İctimai tv-də demək olar ki, Yasamal hadisəsi, onun səbəb və nəticələrinə dair 1 saatlıq verilişi diqqətlə izlədim, sonda Erkin Qədirlinin yuxarıda dediyi söz çox xoşuma gəldi. Bilmirəm indi öz sözüdür, ya kiminsə sözüdür, amma çox yerində deyilmiş fikirdir. Daha doğrusu son zaman baş verənləri olduğu kimi, çox qəşəng izah edir. İstədim bu haqda bir yazı yazım, qalsın. Hələlik isə “girişi” möhkəmləndirməyə xidmət edən bir-iki tezisi sizinlə bölüşüm.


Fırından çıxan çörəyin xəmirini özümüz yoğurmuşuq. Niyə və nəyə təəccüblənirsiniz?!


Bu virus tibbi cəhətdən necə ki, müxtəlif xəstəliyi olan adamlarda özünü ağır göstərir, o xəstəliyi daha da şiddətləndirirsə, sosial-ictimai cəhətdən də eyni effekti verir. Yəni sosial-ictimai problemləri də çılpaqlığı ilə üzə çıxarır. Bir az açıqlama verim. Camaatın içində yığılıb qalmış, qalaqlanmış etiraz var. Maraqlısı da odur ki, ümumi etirazların böyük əksəriyyəti siyasi deyil, sosial problemlərdən doğan etirazlardır. Amma uzun müddət idi ki, sosial problemləri dilə gətirənləri bir yol tapıb “müxalifətçi” çıxarırdılar. Biri var onu nəsə çıxardın bitdi, amma burada o adamı nəsə çıxarıb dayanmırdılar, ümumiyyətlə sıradan çıxarmağa çalışırdılar. Özümüzü aldatmayaq, gündəlik həyatımızda haqsızlıq, məmur özbaşınalığı, bürokratiya, biveclik ilə bağlı özümüzün, yaxınımızın, dost-tanışlarımızın şahid olduğu, votsap qruplarda müzakirə etdiyi, videoların, səslərin, görüntülərin olduğu neçə-neçə hadisələrin heç birini “uca səslə” demək üçün meydan yoxdur. Biri var demək, biri də var həmin hadisələrin güclünün xeyrinə həll olunduğunu bilib daha da pis olmaq, təzə-təzə cücərən ümidləri öldürmək. Cəmiyyəti silkələyən neqativ hadisələrin olması nə qədər pisdirsə, onların cəzasız qalması, “yüngül cəzalanması” da bir o qədər pisdir. Uzun sözün qısası son 1-2 ildə baş verən hadisələr fonunda insanların inamında ciddi sarsılma var. Bu inamı da ən kiçik sosial-mədəni etirazdan belə “dağ düzəldən”, “xarici qara qüvvə” çıxardan, “müxalifətçi” damğası vurmaqla öz səriştəsizliyini ört-basdır etməyə çalışan bəzi məmurlar yaradıb. Odur ki, insanları qınamayın, xalq gördüyünə inanır. Nə göstərilibsə, dinməz, söyləməz oturub izləyib, öz aləmində təhlil edib, hansısa qənaətə də hətta gəlib, amma bunu heç kimlə bölüşməyib. Və ya bölüşməkdən qorxub, içində saxlayıb. İndi Yasamal hadisəsi fonunda da böyük kütlənin reaksiyası əslində həmin hadisənin özünə deyil. Səbəbləri daha dərindədir. Əslində çox da dərin deyil, elə yuxarıda yazdığım kimidir. Başqa-başqa hadisələrdən qalaqlanmış etirazdır, bir “deşik” tapan kimi də oradan çölə çıxır. Bu arada onu da mütləq qeyd edim ki, polisin başına zibil atmağı kəksin şəkildə pisləyirəm, səbəb nə olur-olsun, bu çox qeyri-etik addımdır. Orada baş verənlər də anlıq emosional qoşulma nəticəsində baş verib, kökü isə daha öncələrdən gələn yığılıb qalmış etirazlardır. Məncə, politoloqlar, sosioloqlar əsl həqiqəti üzə çıxarmaq istəyirlərsə, hadisənin mahiyyətinə enməlidirlər, nəinki onun formasını günlərdir şərh edib özlərini yorurlar.


Xalqa qarşı danlaq, “öyüd-nəsihət” tonunu yığışdırmaq lazımdır.


Məmur xalqa xidmət etməlidir, heç bir halda ondan üstün deyil, onun qazandığı hər şey xalqın sayəsindədir, aldığı əmək haqqı belə millətin ödədiyi vergilərdən yaranıb. Amma nə görürük?! Bir balaca əlinə fürsət düşən fürsətdən istifadə edib mənimsəyir, qanunu pozur, korrupsiyaya yol verir və özü bilərək, ya bilməyərək narazı kütlənin sayının həndəsi silsilə ilə artmasına “şərait yaradır”. Məsələn, gün ərzində yolda yol hərəkət qaydalarına riayət etməyən AA seriyalı maşınlara çoxumuz şahid olmuşuq. Hamının gözünün önündə qaydanı pozur, nə bilim qırmızıdan keçir, qoşa xətti tapdalayır, əks yola çıxıb üstünə gəlir, hələ bir səni borclu da çıxarır və s. Bu təkcə dövlət maşınlarında deyil, məmurlara, onların ailə üzvlərinə aid avtomobillərdə də belə olur. Təbii ki, bunları hamıya şamil etmək olmaz, aralarında vicdanla xidmət edənləri də az deyil. Qısası, bütün bunlar camaatın gözü qarşısında baş verir, özü də gündəlik. İndi durub necə xalqı inandırmaq olar ki, məmurlarımız xalqa vicdanla xidmət edir, rüşvət almır, qanunları pozmur, millətə də hörmətləri sonsuzdur. Hərə gördüyünə inanır, deyilənə yox. ASAN xidmət yaxşı ki, çıxdı, ona qədər isə dövlət idarələrində ən kiçik laborant belə vətəndaşla əmr tonunda danışırdı, lüzumsuz yerə saatlarla gözlədir, get-gələ salırdılar. Məktəbdə pul yığ, dövlət xəstəxanalarında pul ver hər şeyə, sonra da çıx de ki, təhsildə və səhiyyədə rüşvət yoxdur, hər şey ödənişsizdir və s. Çox şey lazım deyil, hər rayon üzrə 5-6 adam ayırasan, buraxasan çayxanaların, nə bilim çay evlərinin, restoranların, ictimai yerlərin canına. Camaat arasında danışılanlara qulaq asmaq ola ancaq işləri. 1 həftə bəs edər ki, nəyin necə olduğu tam aydın olsun. 10 deyiləndən ən az 8-i düz çıxacaq. Özü də konkret adı, ünvanı ilə.


Deyilənlə edilənlər bir-birindən o qədər aralı qalır ki, insanlarda inam itir. Belə olanda nə baş verir? Xalq deyilənin tərsini etməyə meylli olur. Deyirsən, otur evdə çıxır çölə, maska tax deyirsən taxmır, şəhərdən kənara çıxmaq olmaz deyirsən, çıxır. Dərd orasıdır ki, durub desələr ki, “vse, ay camaat virus şükür Allaha ki, bitdi, bu bəladan xilas olduq” – onda da inanmayacaqlar. Deyəcəklər yox e, var amma özləri gizlədirlər. Çünki o qədər aldanıblar ki, indi də hər daşın altından nəsə çıxartmağa çalışırlar. Yəni bu milləti qınamayın, bəylər. Bugün baxıram camaata otur evdə deyən ÜST rəsmisi özü Qubada dincəlir, restoranlar işləməməlidir deyirlər, amma hansısa məmurun restoranında axşam vaxtı çal-çağır olur. Bu halda necə inansın sadə camaat. Təbii olaraq inanmırlar ki, onların xeyrinə nəsə addım atıla bilər. Məsələn, fikirləşir ki, əgər kütləvi yığışmaq təhlükəlidirsə, onda filan icra başısının yaxını niyə özünə ad günü edir, o öz balasını məndən az istəmir ki, deməli, virus zad yoxdur. Düz məntiq, başqa da bir şey yoxdur.


Baxırsan ki, operativ qərargah rəsmisi çıxış edir. Çıxışın özü belə insanlarda qıcıq yaradır. Elə tonda, elə üz ifadəsi ilə danışır ki, adama elə gəlir ki, bu virusu camaat atışıb hardansa gətirib, bunlar da işlərini-güclərini atıb bizi xilas edirlər. İncə nüans da var. Xilas etməməlidirlər sanki, amma edirlər. Minnət tonu var yəni. Azdan-çoxdan 2-3 kitab oxumuş adam kimi deyirəm ki, o ifadə, o səs tonu, danışıq tərzi düz deyil. Səhv deyirəmsə, olsun səhv, amma mən belə düşünürəm.


Sosial mediada yayılan fikirlərin tam həqiqəti əks etdirməməsi haqqında bu verilişdə də danışıldı, ümumən də tez-tez bu fikir ifadə edilir. Yaxşı deyək ki, sosial mediada səhv danışırlar, şayiə yayırlar. Hanı bəs ənənəvi media? Verilişdə də səsləndirdilər, qonaqlar da demək olar təsdiqlədilər ki, ənənəvi media ölüb ağlıyanı yoxdur. Görün nə vəziyyətdir ki, qonaqlar ictimai tv-yə təşəkkür edirlər ki, sağ olun bizi, fərqli düşüncədə olanları dəvət edib belə həssas mövzunu müzakirə etməyə şərait yaradırsız. İnsanlar gündəlik baş verənləri televiziyalarda görməyəndə, ondan uzaqlaşır. İllərdir həm televiziyalar, həm mətbuat xalq üçün yadlaşıb. Bunu qəbul etmək lazımdır. Bunu deyən hamı da müxalifətçi deyil, düşmən deyil. Mən məsələn, sadə bir vətəndaş kimi heç bir siyasi iddiası, məqsədi olmayan bir adam kimi bunları görürəm, dilə gətirirəm. Sevindirici haldır ki, bu yanaşma, yəni islahatlar, xalq-dövlət yaxınlaşmasının zəruriliyi artıq hökümət rəsmiləri tərəfindən də dilə gətirilir. Xalq və məmurlar arasında emosional məsafə o qədər açılıb ki, indi deyəndə ki, sosial məsafə saxla onun tərsini edirlər.


Həmin o bir saatlıq verilişdə damğa söz elə “çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir” ifadəsi oldu. Girişi düz girməmişik, yola və yolda gördüklərimizə söyürük. Nə yolda, nə yoldakılarda problem var, problem girişdədir.


Girişdəki problemlərə də öz baxış bucağımdan yuxarıda çalışdım ki, izah verim.