çərşənbə, 2 dekabr 2020

Təqvimlər, saatlar və robotlar...


Fərrux Rəhimov


574

Robotların tarixi ilə bağlı əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, ilk robotlar bizim eradan 3000 il əvvəl Misir və Yunanıstanda hazırlanmış avtomatik su saatları hesab edilir. Bizə xidmət etmək məqsədi ilə icad etdiyimiz robotların ən qədim xidmətlərindən biri bizə saatı və dolayısı ilə təqvimi bildirmək olduğuna görə əvvəlcə təqvimin necə yarandığı haqqında məlumat vermək yerinə düşərdi. Bu gün bir çox təqvimdə istifadə edilən ilin 12 aya, gecə və gündüzün 24 saata bölünməsi Miladdan 3000 il öncə Şumerlər tərəfindən həyata keçirilir. Bundan sonra yaranan ilk təqvim “Ay təqvimi” olur. Bu təqvimə görə Ayın Yer ətrafında dövr etməsi vaxtı (yəni Ayın görünməsindən onun təkrar görünməsinə qədər)-29,5 gecə-gündüz əsas vaxt ölçüsü kimi qəbul edilir. Ay üç ongünlüyə, yaxud dörd həftəyə bölünür, il isə 12 aydan ibarət götürülür. Hesablamanın münasib olması üçün bir ay, adətən 30 gecə-gündüz kimi qəbul edilir(1). E.Ə. 45-ci ildə Yuli Sezarın göstərişi ilə ilin orta uzunluğu 365,25 gün, fevral ayı hər 4 ildə 3 dəfə 29, bir dəfə isə 30 gündən ibarət olduğu müasir təqvimə ən yaxın Yuli (Yulian) təqvimi hazırlanır(2). Yuli təqvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında - İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur olur və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Böyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi(Şəkil 1). Lakin, Pravoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçir. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edilir(3). Bu gün də bəzi ölkələrdə və bəzi bölgələrdə fərqli təqvimlər var. Misal üçün: Hazırda yaşadığımız və bizim evlərə həbs olunaraq bu cür yazılar yazmağa daha çox vaxtımızın olduğu 2020-ci il (Miladi təqvim ilə), Rumi təqvim ilə - 1436-cı; Hicri təqvimi ilə - 1441-ci; Çin təqvimi ilə - 4717-ci, İbrani təqvimi ilə 5780-ci ilə uyğun gəlir.

Şəkil 1. Yulian və Qriqori təqvimləri

Təqvimin başlanğıcını hansı hadisədən götürüldüyü, uzunluğunu müxtəlif təqvimlər meydana çıxartdığı kimi 1972-ci ildə “Beynəlxalq Atom saatı” qəbul edilənə qədər saat məsələsində də həmfikir deyildik. Hərçənd bu hesablama metodunun da alternativləri (Koordinasiya edilmiş ümumdünya vaxtı (Coordinated Universal Time))var. Göründüyü kimi həm ilin, həm ayın tarixinin, həm də saatın neçə olduğunun müxtəlif cavabları var. Bu sualları bəşəriyyəti ən azı 5000 ildir düşündürdüyü üçün olmalıdır ki, avtomatlaşdırmanın ilk nümunələri məhz saatlar (su saatı, qum saatı) ilə bağlı olmuşdur(4).

Əgər bir qədər də zamanda geriyə, ən geriyə, insanlar tərəfindən hazırlanmış bizə gəlib çatan ən qədim tikililərə nəzər salsaq yenə də bir şəkildə zamanla əlaqəli olduğunu görə bilərik. Ən qədim tikililərdən Misir ehramları (Eramızdan 2500 il əvvəl), Böyük Britaniya (eramızdan 3000 il əvvəl) ərazisində yerləşən Stounhenc və Türkiyə ərazisində yerləşən Göbəklitəpə (eramızdan 10000 il əvvəl) kimi tikililər digər funksiyaları ilə yanaşı ulduzların mövqeyini öyrənmək üçün istifadə edilən bir növ rəsədxana olduqları əsas nəzəriyyələr arasında yer alır. Bu deyilənlər XII əsrə aid möhtəşəm və sirli memarlıq abidələrindən biri olan Qız Qalasına da aiddir, ki onunla da bağlı güclü fərziyyələrdən digər funksiyalarla yanaşı rəsədxana rolunu da oynadığıdır.

Məşhur youtuber, Barış Özcanın təbiri ilə desək: “zamana müqavimət göstərən tikililərin hamısı zamanı göstərən tikililərdir”(6). Bu araşdırmada həmçinin 1386-cı ildə hazırlanan, hazırda işləyən dünyanın ən qədim mexaniki saatı haqqında da məlumat verilir(7).

