Yazırlar » Texno-təşəbbüskarlıq - gələcəyi formalaşdıran fəaliyyət
Tarix : 2016-10-31 12:22:18 | Baxılıb : 380
Font Ölçüsü:   |  

Təkərin kəşfindən bu yana bəşəriyyət daima texniki və texnoloji yeniliklər sayəsində irəliləmiş və bu mövcud səviyyəyə çatmışdır. Bu yeniliklər şübhəsiz ki məhz təşəbbüskar insanların zəhmətləri nəticəsində mümkündür. Məlumdur ki, təşəbbüskarın uğurlu olması üçün ilk və ən mühüm şərt, əmtəəyə çevrilmə potensialı yüksək, yeni bir fikrin/məhsulun bazara təqdim edilməsidir. Xüsusilə, təşəbbüskarın işini davam etdirmək üçün əlində böyük miqdarda sərmayə olmadığı nəzərə alındıqda, davamlı inkişafın təmin edilməsi üçün təqdim edilən məhsul/xidmət ya bazarda mövcud olmamalı ya da rəqiblərinə qarşı üstünlük təmin edəcək yeni imkanlarının olmalıdır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi dəyər müəyyən bir ehtiyacın təmin olunması mənasını verir. Əksər hallarda təşəbbüskarın yaratdığı məhsula olan ehtiyac, kəmiyyət və keyfiyyət etibarı ilə fərqli olsa da müəyyən formada qarşılanır. Buna görə də təşəbbüskar, mövcud şablonları dəyişdirəcək yeni yanaşma tərzi inkişaf etdirməlidir. Bir başqa vəziyyət isə bazarda bir ehtiyac və ya tələbat mövcuddur amma buna cavab verəcək əmtəə yoxdur. Bu vəziyyətdə yeni bir “şey” etmək tələb olunur.

Hər iki vəziyyətdə, yeni texnologiyalara əsaslanan təşəbbüskarlığın əhəmiyyəti meydana çıxır. Texnologiya sahəsində müşahidə edilən dəyişikliklər, proqram təminatı sektoru başda olmaqla gen mühəndisliyi, toxuma mühəndisliyi kimi geniş miqyaslı və məşğulluq profilinə malik müxtəlif yeni sənaye sahələrinin ortaya çıxmasını təmin etmişdir. Bu sahələrdə, son 30 ildə elm və texnologiyanın nailiyyətlərinin yarıdan çoxunun, hələ əmtəə halına gəlmədiyini nəzərə alsaq, texno-təşəbbüskarlığın əhəmiyyəti və potensialı daha yaxşı aydın olar. Texnoloji təşəbbüs və ya qısaca texno-təşəbbüs adı verilən proses, yeni texnologiya əsasında həllərdən faydalanaraq iqtisadi dəyər yaratmağı və bundan gəlir əldə etməyi qarşısına hədəf qoyur. Texno-təşəbbüskar öz maraq dairəsinə uyğunhələ aşkar edilməmiş müəyyən ehtiyacın mövcud olmayan bir yolla qarşılanması istiqamətində fəaliyyət göstərir.

Texno-təşəbbüskarlar; qeyri-müəyyənliyi yaşamağa istəkli, dözümlü və sıravi şəxslərə nisbətən gələcəkdəki çətinliklər barəsində daha çox məlumatlı olmalıdır. Dəyişiklik, əksər hallarda əvvəlcədən işarələr verir. Uğurlu texno-təşəbbüskarlar, bu işarələri təsbit etməyi və onlardan faydalanmağı bacarırlar. Onlar, bu cür işarələr vasitəsi ilə işləbağlı maraqlı qurğular kəşf edirlər. Texno-təşəbbüskar, proqnozlaşdırma və sezmə qabiliyyəti ilə bazar yaratmaq və inkişaf etdirmək bacarığına sahib, texnologiya yarada bilən və innovasiyanın idarə edilməsi qabiliyyətinə malik təşəbbüskarlardır. Texno-təşəbbüskarların uğurlu olması proqnozların mümkün mərtəbə düzgün və həqiqi olmasından asılıdır. Texno-təşəbbüskarların ucuz texnologiyaya dair təşəbbüskardan fərqli olaraq fəaliyyət göstərmək istədiyi sahədə daha yaxşı ixtisaslaşmış və bu sahədə yaxşı yetişmiş olması vacibdir. Texno-təşəbbüskarlığın ən böyük üstünlüklərindən biri az sərmayə ilə çox yüksək böyümə potensialının olmasıdır. Məsələn, hamımızın yaxından tanıdığı Microsoftun qurucusu və sahibi Bill Gates texno-təşəbbüskara ən yaxşı nümunədir.

