şənbə, 24 oktyabr 2020

Robot aparıcılar nə vəd edir?: Yaşlanmayan və heç zaman dəyişməyən aparıcılarımız olsaydı... ?!


Ülviyyə Əlizadə


670

İlk veriliş günü ekranda çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi.

Göstərir Bakı!

1956-cı il, yəni 64 il bundan öncə Azərbaycanın məşhur aktrisası, “Ögey Ana” filmindən yaxşı tanıdığımız Nəcibə Məlikova bu iki sözü deyib.

Həmin dövr üçün ağ-qara ekranlardan bu sözü eşitmək, o dövrün insanları üçün əsl fantastika idi. Bu axının davamı olaraq, daha sonralar televiziyanın özünəməxsus peşəkar aparıcı kollektivi formalaşdı. Onlar sözləri səlis tələffüz edir, aramla danışır və sözlərdəki vurğuları düzgün edir, eyni zamanda görünüşləri (yəni, diqqət çəkici aksessuarlardan istifadə etmirdilər) ilə deyil, çatdırdıqları informasiya ilə ön planda idilər. Bir təsəvvür edin, bu gün televiziya ekranında yenə Nəcibə Məlikovanı yaşlanmayan simada görürük. O, yenə də bizə peşəkar şəkildə informasiya çatdırır. Fantastika kimi göründü elə deyil?

Haşiyə

Ötən gün yerli televiziya verilişlərinin birində aparıcı qonağın soyadını düzgün səsləndirmədiyinə görə, elə qonağın özü iradını bildirir. Aparıcı isə özünün peşəkar olduğunu deyib, soyadını düzgün tələffüz etdiyini bildirir və yenidən onun soyadını səsləndirir. Düz deyirəm də, bax belə… Xəbərin şərh bölümündə isə belə pis çıxmasın “hər kəs aparıcını yıxıb sürüyürdü”. Yəqin ki, nə demək istədiyimi başa düşdünüz. Düşündüm, bir gün aparıcılar robot olsa idi nə olardı?

Amma Çinlilər bunun da yolunu tapdılar. İki il bundan öncə Rusiyalı xəbər aparıcısı efirdə deyir ki, həmkarlarım üçün pis bir xəbərim var. Biz işsiz belə qala bilərik. Çinlilər nə etmişdilər? Onlar İLK DƏFƏ iki televiziya aparıcısının virtual portetini yaratmışdılar. Eyni səs, eyni vizual, real xəbər aparıcısının özündən belə fərqlənmirdi. Aparıcıların özləri belə təəccüb içində idi. Axı necə ola bilərdi? İki il bundan öncə, bu hadisə uzaq Çində baş vermişdi. Amma Çində olan hər şey bura virus sürətli ilə çatmır mı? Elə sözün əsl mənasında VİRUS-ları kimi…

Amma bu hadisə bizim qonşularımıza da artıq çatıb. Rusiyanın nəhəng internet holdinqlərindən Mail.ru Group da özünün virtual aparıcılarını hazırlayıb. Onlar da Çindəki aparıcılar kimi real aparıcıların portreti üzərində hazırlanıblar. Hətta istehsalçılar deyirdilər ki, TELEVİZİYA vaxta və pula qənaət edə bilər. Yəni, onların qrim olunmasına ehtiyac yoxdur, eləcə də studiyanı belə istədiyiniz kimi seçmək şansınız var. Əlbəttə, daha az pul xərcləmək niyyətində olan TV rəhbərləri niyə bu son texnologiyalardan faydalamasın ki? Bəlkə də, yaxın gələcəkdə biz artıq xəbərləri virtual aparıcıların dilindən eşidəcəyik.

Müsbət tərəfi nədir? Süni intellekt əsaslı, belə aparıcılar real aparıcıları ölümsüzləşdirir və onlar heç bir zaman dəyişmirlər. Necə ki, real aparıcı hər zaman öz formasında olmalıdır, daim öz üzərində çalışmalıdırsa, virtual aparıcıların buna ehtiyacı yoxdur. Bəlkə də, belə bir texnologiya keçmişdə olsa idi, yerli, keçmiş peşəkar aparıcıları bu gün də ekranlarda görə bilərdik. Təsəvvür edin, 64 il bundan öncəki kimi Nəcibə Məlikova yenə ekranlardadır. Məncə, hamıya xoş olardı.

Mənfi tərəfləri hansılardır? Sözsüz ki, məşhur şəxslərin portretləri, səslərini bu gün asanlıqla virtual məkanda tapmaq olar. Aşağıdakı videoya diqqətlə baxın. Facebook şirkətinin CEO-su Mark Zukerberq YouTube-da çıxışı zamanı insanların şəxsi məlumatlarını əldə etməsi ilə lovğlanır. Böyük bir holdinqin rəhbərinin, xüsusən də milyardlarla istifadəçisinin olduğu platforma rəhbərinin belə bir açıqlaması qalmaqal yaratmışdı. Amma sonra nə oldu? Videonun saxta olduğu ortaya çıxdı. Süni intellekt əsaslı, robot portretləri yaradan istehsalçılar deyir ki, təkcə 30 saniyə davam edən video üçün 30 saat çalışmaq yetərlidir. Amma gələcəkdə bu saatın daha minimal olacağına da şübhə yoxdur. Bu isə, əlbəttə, özü ilə etik və hüquqi problemləri də gətirəcək.

Gələk, Azərbaycan-ımızda baş verən son hadisələrə. Şübhəsiz ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı düşmən insanların informasiya çatımlılığını azaltmaq üçün televiziya qovşağını partlatmışdı. Düşmən bütün etik və hüquqi çərçivələri dağıtmağa hazırdır. Necə ki, bunu virus şəklində yaydığı VİDEO ilə də göstərmişdi. Kim bilər ki, düşmən gələcəkdə belə bir hiyləyə də əl atmasın..

Ona görə də, hazırlıqlı olmalıyıq!

Yuxarıda Mark Zukerberqin videosuna isə aşağıdakı YouTube kanalından baxa bilərsiniz.

Dünyanın öz yerindən oynadığı bu günlərdə, çalışın özünüzə yaxşı baxın!

Ülviyyə Əlizadə, facemark.az redaktor

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün