Azərbaycan əlifbası və Azərbaycan dili günü


Avqustun 1-ni Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edəcəyik. Qarşıdan bu bayramın gəldiyini nəzərə alaraq istədim, doğma dilimizdən istifadə məsələsinə toxunum. Amma yazımı məktəblərdə öyrəndiyimiz və yazdığımız inşalarda tez-tez istifadə etdiyimiz “ANA DİLİMİZ MÜQƏDDƏSDİR” kimi klişe fikirlər ilə doldurmaq istəmirəm. Çalışacağam daha çox praktiki olsun.


Belə bəzəyib-düzəməyi, prezidentimiz İlham Əliyevin Maliyyə nazirimiz Samir Şərifova olan iradına bənzədirəm. Söhbətin nədən getdiyini bilmək üçün videoya keçid edə bilərsiniz.



Sosial şəbəkələrdə yaxınlarımızla belə düzgün yazı üslubunda yazışaq


Öncədən deyim ki, mən dilçi deyiləm, amma azdan-çoxdan belə deyirlər, əsasən yazı-pozu işinin içində olduğumdan dilimizdən düzgün istifadə olunmamasına qarşı həssas yanaşıram.


Əsasən, deyirlər ki, ən yaxınlarınız ilə sosial şəbəkələrdə yazışan zaman çalışmaq lazımdır ki, klaviaturanın menyusunda Azərbaycan dilindən istifadə edəsən. Bütün yazışmaları da məhz, Azərbaycan əlifbası üzərindən aparasan. Çünki, belə olduqda rəsmi yazışmalarınızda edə biləcəyiniz xətalar minimuma enəcək. Yəni, günün 24-saatının tutalım, 10 saatını sevdikləriniz ilə sosial-şəbəkələrdə danışırsınızsa, dilin heç bir qayda və qanunlarına riayət etmirsinizdə, bu sonra sizdə alışqanlıq yaradacaq. Ona görə də səhv-i səf, vicdanı-vijdan, sonranı-sora deyə yazacaqsınız.



Bugün, yoxsa bu gün, kompaniya, yoxsa kampaniya, düzgün olan hansıdır?


İşim gərəyi marketoloqlar ilə ünsiyyətdə olduğumdan onların ən çox səhv etdiyi sözlər arasında Bu gün və kampaniya sözləri olur. Məsələn, bir çoxları birincini bugün, ikincini isə kompaniya deyə yazır. İşin ən pis tərəfi odur ki, onlar bunu doğru hesab edirlər, hətta özlərinin reklam kampaniyalarında belə istifadə edirlər. Məsələn, aşağıdakı fotoya diqqət edin. Bunu hər gün işə gəldiyim küçədə, şirkətlərin birinin önündən keçərkən görmüşəm.




Hətta bir dəfə xəbərin başlığında, filan kompaniya filan investisiyanı etdi (tam yadımda qalmadığına görə-red.) deyə, yazmışdıq. Amma səhifənin mesaj qutusuna gələn ismarıc isə çox maraq doğururdu. Yazırdı ki, düz yazın kompaniya yox, kampaniya. Özü də bunu ölkənin məşhur şirkətlərinin birində çalışan, marketinq camiası ilə azdan-çoxdan bağlı olan şəxslərdən biri deyirdi.


Kompaniya və kampaniya sözlərinin fərqini bilməyənlər üçün:




Yəni, qısası kompaniya şirkət, kampaniya isə hər hansı bir tədbiri həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlər deməkdir. Bu sözdən ən çox marketinq camiası istifadə edir.


Yeni gənc nəsilin dilimizdən istifadəsi


facemark.az-da tez-tez təcrübə proqramları elan edirik. Məni bu məsələdə, ən çox təəssüfləndirən isə, gənclərimizin hər-hansı mövzu üzərində fikirlərini ana dilimizin qayda-qanunlarına əməl etmədən yazması olur. Məsələn, onların tərcümələri daha çox mexanikidir, tərcüməni yerli bazara adaptasiya edə bilmirlər və cümləni oxuyanda heç nə başa düşmək olmur. Belə olanda onlara tövsiyəm o olur ki, nəsə bir cümlə yazanda onu kifayət qədər sadə və anlaşıqlı yazın. Sonra təkrar oxuyun, görün siz də yazdığınızı başa düşdünüzmü?


Məsələn, siz yazırsınız bu gün evə tez gedəcəyəm. Cümlə aydındır və fikir oxuyan ikinci bir tərəfə çatır. Amma gedəcəyəm bu gün evə tez, yazanda bu əminəm sizin özünüzə də xoş gəlmir.


Professor, Nəsir m. tez-tez istifadə edilən və yanlış yazılan sözlərin düzgün yazılışını özünün Facebook platforması üzərindən yazır. Səhifəsini izləməyinizi tövsiyə edirəm.




Ana dilimizdə çox söz bilməyin iş və eşq həyatımızdakı rolu


Bir insanı ayaqda tutan sözlərdir. Öz ana dilində nə qədər çox söz bilirsənsə, özünü ifadə etmə şansın da bir o qədər artır. Bütün həyatımız boyu bu sözlər bizə lazımdır. Biz, amma elə həyatımız boyu sözlərdən istifadə edən zaman xəta edirik. Sözlərə emosiyalarımızı da qatırıq. Halbuki istənilən situasiyada soyuqqanlı verilən cavab nə qədər yaddaqalandır. Bəlkə də, Sizin haqda uzun müddət, yaxşı mənada danışacaqlar. Sözlərdən eşq və iş həyatımızda doğru istifadə etdikdə nə qədər uğur əldə etdiyinizi xatırlayın. Çox söz öyrənin və onun gücünə inanın!


Hansı dilləri bilməliyik, ingilis, fransız, rus, bəs erməni?


Sosial şəbəkədə jurnalist xanımlardan biri erməni dilində “Qarabağ bizimdir, gec-tez ora türk bayrağını sancacağıq” deyə yazmışdı. Xanımlardan biri isə deyirdi ki, “sən axı vətənpərvər qızsan, niyə onların dilində yazmısan?”. Məncə, əksinə biz ingilis dilini də bilməyik, fransız, rusu da, amma birinci elə düşmənimizin dilini bilməliyik. Necə ki, onların təxribatçıları çox düzgün şəkildə bizim dilimizdən istifadə edə bilirlər.


Özünüzə yaxşı baxın, görüşənədək!


Ülviyyə Əlizadə, facemark.az, redaktor