sərgi, festival və konfranslar » “Sağlam Təhsil – Sağlam Millət” – görülən işlər nailiyyətlər və perspektivlər
Tarix : 2017-04-18 15:15:14 | Baxılıb : 74
Font Ölçüsü:   |  

Aprelin 18-də Azərbaycan Tibb Universitetində “Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. “Sağlam təhsil - sağlam millət” layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm dövlət tapşırıqlarının həllinə yönəldilib.

Bu konfransda “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin uşaq və yeniyetmələrin sağlamlığının qorunması, təhsil nailiyyətlərinin yüksəldilməsinə dair 4 il ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə ediləcək.

XXI əsrdə təhsilalanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. ABŞ, Avropa ölkələri, MDB və Azərbaycan alimlərinin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən, bu gün məktəb məzunlarının cəmi 2-15%-i yetkin həyata sağlam fərdlər kimi daxil olur.

AR-da təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələri nəzərə alaraq 2013-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sistemində sağlam təhsil texnologiyasının tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. 2014-cü ildə Təhsil Nazirliyi Milli Təhsil Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başladı. “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv Azərbaycan vətəndaşı yetişdirməkdən ibarətdir. Layihə dörd əsas istiqamətdə inkişaf etdirilmişdir: tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji, gender.

2014-cü ilin mayında 2500 məktəblinin diaqnostik qiymətləndirmə aparmaq üçün tibbi monitorinq keçirilib. Ənənəvi siniflərdə məktəbi bitirən yeniyetmə məzunlar arasında görmə problemi 45%, qamət pozuntusu isə orta hesabla 50% təşkil etmişdir. Birinci sinifdə təhsil alan oğlanlar arasında fiziki inkişaf çatışmazlığı 19%, beşinci sinifdə 33%, sonuncu sinifdə isə artıq 40% təşkil etdi.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov öz çıxışlarından birində qeyd etmişdir ki: “Təbii ki, bu dəyişən dünyada tədris prosesi də dəyişilməli və inkişaf etməlidir. "Sağlam Təhsil-Sağlam Millət" layihəsi gənc nəslin bu dəyişikliklərə daha hazırlıqlı olması zərurətindən irəli gəlib... Bizim hədəfimiz gənc nəslin fiziki-psixi və mənəvi sağlamlığını, qabaqcıl biliklərə yiyələnməsini təmin etmək, bu yolla da proqressiv və sağlam Azərbaycan vətəndaşını – səmərəli insan kapitalını formalaşdırmaqdır. Tədris prosesində akademik biliklərin əldə edilməsi, heç bir səkildə gənc nəslin-şagirdin sağlamlığı hesabına bas verməməlidir. Bu da layihənin kökündə duran ana fikirdir”.

Hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 orta təhsil müəssisəsində fəaliyyət göstərir. “Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunmasını təmin edilir.

Sağlam təhsil texnologiyalarının təhsilalanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə növbəti illərdə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirildi.

Tədqiqatlar göstərdi ki, ənənəvi siniflərdə təhsilalanların 2014-cü illə müqayisədə 2016-cı ildə qamət pozuntusu olan şagirdlərin sayı 13,3% artdığı halda, Sağlam Təhsil siniflərində bu göstərici 2,7% təşkil etmişdir. Sağlam Təhsil siniflərində normal görmə qabiliyyəti olan uşaqların sayı 23%, ənənəvi siniflərdə isə 8,7% yüksəlmişdir. Təhsilalanların fiziki inkişaf göstəricilərini müqayisə etdikdə müəyyən edildi ki, iki il ərzində normal fiziki inkişaflı uşaqların sayı 10%, Sağlam Təhsil siniflərində isə 0,3% azalmışdır. Psixoloji parametrlər üzrə də belə müsbət statistika müşahidə olunur.

“ST” siniflərində təhsil alan gənclər ətraf mühitə daha sürətlə uyğunlaşır və onların motivasiyası yüksəlir. Xüsusilə də, bu göstərici qızlarda daha yüksəkdir. Belə ki, 2015-ci ilin oktyabr ayında ənənəvi və “ST” siniflərində aparılan monitorinq zamanı motivasiya və sosial uyğunlaşma baxımından oğlanlar arasında 25,9%, qızlar arasında isə 4,5% fərq müəyyən edilib. 2016-cı ilin mayında aparılmış monitorinq üzrə bu fərq oğlanlar arasında 15,2%, qızlar arasında isə 3,8% dəyişib.

