Bu gün ölkəmizdə biznes maarifçiliyində illərlə zəhmət çəkən, imzası ilə güvən verən, sahibkarların yol yoldaşı Hunaltay (Rafiq Vəliyev) 35 illik yubileyini qeyd edir.


Rafiq Vəliyev Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil alıb. Eyni universitetin magist pilləsini yenə Marketinq ixtisası üzrə bitirib. Daha sonra Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkiler ve Tanıtım bölümünü bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olub, dissertantdır.


Rafiq Vəliyev Azərbaycanın bir sıra böyük şirkətlərində yüksək vəzifələrdə çalışıb. Məsələn, Nurgün Şirkətlər Qrupunda Qida Departamenti Marketinq Meneceri işləyib. Burada beynəlxalq brendlər ilə çalışıb. Beş ildən çox İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru olub. Rafiq bəy, İdeal-ın birinci mağazasının açılmasından şəbəkəyə çevrilməsinə qədər böyük rola malik olub. Daha sonralar həmin şirkətin marketinq direktorluğundan İdarə Heyəti üzvlüyünə qədər yüksəlib.


O, işgüzar fəaliyyətinə Gilan-da FMCG Qrupunda daha sonralar isə Modern Şirkətlər Qrupunda İdarə Heyətinin üzvü kimi davam etdirib.


Rafiq Vəliyev 17 illik iş təcrübəsinə sahibdir, karyerasına marketinq istiqamətindən başlasa da, daha sonralar idarəçilik üzrə yol alıb.


İşgüzar fəaliyyəti ərzində sıfırdan qurduğu effektiv satış, marketinq, audit - bütövlükdə biznes idarəetməsi nəticələri ilə həmkarlarının rəğbətini qazanıb. O, onlarla kiçik və orta sahibkara ödənişsiz biznes idarəetməsi konsultasiyasında dəstək olub.


Yaradıcısı olduğu ilk praktiki marketinq təlimi Marketing AİR ilə öz bilik və təcrübələrini daim paylaşıb. Hazırda Marketinq AİR-in tələbələri özünün də dediyi kimi ən azı biri aparıcı şirkətdə çalışır.


Eyni zamanda, artıq doqquz ildir ki, fəaliyyət göstərən məşhur marketinq portallarından olan www.facemark.az saytının təsisçidir. Ölkənin aparıcı mütəxəssislərini bir platformada birləşdirmək arzusu onu bir ildən sonra Azərbaycanın ilk onlayn marketinq televiziyası FMR TV-ni (facemark.tv) yaratmasına təşviq etmişdi.


Bakıda illik keçirilən Milli Marketinq Forumu (MMF), Rəqəmsal Marketinq Forumu (DMC), Maliyyə və İnvestisiya Forumu (FIF), SAT FORUM (satış forumu), Milli İnsan Resursları Forumu (MİRF) həmtəsisçisidir.


Onun maarifçilik istiqamətlərindən biri də kitablardır. Özünün də dediyi kimi, bir gün onlaynda oxuduğumuz materiallar itib-batacaq, ancaq kitablar isə qalacaq. Bu, missiyasının davamı olaraq 2015-ci ildə Bugünün Marketinqi 1 kitabını, 2016-cı ildə Bugünün Marketinqi 2, 2019-cu ildə isə Bugünün Marketinqi 3 kitabını nəşr etdirib. Bu maarifçilik missiyasını da davam etdirməkdədir. Belə ki, bu seriyanın 4-cü kitabını isə yaxın zamanlarda oxucuların ixtiyarına verməyi planlaşdırır. Və özünün Böhrandan Yeni Dövrana (2016) kitablarının müəllifidir.


Onun bugünədək müxtəlif qəzetlərdə 200-dən çox məqaləsi çap olunub. Uzun zaman qəzetdə çalışdığından, 2002-ci ildən Hunaltay təxəllüsündən istifadə edib. Özünün şəxsi hunaltay.com bloqu üzərindən davamlı olaraq biznes yönümlü məqalələr paylaşır. Eləcə də, onu ölkənin nüfuzlu media orqanlarına verdiyi müsahibələri ilə də yadda qalıb.


Bu gün Marketinq Azərbaycan və yerli sahibkarlar adından onu təbrik edir, fəaliyyətində müvəffəqiyyətlər diləyirik. Həyatınızda hər şey qurduğunuz sistem qədər sağlam, proqnozlaşdırdığınız mənfəət qədər dəqiq, kommunikasiyanız kimi xoşməramlı olsun!