facemark.az-ın “Brandup” reklam agentliyinin rəhbəri Aynur Xan ilə “Sosial mediada paylaşım karantin”i mövzusunda müsahibəsi:


Aynur xanım, hər kəsin pessimist, aqressiv olduğu bu dövrlərdə, sosial mediada paylaşımlarımızda necə həssas ola bilərik?


“Məlumat gigiyenanıza diqqət yetirin.


Özümüzü virusdan necə qorumağımız haqqında çox oxuyuruq. Biznesimizi də bu vəziyyətdə necə qorumalı olduğumuz barəsində mən və həmkarlarımız mütəmadi olaraq danışmışıq. Dostlar, amma məni bu günlərdə daha da çox narahat edən mövzu başqadır. Koronavirus Covid-19 pandemiyasının başlamasından bəri pul qazanmağa və ya sadəcə əylənməyə çalışanların sayı artmışdır. Hamıya aydındır ki, bu vəziyyətdə hər birimiz psixoloji olaraq gərginlik içindəyik və bu bizim orqanizmimizə mənfi təsir göstərir. Bu səbəbdən yayılan məlumatlar bizi, həm psixoloji, həm də fiziki olaraq zəiflədir. Aydındır ki, yalan məlumatların yayılması üçün isə sosial şəbəkələr və messenger-lər ən uyğun ünvandır. Ekspertlər, həm gündəlik gigiyenamıza, həm məlumat gigiyenasına riayət etməyimizi tövsiyə edirlər.


Düzü səhvdən necə ayıra bilərik?


1. Öncə bir yox, iki düşünün


Əlbəttə ki, hər birimiz əzizlərimizi qoruyub onların bütün vacib məlumatlara sahib olmasını istəyirik. Bu səbəbdən də bizə gələn bütün məlumatları öncə onlarla paylaşmağa tələsirik. Əslində isə ilk olaraq siz düşünməlisiniz. Bir çox halda bu məlumatlar sadəcə panika yaratmaq üçün göndərilir.


Adətən, bu WhatsApp üzərindən Səbişə, Aynuşa, Niquşa göndərilən səs yazılarıdır. Baxmayaraq ki, dəfələrcə bu tip səs yazıları yalan olaraq yayılıb, yenə də biz qorxumuzdan bu məlumatları yaymaqda dəstək oluruq. Yeri gəlmişkən, bəzilərimiz əyləncə üçün göndərsək də, bu zənciri qırmaq əvəzinə, əksinə onu möhkəmləndirir.


Mesaj göndərməzdən əvvəl bunun saxta olduğuna dair düşünün və şübhəniz varsa ümumiyyətlə göndərməyin.


2. Mənbəni yoxlayın


Mesaj göndərməzdən əvvəl özünüzə sadə bir sual verin – “Bu məlumat haradan gəlir?”
Yalan məlumatları yadımıza salsaq hər biri müəyyən olmayan mənbədən gəlirdi. Bizə onlar “dostumun bacısından”, ya da “iş yoldaşımın qonşusundan” gəlir. Dediklərinin heç bir faktiki və ya elmi sübutu yoxdursa, zəhmət olmasa o mesajı sadəcə silin.


3. Görünüşə aldanmayın


Saxta sənədləri rəsmi mənbələrdən gələn sənədlərə bənzətməklə sizi yenə aldada bilərlər.
Onların müəllifləri BBC və hökumət qurumları da daxil olmaqla böyük xəbər təşkilatlarını təqlid edirlər.


Məsələn, Bakıda komendant saatı tətbiqi ilə bağlı saxta sənədin yayılmasının ötən həftə şahidi olduq. Səlahiyyətli qurumlar bu məlumatı təkzib etdilər.





Yuxarıda qeyd etdiyim sənədin şəkili mənə eyni zamanda 5 nəfər tərəfindən göndərilib. Məlumatı yoxlamaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə daxil oluram və məlum olur ki, məlumat saxtadır.
Ətrafımda mənə dəyər verən insanların olmasına sevinsəm də, yanlış məlumatın yayılmasına heç cür sevinə bilmirəm.
Buna görə məlumat üçün sosial şəbəkələrdə yalnız rəsmi xəbər portallarını, hökumətin və tanınmış ictimai təşkilatların səhifələrini izləməyiniz mütləqdir.


Sosial şəbəkələrdə aldığınız məlumatları daima etibarlı mənbələrlə müqayisə edin. Şübhəli görünən bir yazı və ya video varsa, onları əzizlərinizə göndərməmişdən öncə doğruluğunu yoxlayın.


4. Mütləq dəqiqləşdirək


Məlumatın mənbəyinə etibar etmiriksə, onu paylaşmayacağımızı razılaşdırdıq. Əmin deyiliksə, soruşmalıyıq! Əmin olun ki, ətrafınız sualınızın olmasını başa düşür və paylaşılan məlumatın rəsmi olduğunu düşünmür. Eyni zamanda, kimsə paylaşdığınız şəkili mətnsiz öz profilində paylaşdığı təqdirdə, siz yalan məlumatın yayılmasında iştirakçıya çevrilirsiniz.
Yaxın günlərdə şəhərdə dezinfeksiya tədbirlərinin nəticəsi olaraq ətrafda ölü quşların sayı çoxalmışdır. Bunu çəkib paylaşanlar soruşur ki: “Quşlar dezinfeksiyaya görə ölüblər görəsən?”. Suala aydınlıq gətirilməsini gözləmədən, araşdırma etmədən insanlar bunu paylaşmağa, əhalini panikaya salmağa və nəticədə yalan məlumatların yayılmasına başlamışdılar.


5. Emosiyaları kənara qoyaq


Məlumat o zaman viral olur ki, o bizdə emosiyalar yaradır – qorxu, narahatlıq, kədər və ya sevinc. Zənnimcə isə qorxu bunlardan ən güclüsüdür. Gəlin, indi başa düşək ki, biz niyə bunu edirik?


Çox vaxtı insan o zaman panikaya düşür ki, o nə baş verdiyini tam dərk etmir. Onda olan məlumat yetərli deyil ki, o vəziyyəti düzgün dəyərləndirə bilsin. Sizi nə isə narahat edirsə, sadəcə qarşınıza o sualları qoyun (yazsanız daha yaxşı olar) və RƏSMİ mənbələrdən araşdırmağa başlayın. Yalnız o zaman biz bir çox yalan məlumatların yayılmasının qarşısını ala biləcəyik.


Hər birimiz özümüzün, sevdiklərimizin və ölkəmizin qarşısında məsuliyyət daşıyırıq. Şəxsi gigiyenamıza, özünütəcrid zamanı və düzgün məlumatların yayılmasında diqqətli olsaq bu yaranan vəziyyətdən daha sürətli və həm psixoloji, həm də fizioloji sağlam çıxacağıq.


Özümüzü qoruyaq, hər şey yaxşı olacaq!”.