bazar günü, 12 iyul 2020

Media və oxucu əlaqəsi


Ülviyyə Əlizadə


449

Çox çox əvvəllər bir çoxumuzun ağ-qara televizorumuz var idi və standart verilişlərimiz... Bütün ailəliycə, eyni filmə baxar, reklam fasiləsində veriliş başlayana qədər, TV-dən ayrılan insanlar idik. 90-ların uşaqları xatırlayar sevdiyimiz bir filmin arasına “Xəbərlər Buraxılışı” girəndə heyfslənərdik ki, 10 dəqiqə də xəbərlərin keçməsini gözləməliyik. Amma indi mənzərə tamamilə dəyişib, indi hər bir ailə fərdinin televizoru olmasa da, necə deyərlər personal kompüteri və izlədikləri verilişlər var. Bir yerdə deyirdi, indi hər kəsin serialları belə fərqlidir. Evdə qardaş, bacına deyə bilməzsən ki, çevir kanalı mən buna baxıram. Belə bir mənzərəni yaratmaqda məqsədim, bir az da olsa sizi keçmişə götürmək və əvvəlki həyat tərzimizin necə olmasını xatırlatmaq idi.

Əlqərəz,

Bir çox sahədə olduğu kimi, media sahəsində və informasiyanın cəmiyyətə ötürülməsində ciddi dəyişikliklər baş verib. Əgər çox-çox əvvəllər insanlar aldıqları xəbəri 3-4 nəfər arasında müzakirə edirdisə və yazını ərsəyə gətirən jurnalist ilə kontakta keçmək üçün neçə həftələrlə çatacağını bildiyi məktublar yazırdısa, indi mənzərə tamamilə fərqlidir. Oxucu yazılan xəbər, məqaləyə anında şərh bildirə bilir. Ancaq burda bir məqam ortaya çıxır:

İndi bütün informasiyalar TV-dən aldıqlarımızdan ibarət deyil

İndi informasiyalar 3-4 qrupda şərh edilir. Bir TV mavi ekranından, gündəlik olaraq oxuduğumuz saytlardan, qəzetlərdən, sosial şəbəkələrdən. Sosial şəbəkələrə çıxışı olmayan tanıdığım TV-dən aldığı informasiyanı mənimlə müzakirə edir, amma çəkilən videolardan və s. xəbəri yoxdur. Halbuki sosial şəbəkələrdə oturan oxucular bu hadisələrin axırına çıxıb, nöqtəsini belə qoyublar.

Media daha çox oxunmaq, oxucu isə daha tez reaksiya vermək dərdindədir

Media daha çox oxunmaq, oxucu isə daha tez reaksiya vermək dərdindədir. Türkiyənin məşhur komediya ustası Cem Yılmazın da dediyi kimi, “Hər kəs bilgi paylaşmaq xəstəliyinə tutulub”. Təbii ki, bu gün xəbər, informasiya yaradanlar, təkcə peşəkar jurnalistlər deyil, ona görə də bəzən bir çoxları oxucu tənqidinə tuş gəlir. Məsələn, xatırlayıram bir dəfə media ilə əlaqəsi olmayan şəxslərdən biri ölkənin həssas olduğu dövrdə Canlı Yayım açmış, mütəxəssislərdən biri ilə mövzunu müzakirə edirdi. Amma hadisələri gülərək danışırdı. Axı deyirik, oxucu da tez reaksiya vermək dərdindədir. Həmin şəxs anında linç olunmuşdu.

Peşəkar media və oxucu

Bir dəfə bir yazı oxumuşdum, xanım oxucu yazırdı ki, bəs ölkədəki jurnalistikanın vəziyyəti bərbad gündədir. Yaxşı ki, karyeramı bu sektorda davam etdirmədim və s. Bir çox sektorlarda olduğu kimi mediada da problemlərin olması normal haldır. Amma əminəm ki, həyatınızda bir dəfə də olsun sizin haqqınızda yazının çıxması üçün jurnalistə müraciət etmisiniz. Ona görə, düşünürəm qurunun oduna yaş da yanmamalıdır. Məsələn, mən həmkarlarımı tanıyıram ki, bir informasiyanı əldə etmək üçün saatlarla dövlət rəsmilərini gözləyirlər.

Adekvat olmayan oxucu şərhləri

Maraqlıdır insanlar hansı dövrdə, daha çox xoşbəxt idilər: İnformasiyanın cəmiyyətə təktərəfli ötürüldüyü dövrdə mi, yoxsa böhranın alovlandığı və oxucuların informasiyaya geridönüş etdikləri hazırki dövrdə mi? Necə ki, insanlar bəzi media orqanlarının dezinformasiyasından (media orqanı demək mümkünsə) yorulub, media orqanlarında çalışan insanlar da adekvat olmayan oxucu rəylərindən bezar olub. Bir dəfə hesabata dayalı video çarx hazırlamışdıq, əlimizdə konkret rəqəmlər də var idi. Brendlərdən birinin nümayəndəsi, yazanda düz yazın yazmışdı, geridönüş edib, video elə belə yaranmayıb, mənbəsi var deyəndə, qarşımızda neqativ düşüncəli daha bir oxucu şərhi görmüşdük. Maraqlısı budur ki, digər neqativ yazan da, xanımın yoldaşı idi

Və gəldik ən yaralı yerimizə “Böhranda media və oxucu”

Əgər martda elan edilən karantin zamanı insanlar böhranın olmasına rəğmən gələcəyə daha ümidli və pozitiv yanaşırdılarsa, indi hər kəsin psixoloji vəziyyəti tarıma çəkilib. Məncə, belə həssas dövrdə media da daha həssas olmalıdır. Yenə də deyirəm ki, biz koronavirusun fəsadlarını bu virusa yoluxan fərdlər üzərindən çəkib mediada paylaşmamalıyıq. Bu ona bənzəyir ki, siz qəza edən birinin (üstü başı qan içində, əzilmiş halda) fotosunu ürəyiniz istədiyiniz kimi paylaşırsınız, məncə etik deyil. İkincisi isə, hər kəs bar-bar bağırır ki, koronavirusa yoluxmamaq üçün, təkcə immunitetimiz deyil, psixoloji vəziyyətimiz belə yerində olmalıdır. Əminəm ki, belə şəkilləri görən oxucu uzun müddət o anları gözünün önündən silə bilməyəcək.

Oxuculardan xahişim budur ki, bizi heç kim görmür deyə neqativ püskürməyək, medianı isə paylaşımlarında daha həssas olmağa səsləyirəm.

Özünüzə yaxşı baxın,

Ülviyyə Əlizadə,

Redaktor, facemark.az

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün