VirDuel » Video.az lahiyəsinin rəhbəri Ziya Məmmədovla müsahibə
Tarix : 2013-06-12 11:47:00 | Baxılıb : 3784
Font Ölçüsü:   |  

Bu dəfəki müsahibimiz hazırda Azərbaycanda video çarxların yerləşdirilməsi və baxışı üçün ödənişsiz xidmət təqdim edən Video.az-ın layihə rəhbəri Ziya Məmmədovdur. Ziya bəylə olan müsahibəni aşağıda Sizlərə təqdim edirik.

 

1. Video.az portalının yaranma tarixi haqqında və hansı məqsədlə yaradıldığı barədə məlumat vermənizi xahiş edirik.

 

Proqramçılar və dizaynerlərdən ibarət böyük bir komandamız var idi və veb səhifələrin hazırlanması ilə məşğul idik. Amma hər zaman hansısa böyük bir layihəni həyata keçirmək üçün ideya axtarışında idik, çünki potensialımız böyük idi, lakin onu tam istifadə etmirdik. 2011-ci ilin mart ayında Azərbaycanın öz video portalını yaratmaq qərarına gəldik və cəmi iki ay ərzində 1-ci serverimizlə saytımızın beta versiyasını istifadəçilərin ixtiyarına verdik. Məqsədimiz Azərbaycanın video kontentini bir yerdə cəmləşdirmək və daha əlçatan etmək idi.

 

2. Əgər sirr deyilsə (əslində sirr olmamalıdır) bu gün video.az-ın statistik göstəriciləri necədir?

 

Əlbəttə ki, sirr deyil. Google Analyticsə istinadən gün ərzində 70-110 min arası daxil olmamız var, onlardan 55-85000 isə unikaldır. Ay ərzində 7 mln-a yaxın səhifəyə baxılır. Baxışların 60% -dən çoxu Azərbaycana məxsusdur.

 

3. Rəqibləriniz kimlərdir? Və onlardan əsas üstün cəhətinizi nələr hesab edirsiniz?

 

Lahiyəni başlayanda heç bir rəqibimiz yox idi. Son zamanlar  isə bir neçə video portallar yaranıb, rəqiblərimizin olmağı bizi işimizdə daha da stimullaşdırır. Üstün cəhətlərimiz isə istifadəçilərimizin gözü önündədir.

 

4. Youtube Azərbaycanda da çox istifadə edilir. Video.az kobud desək, Azərbaycan üçün  “youtube” olmaqda iddialıdırmı?

 

Xeyr. Youtube olmaq iddiasında deyilik və ola da bilmərik, çünki miqyaslar çox fərqlidir. Youtube google-a məxsusdur google isə dünyanın ən nəhəng korporasiyalardan biridir. Lakin Azərbaycan auditoriyası üçün video.az daha rahatdır çünki youtube-dan fərqli olaraq video.az-a yüklənən hər bir video baş səhifədə çıxır və əgər müəyyən auditoriyanı yığa bilmizsizsə onun yerli izləyicilər tərəfindən baxılma ehtimalı daha çoxdur, çünki youtube-da qoyduğunuz videonun baxılması üçün onu sosial şəbəkələrdə və s. mütləq piar etməlisiniz.

 

5. Bu gün hər kəs oxumaqdansa tez müddətdə baxaraq məlumat almağa meyllidir. Ən çox hansı bölmələriniz və ya hansı tip videolar izlənilir?

 

Bəli, bü gün oxumaqdansa hamı baxaraq məlumat almaq istəyir və məlumatın davamiyyəti 2 -3 dəqqiqədən çox olmamalıdır, çünki insanların uzun uzadı videolara baxmağa səbri çatmır, əlbəttə ki, film və seriallar istisna olmaqla.  Ən çox izlənən videolar yol nəqliyyat hadisələri,  hadisə yerindən videolar, xəbərlər, dəbdə olan musiqiçilərimizin klipləri və əlbəttə ki seriallardır.

 

6.  Video.az-ın əsas izləyici hədəf kütləsi kimlərdir?

 

Əsas hədəf kütləmiz yoxdur. Saytımız hamı üçündur.

 

7. Yəqin ki, bu proyekti açmaq haqqında düşünərkən xaricdə bu tip layihələri incələmisiniz. Örnək götürdüyünüz bu tip xarici saytlardan hansılarının adını çəkə bilərsiniz?

 

İnternet məkanında olan bütün video saytlardan örnək götürmüşük, yəni hər birindən fikrimizcə ən səmərəli olan amilləri mənimsəmişik.

 

8. Reklam verənlər üçün video.az hansı imkanları təklif edir?

 

Standart və qeyri standart bannerlardən əlavə olaraq video üzərində mətn və  pre-roll, mid roll post-roll  reklam yayım imkanı da yaratmışdır.  Pre-roll dedikdə videodan öncə, mid-roll videonun ortasında və post –roll video bitdikdən sonra qısa video reklam deməkdir.

 

9. Reklam işlərinizi səhv etmiriksə, ayrı bir agentlik idarə edir. Buna zərurət nədən yarandı? Niyə reklam yerlərini özünüz satmaq istəmədiniz?

 

Ümumiyyətlə hesab edirəm ki,  hər kəs öhdəsindən ən yüksək səviyyədə gələ biləcəyi iş ilə məşqul olmalıdır. Reklam şirkətləri bazarını araşdırdıq və internet reklam bazarında lider olan New Media şirkəti ilə müqavilə imzaladıq və bizim bütün reklam işlərini idarəsini məhz bu şirkətə həvalə etdik.

 

10. Video.az-da istifadəçilər, şirkətlər özləri üçün fərdi kanallar da yarada bilər. İnsanların və fərdi şirkətlərin bu tip kanallara marağı Sizi qanə edir?

 

Əlbəttə qane edir. Biz bu xidməti istifadəçilərin və şirkətlərin bəhrələnməsi üçün yaratmışıq.

 

11. Saytınızda dövlət strukturlarının da kanalları mövcuddur? Onlar müraciət edib, ya Siz təklif etmisiniz?

 

Bəli mövcuddur. Bunlardan Azərtac, Vergilər Nazirliyi, Diasporla İş üzrə dövlət komitəsi,  Yol polisi və s.  Kanalları olan bütün strukturlara kanal yaratmağı biz təklif etmişik və təklifimiz məmnuniyyətlə qəbul olunub.

 

12. Portalın daha da istifadəçilər üçün maraqlı olması üçün nə kimi gələcək planlarınız var?

 

Mövcud olan ən son texnologiyaları saytımıza tətbiq edirik.  Planlarımız çoxdur və onları ərsəyə gətirmək üçün əlimizdən gələni əsir gəmirik. Lakin onlar barədə vaxtından əvvəl məlumat verə bilmərik. 

 

13. Son sual. Video.az Azərbaycanın ilk internet marketinq televiziyasının da yayımında çox yaxından iştirak edir. Bu və bunun kimi digər proyektlər Sizin üçün nə ifadə edir?

 

Maksimum layihələri özümüzdə birləşdirmək istəyirik. İnternet televiziya, video, film dedikdə insanların fikrinə ilk növbətə video.az domeninin gəlməsini istəyirik. Azərbaycanın ilk internet marketinq televiziyası kimi maariflənidirci layihələrin yayımı isə əlbəttə ki, bizim izləyici kütləmizi biraz da artırır.

Bu bölməyə aid digər xəbərlər.