şənbə, 8 avqust 2020

İşdə düz bilinən səhvlər


Rafiq Hunaltay


489

İş karyeramın 17-ci ilindəyəm. Fərqli-fərqli sahələrdə yığılan təcrübə imkan verir ki, Azərbaycan reallığına uyğun iş mühitində formalaşmış stereotiplər haqqında bir-iki kəlmə də mən deyim. İşlədiyim bütün yerlərdə xoş olan və olmayan istənilən situasiyada həmişə daxilən bir motivasiyam olub. O da bu olub ki, bir gün qarşılaşdığım bütün hadisələr haqqında yazacam, kitaba çevirəcəm ki, digərləri də oxuyub faydalansın, şirkətlərin və şəxslərin buraxdığı səhvləri təkrarlamasın, düzlərdən isə istifadə etsinlər. Yerli təcrübə onu yaşayanın dilindən eşitməsən, bilavasitə onu yaşamasan ordan-burdan, kitablardan öyrənə biləcəyin bir şey deyil. Ona görə də yazdıqlarım haqqında əminliklə deyə bilərəm ki, əsl “yerli mal”dır.

İşdə düz bilinən səhvlər adını verdiyim bu yazıda alt başlıqlar vasitəsilə fikrimi ifadə etməyə, beynəlxalq araşdırma nəticələrini öz şərhlərimlə təqdim etməyə çalışacam. Beləliklə, oxuyaq görək işdə düz bilinən 7 səhv hansılardır?!

Düz bilinən səhv 1: İŞ 8 SAATDIR

Ənənəvi 8 saatlıq iş rejiminin kökü 1817-ci ilə gedib çıxır. Robert Owen tərəfindən o zamanlar sənayə inqilabı ərəfələrində istifadə edilən 16 saatlıq iş rejimini 8-ə dəyişmək təklif edilmişdi. Həftədə 40 saatlıq iş rejimi təklifi məhz Owen-ə məxsusdur. Araşdırmaya görə (OECD 2016) hazırda inkişaf etmiş ölkələr arasında ən çox işləyən ölkə Cənubi Koreya 41 saat, Almaniya 26 saat, Amerika 32 saat, Kanada 33 saat, İngiltərə isə həftəyə 34 saatdır.

Ortalama həftəlik 40 saatlıq iş rejimi elə o vaxtdan da hamı tərəfindən qəbul edilib. Robert günü 3 yerə – 8 saat yuxu, 8 saat iş, 8 saat istirahət kimi bölmüşdü. Hərçənd ki, islam dinində bu 7-ci əsrdən var, amma kimsə bunu işə tətbiq etməyi düşünməmişdi. Bunu ona görə yazdım ki, kimsə Robertin bu fikrini görəndə deməsin ki, bu dinimizdə var. Bəli, var, amma biz onu uzun illər sadəcə avazla oxuyub keçmişik. Bu arada 8 saatlıq iş rejiminə ilk keçən şirkətlərdən biri də Ford olub. O dövr üçün 2 ilə gəlirlərini 30 milyondan 60 milyona qaldırandan sonra digər şirkətlər də iş rejimlərində dəyişiklik etmişdilər.

Araşdırmaya görə ofis işçilərinin 80%-i qeyri-iş vaxtlarında da emaillərini kontrol edir, işlə əlaqədar müəyyən məsələlərin həllində iştirak edirlər. Yenə bir araşdırmaya görə Y nəslinin (1980-ci illərdən sonra doğulanlar) 45%-i daha çox əmək haqqı əvəzinə elastik iş qrafikinə üstünlük verir.

Azərbaycan reallığında isə sahibkarların bir çoxu işçiləri bütün günü gözünün önündə görmək istəyir. Bir çox şirkətlərimizdə işdən sonra qalma hətta təbliğ edilir, amma əksərində “overtime” məfhumu tam oturuşmayıb və daim mübahisələrə səbəb olur. İntizam önəmlidir, amma onu çox həssaslıqla tətbiq etmək lazımdır. İşdə olmaq ilə işləmək ayrı-ayrı məfhumlardır. İşdə olmaq hələ işləmək demək deyil. İşdə olmamaq isə işləməmək anlamına gəlmir. Önəmli olan qarşıya qoyulan hədəf və nəticədir. Müasir menecmentdə müzakirə predmeti hədəf və nəticə ola bilər deyə düşünürəm. Azərbaycanda çalışan menecerlərin bir çoxu sahibkarların bu xüsusiyyətini bilib ona uyğun davranır, yəni işdən daim gec çıxmağa çalışır. Səmimi olaraq bunu etmək olar, amma şirkət mədəniyyəti tələb edir deyə edilməsini düzgün hesab etmirəm. İşkolik insanlar var, onları təqdir etmək lazımdır, amma onların davranışı qayda deyil, istisnadır. Bu halda işdən gec çıxan adam səhv etmədiyi kimi işdən zamanında çıxan adam da səhv etmir. İşini görürsə zaman və məkan fərq etməz. Praktikamda n qədər axşam 10-11-ə kimi işdə qalıb, amma faydalı iş əmsalı çox aşağı olan, bəzi hallarda isə ümumiyyətlə olmayan xeyli adam görmüşəm. Onsuz da telefon həyatımıza girəndən bizə hər saat iş, hər yer iş yeri olub. Bir də bunun üstünə işçini iş qrafiki ilə “sıxmaq” ədalətli addım hesab edilə bilməz.

Düz bilinən səhv 2: EVDƏN İŞLƏMƏK PRODUKTİVDİR

Mənə görə tam olaraq evdən və ya tam olaraq ofisdən işləmək doğrudur demək özü yanlışdır. Hər bir işin xüsusiyyətinə görə dəyişə bilər. Bəzi adamlara görə diqqətin tez-tez dağılmasına görə evdən işləmək əlverişsizdir. Evdən işin müsbət tərəfi isə xərclərə qənaətdir – daha kiçik ofislərlə idarə etmək olur, işçinin yemək və yol xərci az çıxır, inzibati xərclər azalır və s. Amma pandemiya göstərdi ki, post-korona dövrü üçün bütün şirkətlər sistemlərinə, biznesə yanaşmalarına yenidən baxmalıdır. Əlçatan olmaq, müştəriyə fasiləsiz xidmət göstərmək, operativlik, minimum fiziki resurs istifadəsi bizneslərin əsas məqsədlərindən olacaq. O zaman başqa bir problem və ya fürsət ortaya çıxır. Şirkətlərimiz performans ölçümü standartlarını o qədər təkmilləşdirməlidir ki, işçinin artıq haradan işləməsinin fərqi olmasın. İstər hədəf, istər proses kontrol, istərsə də nəticənin təqibi o qədər net yazılmalı və tətbiq edilməlidir ki, çox az istisnalarla biznes özünü idarə edə bilsin. Sistemli çalışma, insana ağırlıq yox, sistemə güvənərək işləmək məhz belə ərəfələrdə daha da aktual olur. Bir məsələ də var ki, Azərbaycanda işçi özü də hələ evdən işləməyin təhərini bilmir. Evdən işləməyi evdə hər işini görüb, həm də işini işini işləmək kimi bilirlər. Məsələn, evdən çalışan əməkdaşlar arasında hansısa tapşırığa “mən indi qonaqlıqdayam, çıxanda baxa biləcəm” deyənlər də görmüşəm. Onların arqumenti isə biz yeri gələndə axşam saatlarında da işləyirik, ona görə də günorta filan yerə gedə bilərəm şəklində olur. Qısası şirkətlərimiz kimi işçilərimiz də evdən işləməyi ilk növbədə öyrənməli, ondan sonra keçid etməlidir. Kor-koranə keçid olan-qalan sistemi də vurub dağıda bilər.

Düz bilinən səhv 3: İŞDƏ SOSİAL MEDİA İSTİFADƏSİ QADAĞAN OLMALIDIR

İndi elə bir dövrə gəlib çıxmışıq ki, 8 saatlıq iş rejimi vaxtı heç kəsi 8 saat sosial mediadan kənar saxlamaq olmaz. Bəli, razıyam ki, işçilər də fürsətdən sui-istifadə edir, şəxsi yazışmalara, işdən kənar fəaliyyətlərə ayrılan vaxtı daim artırır. Amma bunu kontrolda saxlamağın yolu qadağan etmək deyil. Əvəzində isə iş yerində sosial medianın istifadəsinə dair qaydalar hazırlamaq və tətbiq etmək lazımdır deyə düşünürəm. Bu qaydalar isə hər şirkətə xas təhlil edilib hazırlanmalıdır. Elə şirkət və ya şirkətdə elə departament ola bilər ki, ona ümumiyyətlə iş gərəyi sosial media lazım olmasın, o halda ona əsaslanaraq gündəlik istifadə limiti tərzində bir qayda qoyula bilər. Elə departamentlər də var ki, onlar sosial media ilə sıx işləyir, işin əksəri oradan görülür və s. Onlara da fərqli yanaşmaq olar. Qısası, qadağan olunan hər şey maraq yaradır. Tam qadağan etmək olmaz. İstifadəni nəzarətdə saxlamaq hələlik ən yaxşı yoldur. Məsələn, mənim çalışdığım şirkətlərin birində hətta öz bloquma girişə qadağa qoymuşdular.

Dedilər, rəhbərlik icazə versin, açaq.

