bazar günü, 12 iyul 2020

Universitet tələbəsi gələcəyi üçün nələr etməlidir?


İlkin Mirzəzadə


405

Universitet zamanı tələbələr arasında ən çox yayılan suallardan məhz ən önəmlisi gələcək barədə nələr etməlidir barədə olan suallardır. Gələcək karyeranı necə qurmalıyam? Necə uğur qazanmalıyam? Necə gələcəyimi uğurlu qurmalıyam? və s. tipli suallar.

Universitet tələbəsi bir çox gəncə nisbətdə çox şanslıdır. Çünki onun əlində 4 qızıl il var (bəzən 5 il ola bilər universitet fərqinə görə) Həmin qızıl illəri isə düzgün istifadə edərsə gələcəyi bir o qədər parlaq olar. Tələbə öncə profilini düzgün müəyyənləşdirməlidir. Yəni, qısa və konkret seçim etməlidir. Nə qədər düzgün və ya səhv seçdiyini isə zamanla görəcəkdir. Tövsiyə edərdim ki, ən birinci özünüzü müxtəlif karyera testlərindən keçirəsiniz (misal üçün holland testləri) Testləri keçdikdən və özünüzdə olan müsbət yöndə potensialınızı gördükdən sonra, artıq həmin sahə üzrə fəaliyyətə keçmək lazımdır.

Öncə onu qeyd edim ki, ən birinci görməli olduğunuz iş məhz şəbəkənizi (network) genişləndirmək olacaqdır. Şəbəkəniz olmadan obrazlı desək ciddi heç nəyə nail olmayacaqsınız. Bunun üçün isə müxtəlif sosial layihələrə qoşula bilər və müxtəlif sosial təşkilatlarda könüllü fəaliyyətinizi davam etdirə bilərsiniz.

Ümumiyyətlə, mənim fikrimcə tələbənin 4 ili məhz 2 hissədən ibarət olmalıdır. İlk 2 ilini sosial fəaliyyətə, könüllülüyə, sosial təşkilatlara, müxtəlif tədbirlərə qoşulmağa həsr etməlidir. Necə deyərlər tələbə olmağı dadmalıdır. Çoxlu dostlar əldə etməldir. Əmin olun ki, həmin şəxslər gələcək karyeranızda çox mühüm yer tutacaqdır. Gələcəkdə müxtəlif sahələr üzrə xeyli tanış bildiyiniz insanlar olacaqdır. Tələbəliyin ilk 2 ilində edəcəyiniz ən önəmli səriştələrdən biri məhz dil bacarıqlarınızın inkişaf etdirilməsidir. Tövsiyə edəcəyim digər məsləhətdən biri isə kitab oxumağınızı artırmaq və dünya görüşünüzü təkmilləşdirməkdir. Əmin olun ki, məhz 2 ildə görəcəyiniz işlərin miqyası böyük olsa, digər 2 ildə daha önəmli işlərlə məşğul ola bilərsiniz.

Vaxtınızın olmadığından şikayət etməyin. Vaxtınız çoxdur! Siz sadəcə tənbəllik edirsiniz. Sonra isə bu tənbəlliklər çoxalır və gələcək iş həyatında çətinliklərlə üzləşdikdə kimisə ittiham edərək problemləri həmin şəxsin və ya kimsənin üstünə atırsınız. Bilirsiz problemi kiminsə üstünə atmaqla müəyyən təskinlik tapmaq olar, amma bu problemi həll edəcəkmi? İnanmıram!

Çalışın ki, ictimai nəqliyyatda kitab oxumaq bacarıqlarınızı inkişaf etdirəsiniz. Əmin olun ki, bu sizə böyük bir xəzinə verəcəkdir. Gündəlik gediş və gəlişi nəzərə almaqla ortalama 1 saat ictimai nəqliyyatda vaxt keçirdiyimizi düşünək. 1 saat ərzində oxuyacağınız səhifə miqdarı 20 səhifədən hesablasaq, bu həftəlik 100 səhifə, aylıq 440 səhifə (5 iş günü nəzərdə tutulub), illik isə 3960 səhifə(!!!) edir. Təəcübləndinmi?

Bəli, 3960 səhifə 250 vərəqli kitabdan götürsən təxmini 16 kitab edir. Sən təkcə ictimai nəqliyyatda gündəlik 20 səhifə kitab oxumağın illik 16 kitab oxumağına səbəb olacaqdır.

Gündəlik olaraq biznes məqalələri, faydalı məqalələr oxumağa çalışın. Gündəlik cəmisi 1 məqalə oxusanız bu aylıq 30 illik 365 (!) məqalə edir. Məncə, gündəlik 1 məqalə oxumağa 5 dəqiqənizi sərf etməyə dəyər. Elə deyilmi?!

Özünüzü təhlil edin. Zəif və güclü yönlərinizi kəşf edin. İmkanlarınız daxilində güclü yönlərinizi daha da inkişaf etdirin və zəif yönlərinizi güclü yönlərinizə çevirməyi bacarın.

Tələbəliyin digər 2 ilində isə artıq özünüzü iş dünyasına atılmağa həsr edin. Müxtəlif karyera sərgilərinə gedin. Ölkəmizdə keçirilən müxtəlif forumlara qatılın. Facebook, Instagram və s. platformalarda bu şəxslərin ümumi fəaliyyətini izləyin. Sahənizi seçdiyinizə görə artıq bu sahə üzrə müxtəlif təlimlər alın.

Müxtəlif onlayn mənbələrdən təlim ala bilərsiniz. (Coursera, bilgeis, edex, udemy və s.) İnkişafınızı kiminsə öhdəliyinə buraxmayın. Düşünürsünüzsə ki, kimsə sizə daydaylıq edəcək yanılırsınız. Etməyəcək! Etsə də daimi olmayacaq. Öz daydayınız olan beyninizə güvənin. Onu inkişaf etdirin. Çünki sizin əlinizdən hər şeyi ala bilərlər, amma beyninizi əsla! Müxtəlif seçdiyiniz sahə üzrə pulsuz belə olsa təcrübə proqramlarına qoşulun. Yayda dincəlib deyib boşuna və mənasız bir tətil keçirməyin. İnanın ki, indidən əziyyət çəkməyiniz, sizə gələcəkdə daha rahat tətil etməyiniz üçün bir şərait yaradacaqdır.

Əziz dost. Ola bilər sən gecikdiyini düşünürsən. Amma qətiyyən elə deyil. Sadəcə qarşına məqsəd qoy və et. Heç kim bu dünyada gecikmir. Heç kimdən əskikliyin yoxdur. Sən hamıdan güclüsən. Özünü başqaları ilə deyil, özünlə müqayisə et!

Uğurlar

İlkin Mirzəzadə, blogger

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün