VirDuel » "MİRF"nun həm təsisçisi və təşkilat komandasının rəhbəri Murad Maliklə səmimi müsahibə
Tarix : 2015-12-04 12:53:00 | Baxılıb : 1096
Font Ölçüsü:   |  

Salam Murad. Sizi daha çox marketoloq kimi tanıyırıq və marketinq tədbirlərinin təşkilat işlərindən daha çox məlumat var sizin haqqınızda. İnsan Resursları sahəsində tədbir təşkilatçılığı məsələsi haradan formalaşdı?

Salam. Qeyd etdiyiniz kimi, marketoloqam. Ən maraqlısı odur ki, mən səhiyyə sektorunda marketoloqam. Amma mənə görə marketoloqun ən üstün bacarıqlarından biri də istənilən işdə təşkilatçılığı və liderliyi öz üzərinə götürmə bacarığıdır. Event management marketoloqun xüsusi üstünlüklərindən biridir deyə bilərik. İdeyaya gəlincə, 2014-cü ildə ikinci Milli Marketinq Forumundan sonra dostumuz Cabir Süleymanlı ilə danışdıq ki, niyə Azərbaycanda ancaq xarici İnsan Resursları tədbirləri keçirilir. Nəyə görə Milli Marketinq Forumunun İnsan Resursları modeli yoxdur. Yalnız yerli mütəxəssislərin, yerli şirkətlərdəki təcrübə və problemlərini paylaşacağı bir forum. Amma həmin vaxt mövzu danışılsa da, forumun təşkilatçılıq məsələlərinin danışılması və planlaması vaxt apardı. Nəhayət Milli Marketinq Forumu 2015-dən sonra qərara gəldik ki, Milli İnsan Resursları Forumu 2015 keçiriləcək. Hazırlıq işləri sürətləndirildi və artıq biz 19 Dekabrda Ambassador Hotel Bakuda görüşürük.

Spikerlər müxtəlif sahələrdəndir. Onların seçimi və dəvəti necə keçirildi?

Cabirlə Marketinq Forumundan sonra tam bir neçə dəfə görüşüb mümkün spiker siyahısını formalaşdırdıq. Komandamıza İR sahəsində çalışan Elmira İsmayılova xanım da qoşuldu. İlkin siyahıda 140 şirkətdən 160-dan çox peşəkar mütəxəssis yer alırdı. Təbii ki, normal haldır ki, onların bəziləri ilə kontakt qurmaq çətin idi. Bəzi spikerlərimizin isə iş planı və qrafiki ilə uyğunluq əldə olunmadı. Bəzi mütəxəssislər isə ilk dəfə olduğu üçün ilk forumda izləyici kimi qatılmağın, növbəti illərdə spiker kimi qatılmağın tərəfdarı olduğunu dedilər. Hətta bəziləri isə belə bir forumun real olacağına inanmadı. Amma biz 19 Dekabrda görüşürük. Qısacası onu deyim ki, təklifimizi qəbul edən spikerlərimiz hamısı yeniliyə, fayda verməyə və faydalanmağa çox açıq insanlar olduğu üçün forumda spikerdirlər. Yəni hansısa özəl kriteriya və tələb yox idi. Sadəcə spikerin peşəkarlığı və danışacağı mövzu barədə bilik və təcrübəsinin olması idi. Çox faydalı bir forum olacağına inanırıq.

Forumda iştirak biletlədir. Sizcə pulsuz keçirilən forumların olduğu bir zamanda ödənişli tədbirin olması bilet satışını riskə atmır?

Yəgin təşkilatçılıq işlərində olan dostlar bilir ki, böyük tədbirlərin təşkilatçılıq işlərində iki seçim var. Ya böyük bir şirkətin sponsorluğu arxasında gizlənərək bütün xərcləri sponsorun hesabına həll edərək, pulsuz və ya cüzi ödənişli tədbir keçirirsən, ya da bütün xərclər nəzərə alınmaqla biletinə məbləğ təyin edib, bilet satışını təşviq etməklə məşğul olursan. Əlbəttə ikincisi daha çətin yoldur. Amma bu insana həm daha çox təcrübə qazandırır, həm də ətrafda olan hər kəs iş prossesinin keyfiyyətini daha aydın sezir. Doğrusu bilet satışının çətin olacağını düşünsək də, foruma 15 gün qalmış mümkün 180 biletdən cəmi 35 bilet qalıb. Foruma qədər biletlərin bitəcəyindən şübhəmiz yoxdur.

