Yazırlar » Təşəbbüskar şəxslərin 11 xüsusiyyəti
Tarix : 2017-09-05 11:15:16 | Baxılıb : 384
Font Ölçüsü:   |  

Bəşər tarixinin başlanğıcından etibarən insanlar yaşamaq üçün lazım olan ehtiyacları ödəməyə çalışırlar. Ehtiyacların ödənməsi, həyatımızı davam etdirməyə və ya asanlaşdırmağa imkan verir. Məsələn yeməklər, həyatımızı davam etdirmək üçün qida ehtiyacımızı ödəyir, kompüterlər isə həyatımızı asanlaşdırır.

İlk çağlarda insanlar öz ehtiyaclarını qarşılamağa cəhd göstərirdi. Daha sonrakı dövrlərdə təşəbbüskarlar digər insanların və cəmiyyətin ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərməyə başladı. Ehtiyaclarımızın ödənilməsi üçün istehsal etmək məcburiyyətindəyik. İstehsalı reallaşdırmaq üçün isə təbii resurslar, əmək və kapitalın bir yerə cəmlənməsi lazımdır. Təşəbbüskarlıq duyğusu bu yerdə fəaliyyətə keçərək insanları bu iş üçün həvəsləndirir.

Təşəbbüskar qazanc əldə etmək üçün əmək, sərmayə, təbii ehtiyatlar və texnologiyanı cəmləşdirərək öz işini quran şəxsdir. Təşəbbüskarlıq, təşəbbüskar şəxsin fürsətləri görərək, risk edərək, qabaqcıl və rəqabətçi düşünərək həyata keçirdiyi dəyər yaratma prosesidir.

Təşəbbüskar düşüncənin yenilikçi və yaradıcı olmaq, risk etmək, qabaqcıl olmaq və rəqabətçi düşünmək olmaqla dörd əsas birləşəni var:

  • Yenilikçi və yaradıcı olmaq: Təşəbbüskarlıq məhsul, xidmət, texnologiya istehsal baxımından yaradıcı və qeyri-ənənəvi həllər tapmağı tələb edir. Ənənəvi fəaliyyət metodlarından imtina edildikdə təşəbbüskar düşüncə başlayır. Təşəbbüskar başqalarının baxdığı amma, görə bilmədiyi fürsətləri sezib bunu bir biznes fəaliyyətinə çevirir.
  • Risk etmək: Təşəbbüskar; texnologiyanı yeniləməsi, bazarın quruluşunu, qanuni tənzimləmələri və rəqabəti nəzərə alaraq riskə gedir. Risk etmək onu adi bir iş sahibi, müdir və ya idarəçilərdən ayıran mühüm bir amildir.
  • Qabaqcıl olmaq: Təşəbbüskar, başqalarının arxasınca getmək əvəzinə yenilikçi düşüncəsini reallaşdıracaq iş planlarını meydana gətirib sürətlə fəaliyyətə keçir. Bir fikri reallaşdırmaq ehtirası ilə hərəkətə başlayır, önə keçir.
  • Rəqabətçi düşünmək: İstehlakçı daim yüksək keyfiyyəti, aşağı qiyməti və daha çox seçim imkanı istəyir. Bu səbəbdən təşəbbüskar, rəqabət edə bilmək üçün istehlakçı kimi düşünür və buna uyğun həllər istehsal edir.

İşgüzar təşəbbüskarı formalaşdıran xüsusiyyətlər və bacarıqlar.

Təşəbbüskarlığın bildiyiniz kimi ümumi bir tərifi yoxdur. Hər kəs bu anlayışa bir cür izahat verir. Təşəbbüskarlıq bir qəlib, bir xətt ola bilməz. Ancaq, təşəbbüskarlıq xüsusiyyətlərinin nümunələrini vermək mümkündür. Hazırda uğurlu olan və ya keçmişdə uğurlu olmuş təşəbbüskarların bəzi xüsusiyyətlərinə nəzər saldıqda bir daha aydın olur ki, Ölkəmizdə təşəbbüskarlığı işgüzar təşəbbüskarlığa doğru yönəlməyə ehtiyac var.

Uğurlu bir təşəbbüskarda olması lazım olan fərdi xüsusiyyətlərdən bəziləri bunlardır:

Qərarlılıq: Problemlərdən qaçmaz, onları olduğu kimi qəbul edərək həll etməyə çalışar. Qərar verməkdən çəkinməz hətta bunu arzulamaq.

Özünə güvənmək: Qarşılaşacağı bütün problem və çətinliklərin öhdəsindən gələcəyinə inanaraq işlərini davam etdirmək.

Məqbul risklərə getmək: Təşəbbüskar, mənfəət motivi ilə hərəkət etsə də fəaliyyətin nəticəsində meydana gələ biləcək mənfi nəticələri (riskləri) da nəzərə alır.

İş bitiricilik: Edilməsi lazım olan işi sonuna qədər izləyir, lazım olduqda şəxsən işləyərək işi bitirir.

Planlı hərəkət etmək: İşlərin planlaşdırıldığı kimi vaxtında, düzgün və ağıllı şəkildə icra edilməsini təmin edir.

İrəli getmək istəyi: Yeni tələbləri hər kəsdən əvvəl sezərək lazımi təşəbbüsləri həyata keçirir.

Çox yönlülük: Müəssisənin funksiyalarının həyata keçirilməsi prosesində müəyyən sərhədlər daxilində qalmaq əvəzinə hər funksiyanın yerinə yetirilməsi zamanı nüfuz sahibi olmağı, liderlik etməyi arzulayır və bunun üçün özünü yetişdirməyə çalışır.

Uzaqgörənlik: Gələcəkdə ola biləcək dəyişiklik və inkişafı nəzərdə saxlayır.

Öndərlik: Yanındakı işçilərin işin tələb edildiyi şəkildə təşkilatlandıraraq müəssisəsinin məqsədinə çatmasını təmin edir.

Uyğunlaşma: İş dünyasında meydana çıxan sürətli dəyişiklikləri, yeni texnologiyaları izləyir və onlara uyğunlaşmağı təmin edir.

Sosial olma: Tabeliyində olan işçilərlə və işgüzar çevrəsi ilə xoş ünsiyyət qurur, səbri və razı salmaq bacarığı ilə güvən yaradır.