Yazırlar » Televiziya kanallarına hansı vasitələrlə baxırıq?!
Tarix : 2016-09-30 12:09:18 | Baxılıb : 488
Font Ölçüsü:   |  

Azərbaycanda TV kanallarla bağlı ara-sıra araşdırmalar Sizinlə paylaşıram. Xüsusən ANS-in yoxluğunda hazırda TV kanallarımızda maraqlı yerdəyişmələr, fərqliliklər olacağı aydın görünür. Amma nə olur-olsun dəyişməyən bir şey var ki, biz yenə də normal statistika ala bilmirik. Ona görə də hərə bir söz deyir, dediyi sözün də doğru olduğuna inanır. Halbuki bayaq Rusiya tv kanallarının detallı statistik vəziyyəti haqqında AKAR-ın araşdırmasını oxudum. Maraqlı olsa bu linkdən Siz də oxuyun. – Доходы российского телевидения в 2015 году.

Statistikanın normal, qənaətbəxş olmaması görünür ki, kimlərəsə sərf edir. Və ya kimlərinsə “biznes marağına” xidmət edir. Amma bütövlükdə bütün biznes subyektləri bundan əziyyət çəkirlər. Büdcələrin bölüşdürülməsində həmişə bu söhbətlər yenidən gündəm olur – büdcəni necə və nəyə əsasən bölüşdürək. Amma bu proses uzun müddətdir belə davam etdiyindən demək olar ki, vəziyyətlə barışmışıq. Mən bu bloq yazısında bu yaxınlarda əldə etdiyim maraqlı araşdırma nəticəsini Sizinlə paylaşmaq istəyirəm. Ümidvaram ki, çoxlarınız üçün faydalı olacaq.

Bizim hamımızı həmişə düşündürən məsələ analoq və kabel, peyk antenaları vasitəsilə tv kanalların izlənilməsi statistikası olub. Bir az daha sadə dildə desək, analoq yayım odur ki, adi ev antenalarını qoşanda da kanalları göstərir. Hansı kanalları göstərirsə, demək ki, o kanallar analoq yayımdadır həm də. Ailə tv, BBTV, KaTV, ATV+ və s. kimi kabel və hamımızın “krosnu” dediyi peyk antenaları vasitəsilə yayımlanan kanallar da var. Bir az kobud sadələşdirdik, amma olsun, mən özüm də yeni öyrənmişəm fərqləri. Qayıdaq mövzumuza. Bizi həmişə düşündürüb ki, görəsən nə qədər adam ölkədə tv kanallara peyk antenaları, nə qədər adam kabel televiziyaları, nə qədər də ev antenaları vasitəsilə baxır? Bu çox vacib sualdır. Hansı ki, cavabından illik milyonlarla reklam büdcəsinin bölüşdürülməsi asılıdır. Mən yuxarıda yazdığım kimi bu dəfə Sizinlə yeni əldə etdiyim maraqlı bir araşdırmanı paylaşacam. Və bundan sonra düşünürəm ki, bir çox “gizli” məqamlar bizə aydın olacaq.

Beləliklə, ilk öncə Sizinlə aşağıdakı sorğu nəticələrini paylaşıram. Qeyd edim ki, sorğu xüsusi üsulla seçilmiş 1000 nəfər arasında aparılıb. Təbii ki, deyə bilərsiniz ki, dəqiq deyil və s. Əslində isə heç olmamağından nələrinsə olması da yaxşıdır. Özünüz də görəcəksiniz ki, diqqətli incələsəz işinizə praktiki tətbiq edə bilərsiniz. Sorğu Bakı və Sumqayıtı çıxmaqla 35 rayonda aparılıb. Amma Bakı və Sumqayıtda da vəziyyət aşağıdakılardan kəskin fərqlənmir.


Şəkil 1


Şəkil 2


Şəkil 3.

