Bilirsən dostum bu dəfə, nə texniki sahədən danışacağıq, nə də elmi sahədən.


Bu dəfə koronavirusdan danışacağıq. Yox, yox bildiyin o virusun əlamətlərindən, təsir dairəsindən, ölkələri necə iflic etməsindən danışmayacağam. Onsuz əla bilirəm ki, gündəlik səhər oyandıqdan axşama qədər bu xəbərləri eşidirsən. Artıq bəlkə də bezmisən. Bilirsən, nə yalan deyim mən də bezmişəm. Amma nə edə bilərik ki, özümüzü və yaxınlarımızı qorumaqdan başqa əlimizdən bir şey gəlmir.


Sənə koronaviruslu beyinlərdən danışacağam. Əslində sənə bir sirr açım bu koronavirus çoxdan bizim ölkədə var. Amma adını bilməmişik indi öyrəndik ki, koronavirusdur. Bu koronavirus bizim çox insanlarımızın beynində var. O virus ki, illərdi qalır beyinlərində, yaymaqla məşğuldular.


Zibil üçün qablar qoyublar. Səliqəli və təmiz. Sadəcə ayağınla basırsan və zibili içəri atırsan. Sadə!
Amma koronavirus beyinli insanlar onu çölünə atacaq.


Siqareti çəkəcək, özünü zəhərləyəcək, axırda balkondan çölə tullayacaq. O da kiminsə başına düşəcək. Çəkənin vecinə deyil, çünki öz kefini alıb. Başqasına nəsə olması onun vecinə deyil. Çox rahatlıqla uşaqların, yaşlıların yanında siqareti çəkib, onları da zəhərləyəcək axı beynində belə bir steorotip var axı “əşi mən zəhərlənirəm də onlar da tüstünü çəksə nolacaq”.


Bilirsən dostum illərdi eşidirik 14 yaşlı qızı nişanladılar, 18 yaşlı qız ərə getdi, 19 yaşlı qız özünü məcburi evliliyə görə öldürdü. Hamısı koronaviruslu beyinlərə görədi. Onların düşüncəsinə görə qız evlənməlidir, təhsil almasa da olar. Sonra ərindən ayrılanda uşağı ilə tək tənha qalır ortada.


Rüşvət rüşvət olmaz deyirik. Amma öz işimizə görə birinci rüşvət təklif edirik.


Evlərimiz, obyektlərimiz olur, öz adımıza olmur deyə çox rahatlıqla 190 manatı alırıq. Nə bilərik ki, kasıbın 190 manatın hər bir manatına ehtiyacı var.


Bütün günü gözəllikdən, Avropadan danışırıq. Amma yolda gedəndə yola tüpürürük, zibil atırıq, saqqız tullayırıq sonra kiminsə ayağına yapışır. Nə vecimizə əsas bizim ayağımıza yapışmasın.


Bilirsən dostum biz çox özümüzü göstərən adamlarıq. Cibimizdə ıPhone olur, amma içərisində danışmaq üçün 20 qəpiklik kontur olmur, avtomobil sürürük, amma kasko sığorta etdirmirik, çünki deyirik ki, biz əla sürücüyük qəza olduqda isə vaaaay necə oldu, nə edəcəm mən? deyirik.


Deyilir ki, maska tax, məsafə qoru. Amma postdan tez keçmək, metroya tez daxil olmaq üçün az qala bir- birimizin başına çıxırıq. Elə harasa tələsirik, hara tələsdiyimizi isə özümüz də bilmirik.


Nəysə, əziz dostum bu cümlələri oxuyanda əminəm ki, sənin də ürəyin sıxıldı. Vallah nə yalan deyim mənim də ürəyim sıxıldı. Bəlkə nə zamansa koronavirus çıxıb gedəcək, tarix olacaq amma koronaviruslu beyinlər hələ də qalacaq.


İlkin Mirzəzadə, blogger