cümə, 29 may 2020

Azərbaycanda ilk dəfə “Qrafik Dizayn Tarixi” kitabı işıq üzü gördü – Foto

270

Azərbaycanda ilk dəfə Qrafik Dizayn Tarixi kitabı hazırlanıb.

Facemark.az xəbər verir ki, Azərbaycanlı dizayner, rəssam, incəsənət xadimi Rəsul Həsənov özünün yeni kitabı haqqında Facebook sosial platforması üzərində deyib ki, bu kitab öz sahəsi üzrə ölkənin yaradıcılıq aləmində ilkdir:

“Əziz dostlar, 2017-ci ildən Azərbaycan Qrafik Dizayn Tarixi kitabı üzərində çalışmışam. Bu kitab məşğul olduğum sahədə yerli qrafik dizayn nümunələrinin tarixinin öyrənilməməsindən doğdu.

Ötən üç il ərzində əldə etdiyim 1000-dən artıq vizual material sayəsində ərsəyə gələn bu ensiklopedik kitab, öz sahəsi üzrə ölkənin yaradıcılıq aləmində ilkdir. Bu kitab ölkənin qrafika və dizayn sahəsi üçün böyük informasiya mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün də arxiv məqsədi daşıyacaq”.

Rəsul Həsənov bildirib ki, kitabda 1875-ci ildən 1990-cı ilədək olan azərbaycanlı və Azərbaycanda fəaliyyət göstərmiş müəlliflərin işləri yer alır:

“400 səhifəlik kitabda 1875-ci ildən 1990-cı ilədək olan azərbaycanlı və Azərbaycanda fəaliyyət göstərmiş müəlliflərin işləri yer alır. Burada qəzet və jurnal dizaynı, afişalar, məhsul etiketləri, loqolar, markalar və pullar kimi bir çox vizual materiallar tarixi ardıcıllıqla əks olunub. Bir çox materialları dünyanın müxtəlif muzeylərinin arxivlərindən əldə etmişəm.

Həm kitabın həcmini, həmçinin də keyfiyyətini nəzərə alaraq deyə bilərəm ki, bu işi maddi baxımdan üzərimə götürmək iqtidarında deyiləm. Odur ki, ilin əvvəlində bütün banklara və böyük şirkətlərə məktub yolladım, lakin heç birindən təəssüf cavab ala bilmədim”.

Kitabın minimal tirajı 500 ədəd planlaşdırılıb. Kitabın hər biri üçün isə çap evi tərəfindən 30 AZN qiyməti tələb olunub. Yəni hazırki vəziyyətdə ümumi məbləğ 15 000 AZN təşkil edir. Əgər bu əhəmiyyətli işə bütövlükdə və ya müəyyən hissəsini qarşılamaqla dəstək ola biləcək şirkətlər varsa çox sevinərəm. Əks təqdirdə bu iş üçün ianə toplamaqdan başqa çarə qalmayacaq”, - deyə müəllif yazıb.

Kitabla bağlı ətraflı məlumat almaq istəyənlər müəllifin özü ilə əlaqə saxlaya bilərlər (+994 50) 395 49 95

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün