Hər birimiz bilirik ki, işə qəbul mərhələsində namizədin CV-si çox önəmlidir. Düzgün edilmiş müraciət məhz işin qazanılması üçün olduqca əhəmiyyətlidir. Lakin əksər hallarda namizədlərin düzgün CV yazmadığını və düzgün göndərmədiyinin şahidi oluruq.


Gələk əsas məqama. Siz ilk növbədə bunu bilməlisiz ki, özünüz hansı sahədə iş axtarırsız və müraciət edəcəyiniz vakansiya hansıdır. Bunu müəyyənləşdirdikdən sonra təbii ki, iş axtarma prosesini düzgün qurmaqla iş tapmağınızı bir qədər sürətləndirə bilərsiz. İlk növbədə sizin CV satıla bilən bir CV olmalıdır. Yəni, obrazlı desək mağazalarda malları çox gözəl təqdim etdikdə bizim almaq istəyimiz artırsa sizin CV-niz gözəl olarsa qarşı tərəfin İnsan Resursları nümayəndəsi onu bəyənəcək və müsahibəyə dəvət etmək şansınız artacaqdır. Ümumiyyətlə CV-də aşağıdakı xırda, amma olduqca önəmli məqamlara riayət etmək olduqca vacibdir:


  1. Redaktə səhvləri - İnsan əgər tənəzzül edib öz CV-sindəki w hərfini ş ilə, e hərfini ə ilə dəyişmirsə, deməli o tənbəldir. Peşəkarlıqdan söhbət gedə bilməz. Belə şəxslər istisna olmaqla adətən peşəkar şəxs olmurlar.
  2. 10 meqabaytlıq sertifikat - Bir insan hər təlimə getdiyi, hər könüllü olduğu yerin sertifikatlarını doldurursa ciddi sayıla bilməz. Həmçinin insan resursları mütəxəssislərinin o qədər zamanı yoxdur ki, o CV-ni incələsin.
  3. Qısa məktub yazmaq - Bəli, qısa məktub yazaraq öz şansınızı artıra bilərsiniz. Eləcə CV yollayan namizədin işə qəbul olma şansı xeyli azdır.
  4. Foto şəkilin düzgünlüyü - Toyda, dostlarla çəkilmiş foto şəkil sizin üçün gözəl ola bilər. Yalnız nəzərə alın ki, iş dünyası qeyri-ciddiliyi sevmir.
  5. Şəxsi e-mailin düzgünlüyü - Nəzərə alın ki, öz adınıza olmayan e-maillər çox uğursuzdur. Tövsiyə edərdim ki, öz ad və soyadınıza uyğun bir e-mail yaradın.
  6. Yönləndirilmiş məktub olmamalıdır və 1 ünvana göndərilməlidir - Bir CV-ni məhz bir yerə göndərin.10 yerə göndərmək qeyri-peşəkarlıqdır. Hiylə: ən azından BCC qoyun.
  7. Hər görülən elana müraciət etməmək. Xüsusilə bir şirkətin müxtəlif vakansiyaları üzrə - Şirkət 2 vakansiya elan edir məhz 2-sinədə CV göndərilir. Bu qeyri-peşəkarlıq olması bir yana sizin reputasiyanızı xeyli aşağı salır.
  8. Başlıq mətni - Hansı vakansiyaya göndərdiyinizi yazmaq vacibdir. Dürüst olaq minlərlə CV gəldikdə heç də bütün hər kəs o CV-ləri hara göndərdiyinizi bilmək məcburiyyətində deyil. Hələ bir şirkət bir neçə vakansiya üzrə elanı varsa İR nümayəndəsi hansı vakansiya üçün müraciət etdiyinizi bilməyəcək.
  9. Tutarlı və səliqəli CV-nizin olması - Əgər hansısa bölmədə məlumat yoxdursa yazmayın. Misal üçün sertifikatınız yoxdursa, o hissəni yazmayın. Həmin bölməni silin.
  10. CV-niz istisna hallar olmaqla 2 səhifədən çox olmaması tövsiyə olunur.
  11. Yazdığınız CV-ni nəzərdən keçirib hər cür suallara hazırlıqlı olmağınız tövsiyə olunur (Bu barədə “İşə qəbulda müsahibənin əhəmiyyəti” bloqunda ətraflı məlumat verəcəyik)
  12. Dürüst olun. Yalan yazılmış CV sizi müsahibə mərhələsində pis vəziyyətə sala bilər.

İlkin Mirzəzadə, blogger