Mexaniki saatlar haqqında danışanda 1136-1206-cı illərdə indiki Türkiyə ərazisi olan Cizrədə yaşamış əsl adı İsmail ibn Rəzzaz əl-Cəzəri olan Əl-Cəzəri haqqında məlumat verməmək qəbahət olar. Qərb ədəbiyyatında E.Ə. 300-cü illərdə yunan riyaziyyatçı Arxitas tərəfindən buxarla işləyən göyərçin düzəldildiyi qeyd olunsa da robotla əlaqəli ən qədim yazılı qeyd Əl-Cəzəriyə aiddir.

Dünya elm tarixi baxımından bugünkü kibernetika və robot sahəsində fəaliyyət göstərən ilk elm adamı olan Cəzərinin düzəltdiyi avtomatik maşınlar dövrümüzdə mexanika və kibernetika elmlərinin əsasını təşkil edir. "Mexanika hərəkətlərindən mühəndislikdə faydalanmaqdan bəhs edən kitab" adlı kitabın müəllifidir. Əl-Cəzəri bu kitabda 50-dən çox cihazdan istifadənin əsaslarını, faydalanma qaydalarını sxemlərlə göstərib. Kitabın 15 nüsxəsinin 10-u Avropanın müxtəlif muzeylərində 5-i isə Topqapı və Süleymaniyyə kitabxanalarında saxlanılır.

Səlcuqilər dövründə yaşayan Əl-Cəzəri saraya çağırılıb və 20 il boyunca burada çalışıb. Hökmdarın tapşırığı ilə kitab yazan alim ərəbcə yazdığı əsərdə icad elədiyi cihazların rəsmlərini də çəkib.

Əl-Cəzəri kitabında 50 cihazın sxemini verib. Bu cihazların altısı su saatı, dördü şamlı saat, yeddisi əyləncə məqsədi ilə istifadə olunan avtomatlar, üçü dəstəmaz almaq üçün istifadə olunan avtomat, dördü qan alma ləyəni, altısı fəvvarə, dördü müxtəlif səslər çıxaran cihaz, beşi suyu yuxarı qaldıran cihaz, ikisi kilid, biri transporter, biri qayıq, su saatı və şəhərin qapısıdır(8).

Əl-Cəzarinin düzəltdiyi məşhur konstruksiyalardan biri də "Fil saatı" adlanan saat konstruksiyasıdır. Bu saata da mütəxəssislər tərəfindən astronomiyada istifadə edilən qurğular kimi yüksək qiymət verilmişdir. Onun uzunluğunun 1,4 - 2 m arasında olduğu güman edilir. Şəkil 2-də saatın işləmə prinsipi və konstruksiyası təsvir olunub. Saatda tətbiq olunmuş müxtəlif hissələrə müasir avtomobillərdə istifadə olunan ayrı-ayrı idarə sistemlərinin işləmə prinsipində rast gəlmək olur. Hər 1 saatdan bir tamam olmuş vaxtı göstərmək üçün Əl-Cəzari quş səslərindən istifadə edən avtomatik qurğunu tətbiq etmişdir.

Saatın işləməsi Yerin cazibə qüvvəsinə əsaslanır. Saat əsasən iki mexanizmdən ibarətdir. Birinci mexanizm saatın alt hissəsində yerləşdirilib və içərisində su olan qabdan və süzgəcdən ibarətdir. Süzgəc alt hissəsində dəqiq kalibrlənmiş deşiyi olan içi boş qabdan ibarətdir. Qabın üst tərəfi açıq olur. Süzgəc suyun üzərində üzəndə, onun altındakı deşikdən qaba su daxil olur. Suyun daxil olma sürəti elə tənzimlənir ki, süzgəcin suda tam batması bir saatı çəkir. Qaba dolan su onu tədricən suda batmağa məcbur edir. Süzgəcə bir zəncir və bir ip bağlanır. İp qurğunun yuxarı hissəsində yerləşdirilmiş, içərisində kürələr qoyulmuş mexanizm ilə əlaqələndirilir. Bu, saatın ikinci əsas hissəsini təşkil edir. Üzgəc suyun dibinə endikdə bu iplə mexanizm aktivləşir. Bunun nəticəsində, mexanizm dönərək onun altında yerləşmiş ilanın ağzına bir kürə buraxır. Kürənin ağırlığından ilanın sərbəst bərkidilmiş başı aşağıya əyilir. İlanın başı aşağıya əyilərək, müəyyən bucaq dönəndən sonra kürəni sərbəst buraxır. Kürə aşağı hissədə yerləşdirilmiş vazaya düşür və əks əlaqə mexanizmini işə salır. İlanın başı əvvəlki vəziyyətə qayıtdıqda o, özü ilə süzgəclə əlaqədə olan zənciri dartır. Süzgəc yuxarı qaldırılır və eyni zamanda döndərilir və beləliklə onun içərisində olan su boşaldılır. Boş qab yenidən suyun üstündə sərbəst buraxılır və onun altındakı deşikdən daxilinə yenə də su dolmağa başlayır. Beləliklə tsikl kürələrin sayından asılı olaraq təkrar olunur. Əgər ilanın ağzından xaric olunan kürə vazaya düşməzsə, yəni proses qırılarsa, onda ilanın başı əvvəlki vəziyyətə qayıdaraq növbəti kürəni götürür(10).

