Kitab oxumaqla bağlı özüm üçün yeni metod tapmışam. Eyni anda 4-5 kitaba başlayıram. Eyni anda başlasam da bitirmə vaxtları çox fərqli olur. Çünki eyni anda başladığım kitabların birini evə, birini bağa, birini iş çantama, birini işdəki otağıma və yataq otağıma qoyuram. İllərdir dəyişməyən bir qaydama hələ də əməl edirəm. Ən pis halda minimum yatmamışdan qabaq 50 səhifə oxuyuram. Bura jurnallar, saytlardan oxuduqlarım aid deyil. Onları gündəlik olaraq qarşıma çıxdıqca oxumağa çalışıram. Sadəcə anladığım və özüm üçün əmin olduğum bir şey var – o da heç nəyin fiziki kitabı əvəz etməməsidir. İki kitabxanam var. Birinə ancaq oxuduqlarımı və oxumaq istəmədiklərimi yığıram. O birində isə “gözləmədə olanları”. Gözləmədə olanlara baxanda həmişə qəribə stresə girirəm. Görəsən onları oxumağa ömrüm yetəcəkmi?!


Mənə elə gəlir ki, daha doğrusu hiss edirəm ki, oxuduqca insanın daxilində yazmaq ehtiyacı yaranır. O səbəbdən hələ yazmaq istədiyim çox şeyi yaza bilmədiyimi də bilirəm. Hələ ki, tələbəlikdə 4 ilimi verdiyim “məxfilər” silsiləsini kitaba çevirmək üçün ayda ən az 2 dəfə qəzetdəki yazıları komputerdə yığıram. O kitabı da çıxarsam, 35 yaşımdan geri oxuduğum çox şeyin haqqını verib kitablaşdırdığıma və gələcəyə ötürdüyümə görə xoşbəxt olacam. Ona görə də indiyədək olan 4 kitabımın hərəsindən 5 nüsxə Axundova vermişəm. Kitab mağazasında, hətta özümdə belə bitsə də, kitabxanada qalacaq.


35 yaşım var. Məsləhət vermək məsuliyyətli işdir deyə ancaq özümdən kiçiklər üçün acizanə kitab oxumaqla bağlı bəzi tövsiyyələrim var:


– oxuduğunuz bütün kitabları yazın bir yerə. Faydasını görəcəksiniz. Həm də motivasiya olacaq daha çox oxumaq üçün.


– sevdiyiniz kitabları hədiyyə etməyin. Ən yaxşısı o kitabdan birini də alıb sevdiyiniz adama hədiyyə edin. Biri isə özünüzdə mütləq qalsın. İllər sonra eyni kitabı təkrar oxuyarsınız və tamam başqa nəticə çıxara bilərsiniz.


– Nə gəldi oxumayın. Zamanında bunun əziyyətini çox çəkmişəm. Bir az düşünüb sizə maraqlı olan və sizə faydalı olan 3-5 istiqamət seçin. Ancaq o istiqamətdə kitabları sıra ilə oxumaq lazımdır. Ancaq ixtisas kitabları oxuyanlar heç vaxt tam olmayacaqlar.


– Kitaba başlamamışdan öncə yarım saat vaxt ayırıb vərəqləmək, içəriyi ilə tanış olmaq lazımdır. Hansısa başlığa dair mətnin birini tam oxumaq da olar. Yazarın yazı dilini, stilistikanı və izah etməsini bilmək üçün lazımdır. Bunu etsəz, kitabı oxumağa başlamaq olar ya olmazı daha net biləcəksiz.


– kitabdan gözləntinizi çox böyük tutmayın. Hər kitab fərqli formada faydalıdır. Ola bilər ki, 400 səhifəlik bir kitab oxuyarsız ondan cəmi 1 cümlə bütün həyata baxışınızı dəyişər.


– kitab sizindirsə, oxuduqca maraqlı hissələri işarələyin. Bitəndən sonra təkrar həmin hissələrə baxın. Hər kitab haqqında yarım səhifə olsa belə qısa icmal yazsanız, lap əla.


– Ancaq hazırda oxumaq istədiyiniz kitabları almayın. İmkan olduqca daha çox kitab alın, oxuyub çatdırmasanız belə alın yığın. Böyük kitabxananız olsun. Övladlarınız üçün ən gözəl tərbiyədir evdə kitabxananın olması.


– çox bəyəndiyiniz müəllif varsa, onun çalışıb bütün kitablarını oxumaq lazımdır. Müəllifi sevdiyinizə görə onun yazdıqlarını da daha tez anlaya və özünüzə örnəklər götürə biləcəksiz.


– hər yaşa görə kitab seçimləri fərqlənir. Seçimləriniz zamanla dəyişərsə, narahat olmayın, normaldır. Amma aid olduğunuz coğrafiyaya dair kitablar oxumamızsa, mütləq oxuyun. Onsuz söylədiyiniz fikirlər “sümüksüz” olacaq.


– Memuar xarakterli kitabları daha çox oxuyun. Onlar daha çox öyrədici, koloritli olurlar.


Kitablar və oxumaq haqqında belə. Bir onu bilin ki, çox kitab oxuyan çox gözəl danışa bilir. Onlarla ünsiyyət xoş olur.


Bu həftə sonu Richard Templar-ın “Yaşam Kuralları” (the rules of life) kitabını bitirdim. Kitabda ümumi, nəsihət tonunda ifadələr çoxdur. Amma oxumalı kitabdır. Ümumiyyətlə nədənsə son zamanlar nəyə aid kitab oxuyuramsa, sanki çoxdan axtardığım suallara cavab verir. Təsadüfdür ya yox bilmirəm artıq. Bayaq dediyim kimi hər kitabdan 3-4 cümlə daha təsirli olur, yadda qalır. Aşağıda onları yazıram, siz də oxuyun.


– Məmnuniyyət – xoşbəxtlik zamanla keçib getdikdən sonra geriyə qalmasını istədiyimiz şeydir. Yəni deyir ki, xoşbəxtliyin nəticəsi məmnuniyyət olmalıdır. Xoşbəxt anlar tez bitsə də əgər məmnunsunuzsa, dərd etməyin, heyfslənməyin. Həyat gözəldir.


– Pozitiv və sizi daima xoş əhvalla qarşılayan, söhbət edəndə üzünüzün güldüyü adamlara daha çox vaxt ayırın. Həyatınızda onlara daha çox yer verin.


– bir də deyir ki, ittihamedici olmayın. Sizin özünüz onun yerində olsanız nə edəcəyinizdən əmin deyilsizsə, heç kimi heç bir hərəkətinə görə ittiham etməyin.


– Gecələr rahat yatmaq istəyirsinizsə, bu həyatdan aldığınız şeyləri məcazi mənada desək, yerinə qoymağa çalışın.


– Araşdırmalara görə insan ömrünün son illərində özünü daha xoşbəxt hiss edir. Çünki həyat təcrübəsi ona necə yaşamaq lazım olduğunu öyrədib, indi yaxşını pisdən necə seçmək lazım olduğunu bilir və buna görə özünü daha rahat hiss edir.