bazar günü, 12 iyul 2020

Azərbaycanda gündəm necə yaranır?: Necə “ayaqda qalır”?


Ülviyyə Əlizadə


427

“Gündəm yaradım mı?”. “YouTube”da qarşıma çıxan mahnıda belə deyirdi, hərçənd mahnının adı ilə məzmunu bir-biri ilə uyğunluq təşkil etmirdi. Bəs, gündəm necə yaradılır və yaranır, bəs bir çox insanların eyni mövzunu müzakirə etməsi təhlükəlidirmi? Həll yoluna aparır mı? Azərbaycanda gündəm mövzuları bir çox istiqamətdə yaranır və sosial medianın da təsiri ilə daha da çox yayılır, haqqında danışılır.

Azərbaycanda gündəm mövzuları yaranır:

  1. Düşünülməmiş sosial media paylaşımlarından. Xatırlayıram, Türkiyədə jurnalistlərdən biri çox emosional bir tvit atır. Növbəti gün isə onu silir və açıqlamasında deyir ki, “hisslərə qapılıb tvit atdım, yanlışlıq etdim, sosial media səni bir anlıq yazmağa təşviq edir”, - dedi. Bu hal sosial mediada bir qədər populyar olan bir çox tanışlarımızın da başına gəlib. İnsanların həssas nöqtələrinə toxunaraq, belə desək aranı qatırlar bir-birinə. Və budur, onlar gündəmdədir, linç də olunurlar. Son olaraq isə belə bir hadisəni dövlət qurumlarından birinin mətbuat katibi edirdi. Düz idimi dedikləri, “Əlbəttə ki, yox”. Yenə emosiyaya qapılıb, yazılan, dost-tanışından dəstək almağa hədəflənən paylaşım idi. Nəticə, linç olundu və hələ də gündəmdədir. Bura insanlar üçün tabu olan məsələlərdə fərqli mövqelər də daxildir. Məsələn, bu gün cəmiyyətin qəhrəman hesab etdiyi birinə, sənin çıxıb, o qəhrəman deyildi ki, deməyin gündəm yaradır, bir az da sosial mediada populyarsansa, hamı artıq səndən danışır.
  2. Zorakılıq, ölüm, amansızlıq hallarında. Amansızlıq, uşaq ölümü, qadın zorakılığına qarşı hallar da gündəm yaradır. Burada sosial media istifadəçilərinin haqlı olaraq tələbləri ədalətin bərpasına çalışmaq olur. Tapılır mı? Məsələnin qabardılması dövlət qurumlarını da daha ədalətli qərar qəbul etməyə təşviq edir. Çünki hamı nəticəni gözləyir, Ədalət bərqərar olunsun. Yəqin ki, balaca qızcığazın amasızlıqla öldürüldüyünü hələ də aranızda xatırlayan var.
  3. 20 ildən çoxdur ki, müharibə şəraitində yaşayırıq. Az qala müharibə bizimlə yaşıddır. Cəmiyyət olaraq həssas yerimizdir. Düşmənlərimizin ədalətsiz davranışlarını görürük, cəmiyyət olaraq bu məsələyə bir mənalı yanaşmırıq. Bura aprel şəhidlərimizi nümunə göstərə bilərik, hər kəs kədər içində idi. Bu hadisə insanlarda şok təsir yaratdı. Müharibə bitməmişdi, davam edirdi... Cənab prezidentimizin siyasi arenalarda qarşı tərəfi siyasi yolla susdurması da, bir müddət sosial mediada müzakirə edilmiş, gündəm yaratmışdı.
  4. Bu gün gündəm isə, təkcə, ölkəmizdə deyil, bütün dünyada koronavirusdur. Əlbəttə, belə həssas dövrdə atılan istənilən addım, xüsusən də rəsmilərin, gündəm yaradır. Yəqin ki, Quba-da çəkilən şəkilləri xatırladınız. Hər nə qədər təkzib getsə də, yenə də insanlar inanmadılar. İnanmalıdırlarmı? Məncə, yox!

Siyahını ölkədə baş verən fövqəladə hadisələr, iqtisadi vəziyyət (yəqin ki, neftin 20 dollarlara enməyi, manat, dollar zarafatları yadınıza düşdü) də daxil etməklə uzatmaq olar..

Bəs gündəmə çıxarılan mövzuların aqibəti nə olur?

- Bir çox hadisələri unutduq, xatırlamırıq belə. Yəqin ki, hündürmərtəbəli binadan özünü atan qız yadınıza düşdü. Məncə, belə halların kökü araşdırılmasa, təəssüf edirəm ki, belə hadisələrin gələcəkdə də olacağı qaçılmazdır.

- Bir çoxlarına müsbət həll yolu tapılır. İnsanların bir mövqedə olması, həll yoluna aparır.

Bəs, gündəmin mənfi təsiri nədir?

Əgər son illər insanlar bir gündəm məsələsini müzakirə edirdilərsə, pandemiyadan sonra isə hər gün ölkədə gündəm dəyişir. Hər gün insanlar yeni bir məsələni müzakirə edir, fikir bildirir, şikayət edirlər. Məsuliyyətsiz sosial media paylaşımları da alovun üstünə benzin tökür. Ötən gün facebook dostlarımdan biri yazmışdı ki, nə qədər neqativ var, ən yaxşısı facebook-u bağlayım. Əlbəttə ki, bir hadisəni analiz edib bitirməmiş, digərinin başlaması, insanlarda neqativliyi artırır. Psixoloqlar daha yaxşı bilər, belə neqativliklər insan şüuraltısında yığılıb qalır, sonda anı olanda özünü təzahür edir. Burda heç kimi günahkar görmürəm, sanki dünya yerindən oynayır. İnsanlar da hadisələri daha sürətli analiz edib, üstündən keçməyə məcbur olurlar.

Boş gündəm yaratmaq istəyənlər.

Bir xəbərdə oxuyurdum, deyirdi filan dövlət qurumunun əməkdaşı taxtığı maska ilə aləmi qatıb birbirinə. Deyilirdi ki, maska bahalıdır və sahibkarların vergi pulları ilə alınıb. Düşünürəm ki, bu artıq boş gündəm yaratmaqdan başqa bir şey deyil.

Bir çoxları düşünür ki, sosial platformalarda nə yazsam olar, məni dostlarım dəstəkləyəcəklər. Amma belə deyil, sosial media istifadəçiləri amansızdırlar. Həmişə deyirəm, sosial media paylaşımlarımızda həssas olaq. Unutmayaq ki, sosial məcralar boş olsa idi, bu gün dünyanın nəhəng şirkətləri facebook, ınstagram kimi sosial platformalarda “BÖYÜK PULLAR” xərcləməzdilər.

Türkiyədə çox fəlsəfə kitabları oxuyan doqquz yaşlı uşağın CNN müxbirinin “Dünən adi bir uşaq idin, indi isə bütün Türkiyə səni tanıyır” şərhinə, o belə cavab vermişdi “Niyə inanmırsınız, bu gün GÜNDƏM mənəm, sabah bir başqası, o birisi gün bir başqası olacaq”.

Ümid edirəm, hər şey 9 yaşlı uşağın dediyi kimi cərəyan edər, biz sosial media lentimizdə XOŞ XƏBƏRLƏR görərik. Xoş gündəmlər eşidərik.

Salamat qalın!.

Ülviyyə Əlizadə,

Redaktor, facemark.az

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün