Fevralın 14-ü Sevgililər Gününə az qalıb. facemark.az olaraq isə sosial media üzərindən tanışlıq və təhlükəsizlik məsələsinə toxunduq. Bəs internetdən sevgi tapmaq olarmı? Bu məsələni cəmiyyətin aktiv gənclərindən soruşduq.


Marketoloq Qələndər Məmmədli


“Sosial Mediada tanışlıq haqqında onu deyə bilərəm ki, bu barədə konkret fikir söyləmək bir az qəlizdir. İnsan faktoru olduğu üçün bunu standart metriklərə bağlayıb bu belədir qəbilindən qərar vermək bir az doğru deyil.


İnsanın birini tanıma ehtiyacı hər zaman olub. Dövrün tələblərinə uyğun olaraq bu fərqli formalarda cərəyan edib. Misal üçün, bulaq başı da bir dövrdə bizim cəmiyyətdə elə məna kəsb edirdi. Hətta telefon ilk çıxanda təsadüfi nömrələrlə tanış olanları eşitmişdim.


İndi də artıq virtual dövrdəyik və virtual tanışlıqlar da bunun bir hissəsidir. Bundan əvvəl ÇAT-lar var idi, onda bu məsələ bu qədər diqqət çəkmirdi, indi diqqət çəkməsinin səbəbi isə bir az daha kütləvi hal alması və cəmiyyət üçün bunun anlaşılır olmaması, hardasa milli-mənəvi dəyərlər anlayışı ilə tərs düşdüyünün iddia olunmasıdır. Yenə deyirəm ki, sosial media texniki məsələdir, tanışlıq isə mənəvi dəyərlərə zidd deyil, hər zaman olub, bundan sonra da olacaq.


Qaldı ki, təhlükəsizlik məsələsinə, mücərrəd anlayış olaraq baxsaq buna görərik ki, bu da qədim zamanlardan var. İnsanın təhlükəsizlik anlayışı Maslovun piramidasında ikinci vacib ehtiyaca daxildir. Amma bir az qavrayışda seçiciliyə düşüb yanılırıq, yəni, xəbərləri informasiya olaraq qəbul edərkən beyin sosial medianı qəbul etmək istəmədiyi üçün


bu qəbildən neqativ xəbərləri daha tez götürür. Ölkədə öldürülən qadın sayına baxsaq, statistiki olaraq götürsək yəqin çox azının məhz sosial şəbəkədən tanış olduğunu müşahidə edərik.


Diqqətli olmaq lazımdırmı? Təbii ki, bəli. Amma bir adamın profilini, paylaşımlarını və ümumi davranışını sosial mediada analiz etmək daha rahatdır deyə düşünürəm. Sadəcə bir az diqqətli olmaq kifayət edir. Aradakı məsafə və uzaqlıq isə insanlar üçün hətta deyərdim ki, təhlükəni azaldır”.


Gənc sahibkar Fuad Ağayev


“Bu suallar həmişə maraqlı olub və bu gün həyatımızda önəmli yer alır. İnternetdən sevgi tapmaq olarmı? İnternetdən tanış olub evlənmək olarmı?


Bilirik ki, internet hər-birimizin həyatına ciddi təsir edir. Bizim bundan necə istifadə edəcəyimiz çox önəmlidir. Sevgi tapmaqdan danışacağımız üçün təkcə bu başlığa toxunacağıq. Bu gün sosial media orda olan hər kəsin həyatına nüfuz etməyimizə imkan tanıyır. Bu əslində daha rahat özümüzə uyğun insanı tapmaqda kömək edir.


Siz bu gün hətta Bakıda oturaraq İstanbulda yaşayan bir xanımı tanıya bilərsiniz. Onun həyatı, maraqları sizinki ilə üst-üstə düşərsə, bir-birinizlə maraqlana, tanış ola və gözəl cütlük ola bilərsiniz.


