan ki, sənin sevimli bloqerin özünə səhər yeməyi hazırlayıb. Səhər yeməyi dadlı görünür deyə reseptini soruşursan, o da yazır ki, belə hazırlamışam. Bu iki haldan hansında Şevket sucuklarını alardınız? Bloqer bilir ki, müştərini bezdirmək olmaz. Ona güvənin, Sizə nəticə lazımdır. Paylaşımlardakı mətni özünüz yazmayın. Bu bloqerin deyil, Sizin fikriniz olur.

5. Nəzarət!

Biznesdə güvənib gözüyumulu hərəkət etmək mümkün deyil. Xırda səhvlərin böyük ziyanlarını çəkməmək üçün Özünüzə və işlədiyiniz bloqerlərə nəzarət etməlisiniz. Olacaq problemdə günahkar axtarmaq və ya kiminsə üstünə atmaq məsuliyyətsiz insanlara xas olan əlamətdir. Ona görə də, məsuliyyətli olun, planlı işləyin və hesabat tələb edin.

6. Ən vacibi, bloqerlərə hörmət edin, qısqanc olmayın!

Ola bilsin ki yox, olar həqiqətən də Siz dostlarınızla əylənəndə yuxularına, əyləncələrinə haram qatıb, araşdırıb, işləyirlər. Düz bildiyiniz bir yol varsa, göstərin. Yol göstərə bilmirsizsə, yoldan çəkilin. Ən azından mane olmazsınız.Hz.Əli deyib ki, ya xeyir söylə, ya da SUS. Bir insanın gördüyü 100 işdən 10-nu tənqid etsəz də, 90 işə halal olsun deyə biləcək qədər cəsarətli olmaq lazımdı. Düzdür, cəsarət vərdiş deyil, o xarakterdir, ya var ya da təəssüf ki, heç vaxt olmayacaq. Höte-nin bir sözü var, İdeyalar xarakterlə qovuşanda yüzillərlə dünyanı heyrətə salan hadisələr baş verir.İdeya var xarakter yoxdursa, bu ideyanın adamda və ya hansısa zibil qutusunda kağız olmasının nə fərqi var? Düz demirəm?

Dünən Rafiq Hunaltayın bloqunda belə bir sitat oxudum. “İstər daş yumurtanın üstünə düşsün, istərsə də yumurta daşın üstünə. Olan yenə yumurtaya olur.” İndi çalışın ki, yumurta olmayın o daş göydən gəlməsə də belə, sağdan və ya soldan mütləq gələcək

Hər yazar ən azı zəhmətinə sağ ol eşitmək istəyir. Bunu deməyənlər isə susaraq faydalı ola bilər. Həyat başqalarını müzakirə edəcək qədər uzun deyil, həqiqətən, ciddi deyirəm

Nəticə olaraq deyim ki, Bloqerlərlə işləmək Sizə istənilən halda faydalıdır. Siz bir dəfə ödəniş edirsiniz, məhsulunuz haqqında digər mənbələrdə rəy kimi müsbət kontent yaranır və o bloq yaşadıqca qalır. Düşünün ki, bloqer özü inkişaf edir, izləyicisi artır, getdikcə daha çox şəxsə Sizin məhsul haqqında məlumat çatır. Həm də inam deyilən hiss çox çətin yaranır. Bu hissi izləyicilərində yaradan bloqerə məhsulu çox rahatlıqla əmanət etmək olar.

Digər bloqer həmkarlarımın da fikri maraqlıdır. Nəyi qeyd etmədimsə, Siz qeyd edin.