Düz bilinən səhv 4: ÖZGÜVƏN BİRİNCİDİR

şçinin özgüvəni olması yaxşı haldır. Amma özgüvən bacarıqdan sonra gəlməlidir. Bacarığı aşan özgüvən işçini səhv istiqamətə aparır. Bacarıqları kifayət qədər olmayan adamın getdikcə güclənən özgüvəni onu daha da uğursuz edəcəkdir. Özgüvən də çox olduğuna görə səhvi heç vaxt özündə axtarmayacaq. Adrian Furhamm-ın “Myth of the work” kitabında yazdığı kimi “Bir nəfəri onun çox güclü üzgüçü olduğuna və istəsə olimpiya çempionlarına da qalib gələ biləcəyinə inandırmaq mümkündür. Amma bu özgüvəni verəndən sonra üzməyi öyrənməsə, suyun dibi onundur”

Özgüvəni bacarığını üstələyən işçilər öyrənməyə də həvəsli olmur. Kənardan demokratik görüntü versə də, səhvini deyən, irad bildirənlərə qarşı tolerant davrana bilmir. Amma əksinə özgüvəni olan birinin həm də bacarıqları yerindədirsə, o zaman onun faydalı iş əmsalı yüksək olacaq. Əgər seçim arasında qalsam nisbətən aşağı özgüvən, amma bacarıqlı kəsi özgüvəni yüksək, bacarığı yetərsiz birinə dəyişmərəm. Zatən hər şirkətdə işi icra edən bizim kənardan “yaxşı işçidir, amma hələ idarəçi deyil, özgüvəni tam deyil” dediyimiz işçilər görür. Ona görə də onları küçümsəmək olmaz.

Düz bilinən səhv 5: PUL ƏN GÜCLÜ MOTİVASİYADIR

Pul motivasiya edir, amma uzun müddətli motivasiya vasitəsi kimi ideal deyil. Pul motivasiyayası araşdırmalara görə təsirini 2 ay sonra tədricən itirməyə başlayır. Araşdırmaya görə işdən məmnunluqla əmək haqqı arasında 15%-lik kəsişmə var. Yəni əmək haqqı işyerindən məmnunluqda rol oynayır. Amma məmnunluğun birinci şərti əmək haqqı deyil, digər faktorlardır. Pul müvəqqəti motivasiyadır. Necə ki, xalqları uzun müddət, yüz illiklər boyu ideologiya ayaqda saxlayır, eləcə də şirkətləri uzun müddətdə işçilərini motivasiya etmə formaları ayaqda saxlayır. Və bu siyahıda pul birinci deyil. İş mühiti, ab-hava, işçilərə qarşı münasibət, rəhbərliyin subordinasiya qaydalarına riayəti və s. kimi amillər bir müddət sonra puldan daha ön yerə keçir. Səhər işə gedərkən həvəslə evdən çıxmırsansa, nə qədər maaş almağının bir o qədər önəmi yoxdur. Həyatda pul ilə satın alınmayacaq şeylər də var ki, bunların başında birinci zaman gəlir. İnsan işlədiyi yerdə sərf etdiyi zamanı itki kimi görsə, əmək haqqının məbləği heç önəmli olmayacaq.

Düz bilinən səhv 6 : MÜKƏMMƏLİYYƏTÇİLƏR (PERFEKSİONİST) HƏMİŞƏ UĞURLU OLUR

Maksimalist insanların üstün tərəfi odur ki, onları işi necə etməyi, necə işləməyi göstərmək lazım deyil, zatən onlar bir işi görmək üçün əllərindən gələni edəcəkdir. Əgər işə perfeskionist birini götürmüsünüzsə, sadəcə onu mütəmadi motivasiya edin. Perfeksionist adamların çox vaxt işləri alınmayanda (həmişə alına bilməz zatən) tez ruhdan düşürlər. Bu tip adamlar bəzən işi tormozlaya da bilir, işin sürətini azalda bilirlər. Hər şeyi ən yaxşı şəkildə etməyə çalışmaq sonda bəzən işin ümumiyyətlə görülməməsinə gətirib çıxarır. Rəhbər şəxs perfeksionist oldusa, o şirkət batdı. Hamıdan eyni şeyi gözləyəcək və alınmayanda da məyus olub həvəsdən düşəcək.

Düz bilinən səhv 7 : OPEN SPACE OFİSLƏR PERFORMANSI ARTIRIR

Open Space tipli ofislər 1950-ci illərdən başlayaraq qərbdə dəb halını almağa başladı. Daha sonra təkmilləşərək Google ofisi tərzi istiqamət almağa başladı. Amma hazırda bu tip ofislərin iş performansını ciddi şəkildə aşağı saldığı haqqında qənaətlər var. Araşdırmaya görə open space tipli ofisdə çalışanların diqqəti hər 10 dəqiqədən bir dağılır. Gürültü kirliliyi ilə yanaşı göz kirliliyi də yaranır. Gürültünü qulaqcıqla necəsə həll etmək mümkündürsə, göz kirliliyinin həlli çətindir. Mütəmadi kimsə girir, kimsə çıxır, yaxınlaşır söz deyir, nəsə soruşur. Çox vaxt da bu işlə əlaqədar olmur. Amma yenə də birmənalı şəkildə demək olmaz ki, heç bir halda open space olmamalıdır. İşin xüsusiyyətinə görə, diqqət tələb edən işlərə görə ofis quruluşunu dəyişdirmək olar. Mən özüm də 3 ildən çox open space ofisdə çalışmışam və əminliklə deyə bilərəm ki, insan effektiv işləyə bilmir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün