Çox zaman xüsusilə post-sovet ölkələrində və ən əsası Azərbaycanımızda gənclər daydaysız karyera qurmağın mümkün olmadığı, əgər daydayın yoxdursa, ümumiyyətlə, bütün həyatın boyu ən aşağı vəzifələrdə olacağını deyirlər. Bu belədirmi? Təbii ki, sualın cavabı bir neçə şaxəlidir.


Bəli, daydayı olan şəxslərimizdə kifayət qədər vardır, lakin daydayı olmayan və özü öz əziyyətinə 0-dan karyera quran minlərlə insan örnəklərimiz də az deyildir. Onlar müxtəlif sahələrdə çalışmaqda və uğur qazanmaqdadırlar.


Ümumiyyətlə bilməli olduğumuz bir şey var ki, hər birimizin daydayı var. İnsan yaşadığı müddət ərzində onun malını, mülkünü ala bilərlər, evini itirə bilər, pulunu itirə bilər, lakin biliklərini heç kim ala bilməz. Nə qədər bilikli olarsaq o qədər çox böyük xəzinəyə sahibik deməkdir. Buna görə də inkişafımız üçün hər zaman durmadan çalışmalıyıq. Bizim həmişə şikayət etdiyimiz məhfum məhz zaman idi. Lakin karantin dövrü göstərdi ki, heç də çox şəxsin ən böyük problemi zaman deyilmiş. Sadəcə şəxsi intizam lazım imiş.


Şəxsi intizamın yoxdursa heç nəyə nail olmayacaqsan. Şəxsi intizam insanın karyerasının immunitetidir. Şəxsi intizam həyatda hər şeyə nail olmaqda çox köməyi dəyir.


Hər birimizin daydayı olan bir orqanı var. O da bizim beynimizdir. Beyin bizi idarə edən, bizi düzgün istiqamətləndirən, bizi təhlükələrdən qoruyan bir orqandır. Biz beynimizə güvənmirik əksinə güvəniləcək başqa insan beyni axtarırıq. Başqa şəxslərə güvənirik. Lakin ilk güvənməli olduğumuz məhz beynimiz olmalıdır. Beynimizi daim qidalandırmalıyıq. Beyinin qidası isə bilik əldə etmək, kitab oxumaq, yeni kəşflər etmək, gəzmək, sevgi bəxş etmək, oksigenlə bol təmin etmək, ən əsası yaxşı qidalanma ilə təmin edilir.


Pis vərdişlərinizlə, daim siqaret çəkməklə, içki içməklə, kitab oxumamaqla, bilik əldə etməməklə beyninizə və bilavasitə öz “dayday”ınıza ciddi ziyan vurursunuz. Əmin olun ki, insanın beyni biliklə zəngin olarsa, o ən çətin situasiyada belə çətinliklərə qalib gələr və böyük zəfər qazanar.


Beyninizi qoruyun. Onu qidalandırın. Bilikdən, oksigendən, kitab oxumaqdan məhrum etməyin. Özünüzə güvənin. Özünüdən başqa sizi siz qədər düşünən insan olmayacaq əmin olun. Karyeranız, şəxsi həyatınızı siz inşa edirsiniz. Onu düzgün inşa etmək üçün təməlləri möhkəm atmaq lazımdır. Təməlləri düzgün qoymaq isə, əlbəttə ki, oxumaqdan hətta çox oxumaqdan keçir.


İlkin Mirzəzadə, blogger