Texno-təşəbbüskarlığın inkişaf etdirilməsi üçün mühəndislik ixtisasında təhsil alan tələbələrə öz ixtisası ilə bağlı biliklərlə yanaşı təşəbbüskarlıq barəsində də biliklər verilməlidir. Təşəbbüskarlıq təhsili proqramında ümumiyyətlə risklərinidarə edilməsi mövzusu da olmalıdır. Texno-təşəbbüskar, qarşılaşdığı iş fürsətini qiymətləndirmək üçün fəaliyyətlərdən ibarət olan bir plana ehtiyac duyur. Buna görə bu istiqamətdə də müəyyən biliklərinin olması vacibdir. Bu fəaliyyətlərə aid vəzifələr iş fürsətinin doğru qavranmasına, iş ortaqlarının doğru şəkildə motivasiya edilməsinə ehtiyac var. Şəriklərə və maraqlı tərəflərə lazım olan motivasiya təmin edilməzsə, onlar imkanlarını nəzərdə tutulan iş sahəsinə yönəltməyə həvəsli olmazlar.

Texno-təşəbbüskarlıq üçün maarifləndirmə ehtiyacı böyük əhəmiyyətə malikdir. Texno-təşəbbüskarlar əvvəlcə texnoloji riskləri boynuna götürmək məcburiyyətində qalır. Bir çox hallarda o zamana qədər təsdiq edilməmiş texnologiyalara əsaslanır. Bəzən bazardakı ehtiyaclardan qaynaqlansa da; əsasdiqqəti texnologiya inkişaf etdirməyə yönəltmək lazımdır. Texno-təşəbbüskarların ən ciddi problemlərindən biridə, inkişaf etdirilən həlli laboratoriya mühitindən bazar (sənaye) şərtlərinə yüksəltmək məsələsidir. Bir çox fikir və ya innovasiya, laboratoriya mühitində çox uğurlu görünsə də sənayedə tətbiq edilərkən müxtəlif mənbələrdən qaynaqlanan çox ciddi problemlər yaşana bilir. Bu cür problemlərin yerindəcə həll edilməsi üçün müasir universitetlərdə texnoparklar, aqroparklar və s. yaradılaraq həm yeni fikirlərin sənayeyə tətbiqinə, həm də məhsulun bazarın tələblərinə uyğun olmasına köməklik göstərilir.

İstər təşəbbüskarlıq tədrisi, istər texnoparkların istifadəyə verilməsi ölkəmizdə son bir neçə ildə gündəmə gəlsə də Türkiyədə bu istiqamətdə müəyyən uğurlar əldə edilmişdir. Məsələn: 2014-ci ildə Türkiyədə ilk dəfə regional səviyyədə aparılan, dünyanın ən geniş miqyaslı təşəbbüskarlıq layihəsi olan və təşəbbüskarlığın iqtisadi böyümə prosesində əhəmiyyətini ortaya qoyan Qlobal Sahibkarlıq Monitoru (GlobalEntrepreneurship Monitor-GEM) keçirildi. Bu layihə ora daxil olan ölkələr arasında 31 mindən çox insanın iştirakıyla ən çox anket sorğusu edən və 26 bölgə səviyyəsində həyata keçirilən tək layihə olaraq diqqətlə izlənildi. GEM layihəsində 2014-ci il qlobal araşdırmalarda isə dünya əhalisinin təxminən 73%-i, ÜDM-in isə 90%-ni təmsil edən 73 ölkə iştirak etmişdir. Hesabatın bəzi hissələrinə nəzər salaq:

Şəkil 1. Potensial təşəbbüskarlar

Hesabatın nəticələrinə görə Türkiyədə təşəbbüskarlıq xüsusiyyətlərinə sahib potensial təşəbbüskar nisbətində son illərdə əhəmiyyətli bir artım olmuşdur. 2013-cü ildə Türkiyədə 18-64 yaş arasındakı əhalinin 38,63%-i növbəti 6 ay ərzində yeni bir işə başlamaq üçün fürsət meydana gələcəyinə inanarkən, 2014-cü ildə əhalinin bu hissəsinin təşəbbüskarlığa olan inamının 39,8%-ə çatdığı müşahidə edilmişdir. Şübhəsiz ki, bu inamın formalaşmasında KOSGEB-in (Küçük ve Orta ÖlçekliİşletmeleriGeliştirmeveDesteklemeİdaresiBaşkanlığı) rolu böyükdür, bu idarə barəsində növbəti yazılarda məlumat verməyə çalışacam.

Araşdırmalar göstərir ki, qurulan hər yeni müəssisə, öz işini quran şəxsdən başqa orta hesabla 7 nəfərədə məşğulluq imkanı təmin edir. Bu mühüm məşğulluq vasitəsinin düzgün şəkildə istifadə edilməsi, məşğulluq imkanlarını artırmağa və ehtiyatlardan maksimum faydalanmağa imkan verəcək.

Bütün bunları nəzərə alaraq texno-təşəbbüskarlığın inkişafına xüsusi diqqət yetirilməli olduğunu düşünürəm. Bu istiqamətdə ölkəmizdə görülən işlər arasında müxtəlif bölgələrində texnoparkların, sənaye parklarının, aqroparkların, inkubasiya mərkəzlərinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərmək istəyən şəxslərin dövlət tərəfindən dəstəklənməsi təqdirəlayiqdir. Hesab edirik ki, yaradılan infrastrukturdan arzuolunan formada istifadə edilməsi üçün bütün sahələrdə, o cümlədən mühəndislik sahəsində təşəbbüskar insanların sayının artmasına çalışmaq və bu istiqamətdə müvafiq dərslərin tədrisini təşkil etmək lazımdır.