Mütəmadi kitablar oxuyursan. Amma elə bir kitaba rast gəlirsən ki, deyirsən kaş ki, çox yox 1 il öncə oxusaydım da həyatım tamam başqa cür olardı.


Filmlərə baxırsan, elə bir film qabağına çıxır ki, kaş ki gəncliyimdə baxsaydım və bir çox şeyləri fərqli formada edərdim deyirsən.


Kimləsə tanış olursan, bəzən nə yaxşı ki, ətrafımda yaxşı insanlar var, yoxsa insanlığı bu adama görə qiymətləndirərdim deyirsən. Bəzən də elə bir adama rast gəlirsən ki, onu niyə 5 il öncə tanımadığına heyfslənirsən.


İdmana başlayırsan, niyə öncə belə gözəl fürsəti qaçırtdığına pis olursan. Ən dadlı yeməyi həkimlərin tam da diet tələbi olan vaxtda dadarsan, amma sonra icazə verməzlər, pis olarsan, məsələn.


Yaş irəlilədikcə, hər şeyi öz-özünə bağışlayarsan, amma vaxtında olmayan şeylərə vaxtını sərf etdiyin üçün özünü bağışlaya bilməzsən.


Siyahını nə qədər desəz uzatmaq olar. Bütün bu müqayisələrdə insanı bir sual həmişə narahat edər – Niyə mən?! Niyə indi? Niyə O? və s. Amma “kaş ki”lərdən həyatınızı təmizləmək istəyirsizsə, “yaxşı ki”lərə yol açmağı bacarmaq lazımdır. Təkcə yol açmaq yox, həm də ötənlərə də “yaxşı ki” prizmasından baxmaq bizə faydalı olar. Başımıza gələn hər şeyi olduğu kimi qəbul etsək, bizə çətin görünən çox şey əslində asan gələr. Problem başımıza gələnləri sorğuladığımız anda başlayır. Olanları sorğulamadan qəbul edib hərəsini öz rəfinə qoymağı bacarsaq, ən pis hadisədən belə az zərərlə çıxa bilərik.


Bizi üzən adamlarla bizi sevən adamların faydası bəzən eyni olur. Bizi üzənlərin öyrətdiyini sevdiklərimiz istəsə də öyrədə bilməz, bəlkə də. Nə qədər banal səslənsə də, həqiqətən də, bizi öldürməyən şeylər bizi güclü edir. İnsanoğlu həqiqətən də ona nəyin xeyirli, nəyin zərərli olduğunu tam bilməz.


Fəlsəfədə “hər şey müqayisədə dərk edilir” ifadəsi var. Həyat özü fəlsəfədir, amma hər fəlsəfə həyat deyil. Ona görə də mən fəlsəfənin yuxarıdakı fikri ilə razılaşmıram. Müqayisə etmək həmişə faydalı olmur. Hər şeyin daha yaxşısı olduğu kimi, hər şeyin daha pisi də həmişə var. Müqayisə elə bir silahdır ki, onu səni narahat edən şeylərə istiqamətləndirəndə, əsas güllə düşmənə dəysə də, qəlpələri sənə dəyər verənləri incidə bilər. Müqayisə kibrdir, özünü olduğu kimi qəbul edə bilməmək, üsyan, naşükürlük səbəbidir bir çox hallarda. Müqayisə etməmək isə hadisə və şəxsi olduğu kimi, hər halı ilə qəbul etmək deməkdir. İllər ötdükcə bioloji olaraq çox şey dəyişir, amma ruh və xarakter dəyişmir. İnsanlara ruhu və xarakterinə görə qiymət versək, onları heç vaxt müqayisə etmərik. Müqayisə etdyiniz anda nəticəyə gəlmək çətin olur. Amma əvəzində beyinə çoxlu şübhələr daxil olur. O şübhələr zaman keçdikcə ağırlaşır və elə bir an gəlir ki, o anda müqayisənin nəticəsi belə artıq bir əhəmiyyət daşımır. Siz müqayisə əsnasında fürsət bilib beyninizə dolan şübhələrə yenik düşürsüz.


Elə hadisələr, elə şeylər və elə insanlar var ki, onları tərəziyə çıxaran anda itirirsiz. Tərəziyə çıxardığınız predmet ağır gəlsə belə, tərəziyə çıxarılmaları artıq böyük qırılmadan xəbər verir. Nəticədən asılı olmayaraq müqayisə predmeti olmamalı olan dəyərlər var. Dəyərlər müqayisə predmeti olduğu an ortaya böyük bir itki ehtimalı girir. İtirən isə ya tərəziyə çıxan, ya da tərəziyə çıxaran olur. Və bu cümlə elə bir cümlədir ki, “itirən” sözünün yerinə çox rahat “qazanan” sözünü də qoysan, məna dəyişməz. Yəni, qazanan ya tərəziyə çıxan, ya da tərəziyə çıxaran olur.