VirDuel » Xətai Əli: sözlə arasında pərdə olmayan sadə Azərbaycan vətandaşı
Tarix : 2016-11-24 10:43:02 | Baxılıb : 1251
Font Ölçüsü:   |  
DMC2016-da öz çıxışı ilə çoxlarının rəğbətini qazanan tanınmış kopirayter Xətai Əli ilə söhbətləşdik. Aşağıda Sizə müsahibəni təqdim edirik

1. İlk olaraq Sizi tanıyaq. Xətai Əli kimdir?

Sözlə arasında pərdə olmayan sadə Azərbaycan vətandaşı.

2. Deyirlər ki, xüsusilə böhran dövründə insanlar daha emosional olurlar. Ona görə də mətn kreativ olanda yaxşı reaksiya verirlər. Siz necə düşünürsünüz?

Mən elə kreativ mətni düşünürəm.

3. Azərbaycanda kopirayter təhsili yoxdur. Yəni elə bir istiqamət tədris edilmir. Siz özünüz necə oldu ki, kopirayter oldunuz? Ümumiyyətlə bu bacarığınızın olduğunu necə hiss etdiniz?

Hissə-hissə hiss etdim. Təhsilə gəlincə, bunun necə olacağını təsəvvürümə gətirə bilmirəm..

4. Kimləri oxumusunuz və ya oxuyursunuz?

İnsanların baxışlarını.

5. O zaman bir az da dəqiqləşdirək. Azərbaycanda kopirayter nələri mütləq bilməli, nələrə fikir verməli və nələri də bilsə, tətbiq etsə pis olmaz?

Bilmirəm.

6. Bayaqdan kopirayter deyirik hər yerdə. Kopirayterə Azərbaycanca nə deyək?

Bununla bağlı brif göndərin, həll edim.

7. Azərbaycanda ən güclülərdən hesab etdiyiniz kopirayterlərin adlarını sadalaya bilərsinizmi? Yoxsa, Siz də ad çəkmək istəməyəcəksiniz?

Zaur Məmmədov, Asim İbrahimli.

8. Xətai bəy, söz ustadı kimi soruşaq. Sizcə, insanlar niyə paxıl olurlar? Sizin sektorda da var belə adamlar?

Paxıllar get-gedə paxırlaşır. Paxıl olmaqlarının səbəbi də paxırlanmaq qorxusudur. Sektorda hətta bunun sektası da var =)

9. Bugün elə kopirayterlər var ki, illərdir dəsti-xətti dəyişmir. Məsələn, bir sloqan eşdirsən, 10-15% yanılma ilə müəyyən edirsən ki, kim yazıb bunu. Sizcə bu yaxşıdır, ya pis?

Kopirayter elə onu bacarandır. Azərbaycanda pis və ya yaxşı hamı qeyd etdiyiniz kimidir – tərzi bilinir.

10. Yəqin ki, müsahibəni bura qədər oxuyan adamlar səslənən iddialı fikirlərdən sonra bilmək istəyəcəklər ki, bəs, Xətai özü hansı sözlərə, adlara, kampaniyalara ad verib məşhur edib? Hansı işləri özünüzün çox sevdiyiniz kopiraytinq işlərinizə məmnuniyyətlə daxil edərdiniz?

Bu suala bir az fərqli cavab verim də: Məşhurlaşmasını istədiyim, ürəyimdə qalan bir sloqan-kampaniya var – ‘’Maaşınla gəl, maşınla get!’’ – İş yerindən arayış gətirmək əsasında kreditə avtomobil götürmək kampaniyasının sloqanı. Növbəti sual?

11. Yəqin ki, elə işlər var ki, Siz düşünmüsünüz, amma bu və ya digər səbəbdən heç kim onu bilmir. Belə işlər varmı? Varsa, adlarını çəkə bilərsinizmi?

Var. ‘’İdeal’’-ın məşhur – ‘’Sevənlərin bir idealı var’’ sloganı. O zaman reklamla məşğul deyildim, dostlarıma kömək məqsədi ilə olmuşdu.

12. Niyə Sizin adınızla filan işi bilmirlər deyə heyfsləndiyiniz işlər olub?

Bu reklamla bağlı deyil. Dillər əzbəri olan #vurkomandirvur dalğasını mən başlatmışam, çox məşhur olub. Amma adımla bağlı deyil.

13. Ümumiyyətlə insanlar niyə ad çəkmək istəmir ki? Əlavə rəqib, intriqa, düşmən qazanmaq istəmir, ya özünü pis eləmək istəmir?

Çörəyinə bais olmaq və ya olmamaqçün.

14. Yerli bazarda Sizcə, kopirayterlərin etdikləri səhvlər əsasən nələrdir?

Hərflərlə məşğul olmaqdansa, hərifləməklə məşğul olurlar.

15. Bəyəndiyiniz yerli kopiraytinq nümunələrdən bir neçəsinin adını çəkin desək?

Ad çəksəm, düz çıxmaz =)

16. Brif alarkən onun haqqında düşünmək üçün xüsusi zaman ayırırsınız, ya sadəcə beyninizdə olur, nə vaxt ilham gəlsə, yazırsız?

Hər ikisi. Böyük işdirsə, texnikidirsə, xüsusi zaman ayırıram. Sadə işlərdirsə, gün ərzində həll edirəm.

17. Sizcə, Azərbaycanda müqayisədə götürsək, hansı sahədə kopiraytinq daha yaxşı inkişaf edib və niyə?

Bəs müqayisədə götürməsək? A, suala sualla cavab vermək olmaz, sorry.

18. Son sual. Xatalar Sözü nədir?

Xatalar Sözü kimdir sualına cavab verir =) Zarafat bir yana, zarafat səhifəsidir. Xatalı Atalar Sözləridir. Xətainin atalar sözləridir.

DMC2016 - nın spikerləri ilə müsahibələrimiz davam edəcək...

Bu bölməyə aid digər xəbərlər.