“Sağlam Təhsil” siniflərində gigiyenik normalara müvafiq təşkil edilmiş sağlam tədris şəraiti, sinifdə şagird sayının optimallaşdırılması, hərəki fəallıq şagirdlərin əqli proseslərin, emosional halların, yaradıcılıq potensiallarının müsbət dinamikada inkişaf etdirilməsinə, şagirdlərin məktəbə qarşı olan neqativ münasibətin azalmasına, şagird şəxsiyyətinın formalaşdırılması üçün müsbət şərait yaradır. Aparılmış pedaqoji tədqiqatların statistik təhlilləri də göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin nailiyyət səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir.

Konfransda mühüm məqamlardan biri də “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin gələcək sosial xərclər üzrə maliyyə baxımından cəlbediciliyinin müzakirəsidir. Yaxın və uzaq gələcəkdə gənclərin sağlamlığını cəmiyyətin əmək və intellektual potensialı, əhalinin artım xüsusiyyəti, eləcə də gələcək nəsillərin sağlamlığı müəyyən edəcək. Buna görə də uşağın məktəbə gedərək təhsil müddəti ərzində öz sağlamlığını itirməməsi, əksinə, daha da sağlam olmasını təmin etmək lazımdır. Hazırda isə gənclər yetkinlik yaşına mənfiyə doğru çox dəyişmiş sağlamlıqla qədəm qoyurlar və bu dəyişikliklər məktəbdə oturaq həyat tərzindən irəli gəlir.

Gələcəkdə ölkədə ümumi tibbi sığorta haqqında qanun qüvvəyə mindikdə, bu hal dövlət büdcə vasitələrinin əlavə xərcləri ilə nəticələnə bilər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyir: «Uşaqların sağlamlığının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Odur ki, icbari tibbi sığorta sistemində uşaqlar sığorta haqqı ödəməkdən azad olacaqlar. Onlara tibb müəssisələrində göstərilən bütün tibbi xidmətlərin xərcləri Agentliyə dövlət tərəfindən ödəniləcək. Çünki sağlam nəsil bizim gələcəyimizdir. Yeni nəslin sağlamlığını təmin edilməsində sağlam təhsil texnologiyalarının tətbiqi təqdirəlayiqdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2013-cü ildən həyata keçirilən “Sağlam Təhsil-Sağlam Millət” layihəsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Məktəblərdə sağlam təhsil texnologiyalarından istifadə etməklə şagirdlərə sağlam həyat tərzini aşılamaq mümkündür. Sağlam təhsil şagirdlərin sağlam böyüməsinə, gələcəkdə əhalinin sağlamlığının qorunmasına və beləliklə səhiyyə xərclərinin azalmasına səbəb olacaq».

Ümumilikdə, “Sağlam Təhsil - Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfransında təxminən 200 nümayəndə, o cümlədən alimlər, müəllimlər, kafedra müdirləri, maraqlı qurumların nümayəndələri və məktəb direktorları iştirak edəcəklər.

Beləliklə, “Sağlam Təhsil - Sağlam Millət” layihəsi üzrə görülən işlər və perspektivlər barədə elmi-praktiki konfrans “Gənc nəslin sağlamlığı milli ideya kimi” tezisinin yaradılmasına kömək edəcək. Həmçinin məruzələrin bütün tezisləri konfrans materiallarında dərc ediləcək. Tədbirin təşəbbüskarı Azərbaycan Respublikası Təhsil Nazirliyidir. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Tədbirin təşkilatçısı qismində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universiteti çıxış edir. Milli Təhsil Texnologiyaları Mərkəzi və “Caspian Event Organisers” (“CEO”) şirkəti isə tədbirə təşkilati dəstək göstərirlər.

MƏLUMATLAR:

2014-2015 Bakı və Sumqayıt şəhərlərinin 6 ümumtəhsil müəssisəsində 15 birinci Sağlam Təhsil Sinfi

2015-2016 Bakı və Sumqayıt şəhərlərinin 35 ümumtəhsil müəssisəsində 67 (15 ikinci və 52 birinci) Sağlam Təhsil Sinfi

2016-2017 Bakı, Sumqayıt şəhərlərinin 35 ümumtəhsil müəssisəsində 116 (15 üçüncü, 52 ikinci və 49 birinci) Sağlam Təhsil Sinfi

Cəlb olunmus insan sayı:

• 2904 ibtidai sinif sagirdi və valideynləri

• 116 ibtidai sinif müəllimi

• 35 məktəb fiziki tərbiyə müəllimi

• 35 məktəb psixoloqu

• 45 məktəb tibb bacısı və həkim

• 35 məktəbin direktoru və müavinləri

• 4 universitetdən 19 tədqiqatçı, həkim, psixoloq, sosioloq və pedaqoq

• 23 media nümayəndəsi

Bu bölməyə aid digər xəbərlər.