Bu gün Facebook-da (eyni zamanda digər platformalarda) siz storylər görürüsünüz, orada insanlar öz həyatlarını nə etdiklərini paylaşırlar. Baxmaq olar ki, onların həyat tərzi, oxuduqları kitablar, səyahət etdiyi yerlər maraqlıdırmı? Bəlkə həmin şəxs sizin sevdiyiniz sahədə çalışır. Biz belə imkanları dəyərləndirməliyik. Bu imkanlar var ikən biz niyə məsələyə düzgün yanaşmayaq.


İlk görüntü isə şəkillərdir. Bəli, şəkillər insanı aldadır, lakin yalnız profil şəklinə görə hərəkət etməyin.


Onun həyatını izləyin, onunla maraqlarınız toqquşursa o zaman danışın, çox danışın. Görüşün yenə danışın! Və yenə danışın heç bir sexsual hərəkətə tələsməyin.


Əks halda özünüzü ucuza satmış olacaqsınız. Buna ingilislər “cheap girl” deyir, yəni ucuz qız deyirlər. Ucuz olmayın.


Məsələn, bizdə yeni məşhurlaşan Tinder platformasında birinin profilini sola çevirisinizsə bu o deməkdir ki, onu bəyənmirsiniz, sağa isə əksinə, yəni bəyənirəm anlamına gəlir.


Belə platformalar üzərindən tanışlıqda danışıq tərzi çox önəmlidir. Misallar üzərindən keçək. Salam. Necəsən, Aynur nə var, nə yox? Sənə bəlkə kofe alım? Bu yaxşı əlaqə deyil.


Bəs yaxşı, danışıq necə başlayır, necə inan bilərsiniz ki, bu doğrudan da normal münasibətdir. Yaxş danışıq, adətən text ilə olur və onunla başlayır.


Məsələn: Salam Aynur, sənin ötən dəfə gördüm ki, Dale Carnegie-nin kitabını paylaşmışdın. Mən o kitabı oxumuşam, istərsən orada olan “qarşındakında müsbət fikir yaratmağa aid olan paraqrafa diqqət yetir. Mən oradan maraqlı fikirlər almışdım, mənə kömək etdi” Beləcə məntiqli, sizin həyatınızla bağlı olan textlər olmalıdır. Yerdə qalan qısa yazışmalar isə aldadıcıdır və sənin kimi eyni anda 100-nə gedir. Ucuz olmayın.


Bizim bu gün seçəcəyimiz insanın davranışlarını onunla yaşamadan öncə anlamaq imkanlarımız var. Əvvəllər belə imkanlar olmayıb. Sosial mediada sevgi tapmaq olarmı? Cavab olar. Çünki sizin onu görmək, ortaq cəhətlərinizi tapmaq və sevmək imkanınız var.


Təbii ki, qeyd etdiyimiz kimi, burada sizi aldatmaq üçün də çox insanlar var.


Belə hadisələr adətən nə zaman hiss edə bilərik? Adətən bu hallar sürətlə baş verən münasibətlərdə olur. Məsələn, sizə gəlir- sən gözəlsən, öz gözəlliyindən xəbərin var, sənin gözlərinin gözəlliyi, gedək nəsə içək və s. kimi.


Axı normal psixologiyada olan adam niyə hisslərini elə tez bildirsin ki, hm demək burada əskiklik var. Elələri də var ki, 9-4 işləyirlər, sonrakı işləri isə sosial mediada qız bişirməkdir, başqa bir işi yoxdur. Təəssüf ki, bunu ali cəmiyyətin hesab etdiyi peşə sahiblərində də görürəm. İşdən çıxıb, gedəcək restorana, gözəl daranmış saçla hər dəfə foto atacaq.


Ümumiyyətlə, sosial media yaxşı şeylərlə bərabər, pis şeylərə də yol açıb. Xəyanət etməyə meyilli insanlar üçün sosial media rahat platformadır. Özümüzü qorumalıyıq. Bizə verdiyi imkanlardan məntiqli istifadə etsək, hər şey gözəl olacaq”.