Buna bir ad ver » “Youth Inc.” proqramı"Öz Biznesinə Başla!” layihəsinin yeni mövsümünə start verir
Tarix : 2016-12-16 16:20:03 | Baxılıb : 251
Font Ölçüsü:   |  

“Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində hər il həyata keçirilən "Öz Biznesinə Başla! Yeni Mövsüm" layihəsibu il böyük kütləni cəlb etmək məqsədindədir. Belə ki, bu mövsümdə layihəyə müraciət edən 150 nəfərdən seçilən 30 gənc multipleyer adı qazanmaq uğrunda 4 günlük TOT (“Training of Trainers”) təlimlərində iştirak ediblər.

TOT təlimləri sahibkarlıq anlayışı, hədəflərin təyin edilməsi, biznesdə komandanın rolu, SWOT analiz, SMART məqsədlər və digər mövzularda peşəkar təlimçilər Müşviq Həsənov tərəfindən və bədən dili, auditoriyaya psixoloji təsir faktorları, natiqlik bacarıqları, auditoriya ilə davranış və s. mövzularda Anar Məmmədov tərəfindən keçirilib. Hazırlığın son mərhələsi olaraq gənclər öyrəndikləri nəzəri bilikləri, həmçinin, auditoriya qarşısında çıxış etmək, səs tonu və bədən dilini idarə etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək məqsədilə layihə koordinatoru və təlimçilər qarşısında çıxış ediblər.

“Layihə çərçivəsində təşkil olunmuş TOT təlimlərində iştirak etdim. Burada fərqli komanda ruhunu hiss edirəm. Peşəkar təlimçilərin təqdimatında multipleyer yaxşı olmaq üçün ilk addımları mənimsəmiş oldum”, - deyə layihə iştirakçısı Türkan Şahvələdli bildirib.

“Mən burada öyrəndiklərimlə özümü inkişaf etdirirəm, digər tərəfdən də mənim kimi gənclərin inkişafında rol oynayıram. Belə məsuliyyətli işi bizə inanıb həvalə etdikləri üçün “Youth Inc.” kollektivinə təşəkkürümü bildirirəm”, - deyə layihənin digər iştirakçısı Cəlal Camalov qeyd edib.

Hazırlıq mərhələsini uğurla tamamlamış 23 multipleyerlərlə memorandum imzalanıb. Onlardekabr ayından etibarən ali təhsil ocaqları, gənclər təşkilatları və bir sıra təlim-tədris ocaqlarının nümayəndələri qarşısında çıxış edir, auditoriyaya sahibkarlıq anlayışının təbliği istiqamətində müxtəlif mövzularda bilikləri çatdırırlar. Layihənin iyun ayınadək davam etməsi nəzərdə tutulub. Ötən mövsümlərdən layihəni fərqləndirən cəhət isə müxtəlif şirkətlərdən dəvət olunan peşəkarların təqdimatında vaxtaşırı master-klassların və açıq qapı günlərinin keçirilməsi olacaq. Sözügedən layihə imkanlarını Bakı və ətraf bölgələrlə məhdudlaşdırmayaraq regionlara səfəri də planlaşdırır.

Qeyd edək ki,multipleyer – bilik və bacarıqları, məlumatı, vərdişləri təlimçidən alan və onları geniş qruplara ötürən şəxsdir. Təlimlərin məqsədi gənclərdə biznes ideyanın formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, məqsədlərin qoyulması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılmasıdır.

Xatırladaq ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." proqramı "Coca-Cola" şirkəti, Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyin (DVC) dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc." Proqramının illər ərzində göstərdiyi aktiv fəaliyyəti nəticəsində 15 müxtəlif biznes layihələr həyata keçirilib, 25 startap dəstəklənib və 7 minə yaxın gənc əhatə olunub. Proqramın məqsədi Azərbaycanda gənc sahibkarlıq anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatlığının artırılması və gənclərə öz bizneslərini yaratmaqda dəstək olmaqdır.

Bu bölməyə aid digər xəbərlər.