Mail.ru Group Rusiyada köhnə anlıq mesajlaşma proqramlarından birinə əsaslanan yeni ICQ New hazırlayır.


Facemark.az-ın məlumatına görə, bu haqda Kommersant nəşrinə qrupun özündən məlumat verilib.


Qrup bütün diqqəti qrup ünsiyyətinə yönəldib. Belə ki, ICQ New-da 30 nəfərə qədər iştirakçının olacağ audio və videozənglər meydana çıxacaq.


Bundan əlavə, messencer səsli mesajları süni intellekt texnologiyalarının hesabına avtomatik olaraq deşifrə edə biləcək. Mediascope-nin məlumatına görə, Rusiyada mobil platformaların auditoriyasına görə lider yenə də WhatsApp, Viber və Telegram olaraq qalır. Onların aylıq auditoriyası yanvarda, müvafiq olaraq 68 milyon, 34 milyon və 22 milyon istifadəçi (12 yaşdan yuxarı) olaraq qalıb, köhnə ICQ-də isə bu rəqəm 439 000 istifadəçidir.


FinSight Ventures-in icraçı partnyoru Aleksey Qaryunov isə hesab edir ki, karantin dövründə səsli və video görüşlər, konfransların sayında kəskin artım olub, elə buna görə də qrup xidməti yenidən işə salmaqda düzgün vaxt seçimi edib.


App Annie-nin məlumatına görə 14-21 mart tarixləri arasında qrup videozəngləri üçün nəzərdə tutulmuş bütün proqramları ümumilikdə 62 milyon dəfə yüklənilib. Bu isə 2019-cu illə müqayisədə 90% daha çox rəqəm deməkdir. Məsələn, Zoom platformasının dekabrda 10 milyon istifadəçisi olub, martda isə bu rəqəm 200 milyona çatıb.


AltaIR Capital-in icraçı partnyoru İqor Ryabenki isə hesab edir ki, messencerlər bazarda əvvəlki kimi rəqabət apara bilər.


Xatırladaq ki, ICQ Mail.ru Group-a DST fondunun yenidən təşkilindən sonra əlinə keçdi. Şirkət 2010-cu ildə xidməti Amerika şirkəti AOL-dan 187,5 milyon dollara alıb.