Şəkil 1 – Tv-yə hansı vasitələrlə baxırsınız? – Təhlil

Respondentlərin 73% peyk antenaları vasitəsilə tv-ni izləyir. Ev və peyk antenaları birlikdə 15.5%, yalnız ev antenası isə 7.4%-dir. Deməli belə çıxır ki, kabeli də saysaq, 77%-dən çox insan peyk və kabel vasitəsilə izləyir. 24% ev və peyk antenaları ilə izləyənlərin cəmidir. Bir fakt var ki, evdə həm ev, həm də peyk varsa və ya kabel televiziyası da varsa, 90% insan əsasən peyk və kabel-dən istifadə edir. Ona görə də 24%-in minimum 15%, ən yaxşı halda isə 20% (təkrar edirəm yaxşı halda) insan ev antenalarından baxır. İndi gələk təhlilə. Yuxarıda yazdığım kimi ev antenası analoq yayım deməkdir. Və diqqətin edin, ölkə əhalisinin əgər yaxşı halda 20%-i analoq yayıma baxırsa, bu o deməkdir ki, TV reytinq ölçmələri ancaq bu 20% insan arasında ölçümləmə aparır. Qalan 80% isə araşdırmadan kənar qalır. Yəni bu gün Sizə göstərilən, məsələn X veriliş 9 reytinq alıb birincidir, Y veriliş 3-cü və s. – bunlar yalnız 20% tv izləyicisinin içindən ölçüləndir. Bir az da dərinə getsək, bu gün AGB-nin reytinqləri əslində camaatın 20%-nin nəticələrini göstərmiş olur. Biz isə büdcələrimizi bu reytinqlərə görə bölürük. Onu da qeyd edim ki, AGB ancaq analoq yayımı ölçür. Əslində rəqəmsal və peyk yayımı da ölçülə bilər, ancaq bunun üçün əlavə avadanlıqlar alınmalıdır. Bu isə azərbaycanda hələ ki, ölçülmür. İndi isə xəbər gəzir ki, gələn ildən bütün ölkə rəqəmsal yayıma keçəcək. O zaman məcbur rəqəmsal qoşulanlar da ölçülməlidir. Bir sözlə, əvvəllər də yazdığım kimi və situasiya da onu göstərir ki, reytinqlər yumşaq desək düz göstərmir.

Şəkil 2 – Hansı ölkələrin telekanallarına baxmağa üstünlük verirsiniz?

Bu şəkildəki statistikadan da görürsünüz ki, 80% insan azərbaycan və türk kanallarına baxır. Regionlarda bu statistika normaldır. Bu da əslində hədəf qrupunu regionlar üzrə daha yaxşı anlamağa imkan verir. Bakı və Sumqayıtda isə yerli kanalların izlənməsini (ancaq yerli kanallar) minimum 2-yə bölmək lazımdır. Bu da təxminən 28-30% aralığı edir. Bölünən yarı faiz isə təbii olaraq digər (rus, türk, xarici) kanalların payına düşür. Bu bizə nə deyir?! Görünən odur ki, bizim tv kanallarımız hələ də yetərli sayda izləyici toplaya bilmir. Bəlkə də güclü qonşular (Rusiya və Türkiyə) ilə müqayisə edirik, hər gün baxırıq deyə avtomatik müqayisə edəndə öz verilişlərimizin keyfiyyəti və kontenti zəif görünür. İstənilən halda bu özü ciddi siqnaldır ki, yerli kanallarımızın hələ getməli bir xeyli yolu var. Bu olmazsa, baxım faizləri il-ildən düşməyə davam edəcək.

Şəkil 3 – Hansı ölkələrin telekanallarına baxmağa üstünlük verirsiniz (18-31 / 32-53 / 54+ yaş qrupları üzrə)?

Bu şəkildə isə Siz yuxarıdakı statistikanın eynisi görürsüz, sadəcə bölünmə 3 yaş qrupu üzrə edilib. Bu özü də ciddi və faydalı göstəricidir. Baxaq. Deməli, görürük ki, rus kanallarına adətən 32-53 yaş arası insanlar daha çox baxır. Yeni yetişən gənclik isə Azərbaycan və türk kanallarını izləyirlər. (70-80%) İl-ildən gedişat da onu göstərir ki, rus kanallarının izlənməsi aşağı düşür. Rus kanallarındakı verilişlər intellektuallığı ilə seçilir, amma ölkə əhalisində Rusiya ab-havasına meyllilik, xüsusən sadə camaat arasında rəğbət yüksək deyil. Bunları nəzərə alaraq önümüzdəki illərdə də bu tendensiyanın davam edəcəyini söyləmək olar. Burada vacib məqam daha var. Uşaqların çox böyük hissəsi türk və rus cizgi filmləri ilə böyüyür. Nəticədə danışıq dili və təfəkkür tərzində qarışıqlıq yaranır. Mütləq şəkildə ya yerli cizgi filmlərinin doğma dilimizə tərcüməli yayımlanması işi genişləndirilməli, ya da yerli cizgi filmi istehsalı təşviq edilməlidir. Məsələn, bildiyim qədərilə bugün Azərbaycan dilində uşaqlara yönəlik yeganə kanal Günəş Tv-dir (Əvvəlki Region Tv, rebrendinqdən sonra ARB tv tərkibindədir, rəqəmsal yayımda baxmaq olur).

Hələlik bu qədər. Hesab edirəm ən az bu rəqəmlər bizə önümüzü görməyə imkan verəcək, reklam və marketinq xidmətlərimizi planlayarkən faydalı olacaq.

Növbəti dəfə daha faydalı olmaq ümidilə…