Çətinlikləriniz və ya bəyənmədiyiniz məqamlar hansılardır?

Əlbəttə ki, istənilən işdə olduğu kimi təşkilatçılıq işində də gözlənilməz və bəzən də xoşa gəlməz problemlər olur. Məsələn, şirkət logosunun Jpeg formatdan göndərilməsindən, deyilən vaxtda deyilən işlərin görülməməsinə qədər. Amma təşkilatçı komandada olan dostlar daha öncə bir çox tədbirin təşkilatçılıq işində rol almış təcrübəli və ən əsası bu işdə könüllü olaraq tam istəklə işləyən komanda üzvləri var. Ona görə də düşünmürəm ki, ciddi çətinlik törədən məqam olar. Çətinlik deməyək amma bəzi dostlar var ki, hər bir tədbirdə olduğu kimi, bu tədbirdə də səndən pulsuz dəvətnamə istəyir və ya gözləyir. Hətta onlar arasında inciyənlər də olur. Qeyd etdiyim kimi tədbirin mümkün xərclərinin qarşılanması biletlərin bir başa satışından asılı olduğu üçün hədiyyə olunan hər bir bilet əlavə məsrəfdir. Ona görə də tədbirdə iştirak edəcəyini deyib, nə kömək lazımdır deyən dostlara deyirəm, köməyiniz – pulsuz bilet istəməməkdir. Bir, ona görə ki, pulsuz bilet əldə etməklə siz, o bileti pulla əldə etməyə hazır olan başqa birisinin, iştirak haqqını əlindən almış olacaqsınız. Həm də dediyiniz "dəstək"dən əsər əlamət qalmır.

Forumdan sonra nə ideyalar var? Marketinq yoxsa İnsan Resursları sahəsi ilə davam edəcəksiniz?

Əvvəldə də qeyd etdiyim kimi, marketoloq olaraq bütün faydalı tədbirlərdə rol almağa davam edəcəyəm. İstər marketinq sahəsi olsun, istər İR və ya digər ehtiyac olan sahələr. Marketinq sahəsindəki fəaliyyətlə yanaşı, İnsan Resursları sahəsində də il ərzində bir neçə tədbiri davamlı şəkildə etməyi planlayırıq. Bundan başqa gənclər sektorunda da maraqlı və faydalı tədbirlər planı var. Bu yaxınlarda Gəncə şəhərində bir tədbirdə olan dostlarımız dedilər ki, Gəncədə də bu tip aktivliklərə ciddi ehtiyac var. Gəncə şəhərində də regional olacaq bir tədbir planı üzərində müzakirələr gedir. Marketoloq olaraq isə, ölkəmiz üçün yenilik sayıla biləcək səhiyyə xidmət və məhsulları təqdim etməyə hazırlaşırıq.

İştirak edəcək şəxslərə nə demək istərdiniz?

İştirakçılara forum haqqında onu deyim ki, forumun səs-küylü, dəhşətli, möhtəşəm olmağından daha çox faydalı olması üçün çalışırıq. Tək iştirakçılara yox, bütün İnsan Resursları sahəsində olan və bu sahə ilə maraqlanan bütün dostlara demək istəyirəm ki, ən dəyərli resurs əlbəttə ki, insandır. Bu resursu ölkəmizdə inkişaf etdirmək hər birimizin əsas məqsədi olmalıdır. Bunun üçün ilk növbədə özümüzdən, ailəmizdən və ətrafımızdan başlamalıyıq. 19 Dekabr 2015-ci il tarixində Ambassador Hotel Bakuda görüşmək ümidi ilə.

Bu bölməyə aid digər xəbərlər.