Şəkil 2. Əl-Cəzəri tərəfindən hazırlanan filli su saatı (9)

XX əsrdə yaşamış alman professor Videman Əl-Cəzərinin ixtiraları ilə maraqlanmış, onun əsərini tərcümə etmiş üstəlik ixtiralarından bir neçəsini hazırlamışdır. 1976-cı ildə Londonda keçirilən İslam Festivalında Əl-Cəzərinin su saatlarından biri nümayiş olunmuşdur.

Beləliklə robotlarla, avtomatlaşdırma anlayışları daima bir şəkildə zaman ilə əlaqəli olmuşdur. Bu əlaqənin arxasında duran subyektiv səbəblərdən biri də insanların əbədi yaşamaq arzusudur. Heç zaman qocalmamaq və bir çox mükəmməl bacarıqlara sahib olmaqla insan kimi hisslərə və duyğulara malik olmaq arasında seçim etmək məcburiyyətində qalan kino tarixinin ən məşhur robot qəhrəmanı bəlkə də Bicentennial Man (İki yüz yaşlı adam) filminin qəhrəmanı Andrew (Endrü)-dür.

Məşhur üç robot qanunun da müəllifi Isaac Asimov tərəfindən 1992-ci ildə qələmə alınan "Positronic Man" adlı qısa hekayə əsasında 1999-cu ildə çəkilən elmi- fantastik film “Bicentennial Man” ev işlərində kömək etmək məqsədi ilə hazırlanmış NDR-113 model robotun hekayəsidir. “İki yüz yaşlı adam” adlı ilə Azərbaycan dilinə də dublyaj edilən Robin Uilyams baş rolda oynadığı filmdə müxtəlif əşyaları təmir etmək və onlara yeni forma vermək qabiliyyəti olan robot mərhələ-mərhələ əvvəlcə iqtisadi azadlıq (gördüyü işdən gəlir əldə etmək), sonra sosial azadlıq (ayrı ev tikib orada yaşamaq) əldə edir. Endrü yaşlı sahiblərindən birinin nəvəsi Portia xanıma (Embeth Davidtz) aşiq olduqdan sonra isə hüquqi azadlıq (insan kimi qəbul edilmək) qazanmaq üçün mübarizə aparmağa başlayır... Bu filmdə zamana meydan oxuyaraq 200 il yaşayan robot nəinki insani duyğular yaşayıb aşiq olur, hətta öz eşqi uğrunda bir neçə dəfə əməliyyat keçirərək “insan” olmağa yəni dolayısı ilə ölməyə razı olur... Əsərin yazılmasından 25, filmdən isə 18 il sonra 2017-ci il oktyabr ayında Sophia (Sofiya) dünyanın vətəndaşlıq alan ilk robotu oldu.

Özünəməxsusu kiçik konstitusiyaları (bu barədə növbəti yazılarda) da olan robotların bundan 25 il sonra hansı qabiliyyətlərə və haqlara sahib olacağını təxmin etmək isə çox çətindir...

İstifadə və tövsiyə olunan mənbələr:

1. http://tarix.info/ixtira/348-t601qvim.html

2. https://tr.wikipedia.org/wiki/J%C3%BClyen_takvimi

3. https://az.wikipedia.org/wiki/Qriqori_t%C9%99qvimi

4. https://en.wikipedia.org/wiki/Water_clock

5. https://az.wikipedia.org/wiki/Stounhenc

6. https://barisozcan.com/bu-saat-10000-yil-calisacak/

7. https://en.wikipedia.org/wiki/Salisbury_Cathedral_clock

8. https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2016/12/20/turk-ixtiraci-634116

8.1.https://www.yeniavaz.com/az/news/index/125491/leonardo-da-vinciye-ilham-veren-alim-el-cezeri-fotovideo

  1. https://www.fikriyat.com/galeri/tarih/9-asir-once-icat-edilen-filli-su-saati-nasil-calisiyordu/5

10. https://news.milli.az/interest/498975.html

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün